Məhkəmə qərarları › İş №2(011)-2124/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2124/2021

12.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2124/2021 12.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək azyaşlı oğlu X1 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən 34/44 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 2006-cı ildə ailə həyatı qurmuş, sonuncu onu cehizləri ilə birlikdə Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, ev 32/34 saylı fərdi yaşayış evinə gətirmiş, hazırda aralarında olan nikah ləğv edilmişdir və cavabdehlər onu və azyaşlı övladını evə buraxmırlar. Cavabdeh1 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçının ərizəsində verdiyi həmin ifadələr həqiqəti qətiyyən əks etdirmir. İddiaçının öz ərizəsində qeyd etdiklərindən görünür ki, o, mübahisəli yaşayış sahəsinə yaşamaq üçün gəlmiş, lakin onu ora buraxan olmayıb. İddiaçı hansı vaxtdan evə buraxılmadığını və bunun həlli üçün məhkəməyə qədər hansı addımlar atdığı barədə bir kəlmə də olsun yazmayıb. Əvvəla, iddiaçının cehiz əşyaları ilə gəlin gəldiyi fərdi yaşayış evinin ünvanı onun iddia ərizəsində qeyd etdiyi kimi Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, ev 32/34 deyil. Əgər iddiaçı gəlin gəldiyi və cehiz əşyalarını gətirdiyi fərdi yaşayış evini mübahisələndirirsə, həmin ev Bakı şəhəri, Xətai rayonu, keçmiş Əhmədli şossesi, indiki Kazımağa Kərimov küçəsi, 34/44 saylıdır. İddiaçının tələbinin istifadə hüqununun tanınması hissəsi ilə əlaqədar xüsusi olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 34/44 saylı fərdi yaşayış evi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1999-ci il tarixdə verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Yəni iddiaçı 2006-cı ildə ora gəlin gələrkən ev artıq xüsusi mülkiyyətdə olub və onunla mülkiyyətçi arasında yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı haqqında mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənən hər hansı yazılı razılaşma olmayıb və indi də yoxdur. Tələbin mənzil sahəsinə köçürülmə hissəsinə aid onu qeyd edir ki, iddiaçını mübahisəli yaşayış sahəsindən nə qovan, nə də gəldikdə qarşısını alan olmayıb. O, ümumiyyətlə indiyədək bir dəfə olsun evə gəlib orada yaşamaq istəyini bildirməyib. Əgər o, bunu istəsəydi evin onda olan açarından istifadə edərək ora daxil ola bilərdi. Əksinə o, hələ digər Cavabdeh2 ilə aralarında bağlanmış nikah pozulmamışdan əvvəl, yəni 2019- cu ilin iyun ayının əvvəlindən mübahisəli evi tərk edib özünün və uşağın pal-paltarını aparmaqla yaşamaq üçün başqa yerdə köçmüşdür. Həmin ilin dekabr ayında nikahları pozulduqdan bir həftə sonra isə özü ilə gətirdiyi bütün cehiz əşyalarını yığışdırıb aparmışdır. Bundan sonra iddiaçı bir dəfə də olsun mübahisəli evə gəlməyib. Hamısını apardığı üçün hazırda orada ona məxsus bir dənə də olsun əşya yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarları və Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələri mülkiyyətçinin ailə üzvlərinin və digər şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu, həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə və belə hüququn əmələ gəlməsini, həyata keçirilməsi şərtlərini və xitamını mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə şərtləndirmişdir. Göründüyü kimi tərəflərin münasibətlərinin yarandığı 2006-cı ildə o, mübahisəli evin mülkiyyətçisi olmuşdur. Bu baxımdan, hesab edir ki, hələ 1999-cu ildən dövlət qeydiyyatından keçmiş mübahisəli evə iddiaçının istifadə hüququnun yaranması üçün mübahisə tərəfləri arasında notariat qaydasında təsdiqlənmiş razılaşmanın olması vacibdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbinin əsassız olduğunu göstərərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, onlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sübutlar əsasında məhkəmə tərəffindən müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı 2006-cı ildə nikah bağlayaraq ailə qurmuş və bu nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X1 anadan olmuşdur. Bakı şəhəri, Xətai rayonu, Əhmədli şossesi (indiki Kazımağa Kərimov) küçəsi, 34/44 saylı fərdi yaşayış evi Cavabdeh1 adına xx.xx.1999-cu il tarixdə qeydə alınmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında hüquq münasibətləri xx.xx.2009-cu il tarixədək yarandığı üçün hazırkı mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsində qeyd olunur ki, mülkiyyət hüququ qanunla qorunur və bu hüquq mülkiyyətçinin əmlaka sahib olmaq, ondan istifadə etmək və barəsində sərəncam vermək hüquqlarımdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh2 ilə 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan sonra digər cavabdehə – həyat yoldaşının anası Cavabdeh1 məxsus Xətai rayonu, Əhmədli şossesi (indiki Kazımağa Kərimov) küçəsi, 34/44 saylı fərdi yaşayış evinə köçərək, cavabdehlərlə birlikdə yaşamışdır. Birgə nikahdan bir övladları var. Sonradan cavabdehlərdən Cavabdeh2 ilə nikahları pozulmuşdur. Nəticədə, iddiaçı yaşadığı mənzildə yaşaya bilmir və oraya buraxılmır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzilə gəlin köçərək, bir müddət orada yaşaması təsdiqini tapır, lakin mübahisənin həllinə digər hüquqi əsasdan yanaşılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı iddianın predmeti mübahisəli mənzil üzərində əsərəncam vermək hüququna toxunmadığına, mənzildən istifadə hüququna aid olduğuna görə hazırkı mübahisə ilə bağlı mənzilin sahibi Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığına görə onun mülkiyyət hüquqları müdafiə olunmalıdır. Bu səbəbdən, mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Məhz bu baxımdan, iddiaçı ilə Cavabdeh1 arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanılmadığına görə İddiaçı Xətai rayonu, Əhmədli şossesi (indiki Kazımağa Kərimov) küçəsi, 34/44 saylı fərdi yaşayış evinə istifadə hüququ yaranmamışdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli şossesi (indiki Kazımağa Kərimov) küçəsi, 34/44 saylı fərdi yaşayış evinə köçürülməsi barədə iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı azyaşlı oğlu X1 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən 34/44 saylı fərdi yaşayış evinə köçürülməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar