Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2105/2022 05.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X2, Cavabdeh2 Şamxəlil oğlunun nümayəndəsi və eyni zamanda vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şamxəlil oğluna, X1 və Cavabdeh4 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh2 Şamxəlil oğlu ilə 20 noyabr 2011-ci il tarixdə toy edərək ailə qurmuşdur. Həmin gündən etibarən cavabdehlərin yaşadığı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 saylı evin beş otaqdan ibarət 89-cu mənzilinə gəlin köçmüşdür. Cavabdeh2 Şamxəlil oğlu ilə aralarında rəsmi nikah 23 fevral 2012-ci il tarixdə rəsmiləşdirilmişlər. Cavabdeh2 Şamxəlil oğlu ilə birgə nikahlarından 29 avqust 2012-ci ildə anadan olmuş X7, 22 aprel 2014-cü ildə anadan olmuş X5 və X8 adlı üç uşaqları vardır. Mübahisəli mənzilə gəlin köçdükdən sonra həmin mənzilə 10 avqust 2012-ci il tarixdə qeydiyyata düşmüşdür. Cavabdehlərlə yaşadığı mübahisəli mənzilə gəlin köçdüyü gündən ailə üzvü kimi cehiz əşyalarını yerləşdirmişdir. Cavabdehlərlə birgə təsərrüfat aparmış və yaşayış sahəsindən istifadə hüququ əldə etmişdir. Cavabdehlərlə aralarında olan anlaşılmazlıqlarla əlaqədar olaraq 2021-ci ilin may ayının axırlarında yaşadığı mənzildən döyülərək uşaqları ilə birlikdə qovulmuş, dəfələrlə mənzilə getmək istəsə də, uşaqları ilə birlikdə mənzilə buraxılmamışdır. Mənzildən qovulan vaxtdan hal-hazırki vaxtadək kirələrdə qalmaq məcburiyyətindədir. Cavabdehlərin onu uşaqlarla birlikdə mənzilə buraxmadıqlarına görə ailə münasibətləri pozulduğundan Cavabdeh2 Şamxəlil oğlu ilə aralarında olan nikahın pozulmasından ötrü məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Cavabdehlərə dəfələrlə müraciət etsə də, onu üç azyaşlı uşaqları ilə birlikdə yaşadığı və qeydiyyatda olduğu mənzilə buraxmırlar. Mübahisəli mənzildə qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 Şamxəlil oğlundan başqa digər qeydiyyatda olan şəxslərin ayrı mənzilləri olduğundan orada yaşamırlar. Üç azyaşlı uşaqla birlikdə kirədə qalmaq və uşaqlar məktəbə getdiyindən həmin ərazidə olan məktəbə gətirmək onun üçün çox çətin olduğundan yaşadığı və qeydiyyatda olduğu cehiz əşyalarının yerləşdiyi mənzilə köçürülməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onun üç azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, N.Tusi küçəsi, 18 saylı evin 89 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X4 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Şamxəlil oğlunun nümayəndəsi və eyni zamanda vəkili X9 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə digər cavabdehlər müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin çıxışlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı, 343911 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, X5 xx.xx.2014cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh2 Şamxəlil oğlu, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 972746 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, X7 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh2 Şamxəlil oğlu, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İV seriyalı, 127841 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, X8 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh2 Şamxəlil oğlu, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5138/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 Şamxəlil oğlu arasında 23 fevral 2012-ci il tarixdə bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahlarından olan övladları İddiaçı himayəsində saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan ünvanlanmış 11 fevral 2022-ci il tarixli “Fiziki şəxsin adına daşınmaz əmlakın olub-olmaması” barədə məktubdan görünür ki, Cavabdeh1 adına Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 89 saylı mənzil 17 oktyabr 2010-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh1 adına Azərbaycan Respublikasının digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Mülki işdə olan sübutlarla təsdiq edilir ki, mübahisənin predmei olan mənzilin mülkiyyətçisi Cavabdeh1dır, İddiaçı Cavabdeh1 oğlu Cavabdeh2 Şamxəlil oğlu ilə 23 fevral 2012-ci il tarixdən nikahda olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5138/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh2 Şamxəlil oğlu arasında nikah pozulmuş və tərəflərin birgə nikahlarından olan övladları İddiaçı himayəsində saxlanılmışdır. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına, həmçinin işdə olan sübutlara əsaslanaraq, belə qənaətə gəlir ki, mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh1 ilə İddiaçı mənzildən istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş müqavilənin bağlanmaması, həmin mənzilə dair onun istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddiaçının mübahisəli mənzil üzərində istifadə hüququnun yaranmadığına dəlalət edir. Odur ki, iddia tələbi Cavabdeh1 qarşı əsassız olduğu üçün təmin edilməməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddia tələbi digər cavabdehlərə qarşı əsaslandırılmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şamxəlil oğluna, X1 və Cavabdeh4 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2105/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2105/2022
05.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver