Məhkəmə qərarları › İş №2(011)-2121/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2121/2022

16.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2121/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarma tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlərin xüsusi mülkiyyətində olan ünvan 1, 9 saylı mənzildən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, 198428 saylı 04 noyabr 1983-cü il tarixli orderə əsasən ünvan 1, 9 saylı mənzili (Bundan sonra - Mənzil) İddiaçı1 verilmişdir. Cavabdeh1 iddiaçının oğludur və orderdə iddiaçının ailə üzvü kimi onun da adı qeyd olunmuşdur. Mənzil sonradan iddiaçının adına özəlləşdirilmiş, Cavabdeh1 Mənzilin atasınan adına özəlləşməsinə razılıq vermiş və iddiaçının Mənzilə mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmış və bu barədə ona Dövlət reyestrindən Çıxarış verilmişdir. Digər İddiaçı2 iddiaçıların gəlinidir, Cavabdeh1la 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş və nikaha daxil olduqdan sonra iddiaçılara məxsus yaşayış evinə gəlin köçmüş və hazırda orada yaşayır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsində qeyd etmişdir ki, Mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh1 onların övladı, Cavabdeh2 isə gəlinləridir. Gəlinlərinin ona məxsus evdə heç bir cehiz əmlakı yoxdur. Cavabdehlərin münasibətləri əvvəllər normal olsa da, son iki ildə cavabdehlərin onlara qarşı münasibətləri tamamilə pisləşməyə başlamışdır. Oğlunun ailəsinin dağılmaması üçün cavabdehlərin onlara verdiyi bütün mənəvi və psixoloji təzyiqlərinə dözmüşlər. Artıq hər iki cavabdeh onları bir valideyiıı olaraq saymır, gəlinləri onlarla nalayiq və kobud rəftar edir, onları təhqir edir. Cavabdehlərin onlara qarşı olan bu qanunsuz, hərəkətlərinin səbəbi olaraq məcburiyyət qarşısında qalaraq onların mülkiyyətində olan mənzidən çaxırılınası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı1 məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Mənzili 1983-cü ildə order əsasında almışdır və orderdə oğlunun da adı qeyd olunmuşdur. Evdən çıxmağının qarşılığında ev satıldıqdan sonra Elnura 15 000 manat, uşaqlar üçün isə 15 000 manat, cəmi 30 000 manat ödənilıməsini təklif edib, lakin Elnur bununla razılaşmamışdır. Digər İddiaçı2 İddiaçı1la eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər əvvəlki məhkəmə iclasında verdikləri izahatlarında iddianı qəbul etmədiklərini bildirmişlər, sonuncu məhkəmə iclası barədə məlumatları olsa da, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən, Cavabdeh2 aid hissədə əsaslıdır. Cavabdeh2 iddiaçıların gəlini olması və iddiaçıların oğlu ilə 2010-cu il tarixdə nikaha daxil olduqdan sonra Mənzildə yaşaması işin mübahisəsiz hallarıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə göstərilən müddəanın tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh2 aid mübahisəyə Azərbaycan Respublikası 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1. və 30.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iddia ona görə təmin edilməlidir ki, Cavabdeh2 Mənzilə dair hər hansı hüququ yoxdur. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Cavabdeh2 iddiaçıların gəlinidir, ona görə də, Mənzil Məcəlləsinin adı çəkilən müddəalarında nəzərdə tutulan mənada mülkiyyətçinin (iddiaçının) ailə üzvləri tərkibinə daxil deyil, iddiaçıların oğlu ilə nikaha daxil olduqdan sonra ona məxsus Mənzildə yaşamışdır. Həmçinin, Cavabdeh2 iddiaçıların digər qohumu da hesab edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 15-ci Fəsli ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhədilikərinin əsaslarını müəyyən edir. Beləliklə, şərh edilənlərə və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıların nə ailə üzvü, nə də digər qohumu olmadığından onun Mənzildən istifadə hüququ yoxdur, odur ki, iddia onun Mənzildən çıxarılması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin digər Cavabdeh1 Mənzildən çıxarılması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, Mənzil İddiaçı1 xx.xx.1983-cü il tarixdə 198428 nömrəli orderlə verilmişdir və orderdə Cavabdeh1 da adı İddiaçı1 ailə üzvü kimi qeyd edilmişdir. Həmçinin o da işin mübahisəsiz halıdır ki, Cavabdeh1 hal-hazıradək həmin Mənzildə yaşayır. Ona görə də, Cavabdeh1 münasibətdə mübahisəyə, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra - Köhnə Mənzil Məcəlləsi) müddəaları tətbiq ediləcəkdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında da döstərilir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd edilən müddəalardan da göründüyü kimi, yaşayış sahəsi icarədarının ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüquqlarının yaranması üçün onların icarədarla birlikdə yaşamaları və yaşayış sahəsinə icarədar tərəfindən köçüçrülməsi mütləq şərtdir. İstifadə hüququ isə onların köçürüldüyü andan yaranmış olur. İşin yuxarıda göstərilən hallarından da bəlli olur ki, Elnur Rəhmov Mənzilin mülkiyyətçisi (əvvəlki order əsasında sahibi) İddiaçı1 ailə üzvü, yəni övladı olduğu üçün onunla birlikdə, Mənzil order əsasında verildiyi gündən, yaşamış və hal-hazırda da orada yaşayır. Göründüyü kimi, Elnur Rəhmovun Mənzilə dair istifadə hüququ yaranmışdır. Mülki Məcəllənin 158.1.2 və 158.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Qeyd edilən müddəalara əsasən məhkəmə hesab edir ki, Elnur Rəhmovun Mənzilə dair istifadə hüququ olduğundan pna dair hissədə iddia təmin edilə bilməz. Lakin məhkəmə qeyd edir ki, mülkiyyətçi qanunla müəyyən edilmiş əsaslarla kompensasiya ödənilməkə digər şəxslərin istifadə hüququna xitam verilməklə onların mənzildən çıxarılmalaları barədə iddia məhkəmədə iddia qaldırmaq hüququna malikdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarında qeyd edilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Lakin Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə, bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyil. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir. Azsərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilindən çıxarılsın. İddia tələbi qalan hissədə (Cavabdeh1 aid hissədə) təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar