Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-219/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 Gennadi oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Gennadi oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Gennadi oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Gennadi oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10.000 ABŞ dolları əsas borcun və gecikdirməyə görə həmin məbləğə hesablanan ildə 5 faiz miqdarında faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 2018-ci ilin əvvəllərində işlədiyi 278 saylı orta məktəbdə müəllimə yoldaşı Zenfira Rzayeva həftənin hər birinci günü 100 ABŞ dolları çıxararaq oğlu Cavabdeh1 Gennadi oğlunun tanışı Cavabdeh2 ilə birlikdə “xxxx” ASC-də hesab açdıqlarını, İsveçrə bankları ilə işlədiklərini və yüksək gəlir əldə etdiklərini iddiaçıya bildirmişdir. O, həmçinin iddiaçıya banka 4.000 ABŞ dolları pul yatırdığını və bu səbəbdən hər həftənin beşinci günü “xxxx” ASC-dən 100 ABŞ dolları götürdüyünü də bildirmişdir. X6 pulunu banka yatırıb gəlir əldə etmək istədiyini bildirmişdir. xx xxxxxx 2018-ci il tarixdə iddiaçı Cavabdeh1 Gennadi oğlu ilə Bakıxanov qəsəbəsində görüşüb 6.000 ABŞ dolları pulu ona vermişdir. Onlar birlikdə “xxxx” ASC-yə getmiş, iddiaçı plastik kart əldə etmişdir. Verdiyi pul isə Cavabdeh1 qalmışdır. Cavabdeh1 iddiaçıya 6.000 ABŞ dollarını dünya birjasında istifadə edib oradan gəlir əldə edəcəklərini və həmin gəlirdən həftədə 150 ABŞ dolları pulun “xxxx” ASC-nin vasitəsi ilə iddiaçının plastik kartına oturacağını bildirmişdir. İddiaçının plastik kartına hər həftə 150 ABŞ dolları yüklənmişdir. O, hər həftə 6.000 ABŞ dollarından əldə etdiyi gəliri kartdan çıxarmışdır. 2018-ci ilin may ayında Cavabdeh2 iddiaçıya mesaj göndərərək onun bank işlərinin Cavabdeh3 tərəfindən idarə olunacağını bildirmişdir. Cavabdeh3 iddiaçının iş yoldaşı Həcər Şükürovanın qızı olmuşdur. xx xxx 2018-ci il tarixdə Cavabdeh3 iddiaçı Cavabdeh2 qohumu olduğunu, bundan sonra iddiaçının bank işlərini özü həll edəcəyini bildirmişdir. İddiaçı xx xxx 2018-ci il tarixdə Cavabdeh3 ilə birlikdə “xxxx” ASC-nin Əhmədli filialına getmiş, 4.000 ABŞ dolları pul vəsaitini banka yatırmışdır. Onun “xxxx” ASC-də olan bank hesabına verdiyi 6.000 ABŞ dolları pulun gəliri olaraq karta qoyulmuş 1.590 ABŞ dolları pulun 1.500 ABŞ dollarını iddiaçı kartdan çıxarmışdır. Cavabdeh3 xx xxx 2018-ci il tarixdə iddiaçıya məxsus bank kartının şəklini çəkib özündə saxlamışdır. xx xxx 2018-ci il tarixdə Cavabdeh3 iddiaçının işlədiyi məktəbə gələrək idarəetmə müqaviləsini ona təqdim etmiş və 10.000 ABŞ dolları pulunu özü idarə edəcəyini iddiaçıya bildirmişdir. Həmin müqavilədə həftənin beş iş günü 54 ABŞ dolları, yəni həftəyə 270 ABŞ dolları pul vəsaitinin gəlir olaraq iddiaçının kartına oturacağı göstərilmişdir. İddiaçı “xxxx” ASC-yə getdiyi zaman xx xxx 2018-ci il tarixdə onun hesabından pul vəsaitinin Cavabdeh2 hesabına köçürüldüyü ona bildirilmişdir. O, Cavabdeh3 pulu tələb etmişdir. Göstərilən şəxslər xx xxxxxxx 2018-ci il tarixdən iddiaçının telefon zənglərinə cavab vermirlər və müxtəlif bəhanələr gətirərək verməli olduqları 10.000 ABŞ dolları pul vəsaitini iddiaçıya geri qaytarmırlar. Həmin tarixdən bu günə kimi 10.000 ABŞ dolları pul məbləğindən Cavabdeh3 anası Həcər Şükürova 1.200 ABŞ dolları pulu geri qaytarmışdır. Cavabdehlər iddiaçını aldadaraq verdiyi 10.000 ABŞ dolları pulu ələ keçirmişlər və geri qaytarmamışlar. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Gennadi oğlundan 6.000 ABŞ dolları borcun, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2.800 ABŞ dolları əsas borcun və gecikdirməyə görə həmin məbləğə hesablanan ildə 5 faiz miqdarında faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. İddiaçı öz izahatında bildirdi ki, o, 278 saylı orta məktəbdə idman müəllimi işləyir. Cavabdeh1 anası Zenfira xanım onun iş yoldaşı olmuşdur. O, iddiaçıya Rza və Raminin İsveç bankının filialını açıb gəlir əldə etdiklərini bildirmişdir. İddiaçı 6.000 ABŞ dolları məbləğində pul vəsaitini götürərək Cavabdeh1 ilə banka getmiş, adına plastik kart hesabı açdırmışdır. Bir neçə dəfə iddiaçının kart hesabına 150 ABŞ dolları pul vəsaiti otursa da, sonradan pul yüklənməmişdir. Digər müəllimənin qızı Cavabdeh3 ilə iddiaçı banka getmiş, 4.000 ABŞ dolları pul vəsaitini banka qoymuşdur, həmin pulun əsasında iddiaçının kartına bir neçə dəfə 150 ABŞ dolları pul vəsaiti yüklənmiş, daha sonra həmin pulun da arası kəsilmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Gəray Məmmədtağıyev İddiaçı oğludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Məhkəmə iclasında Cavabdeh1 Gennadi oğlu iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. İzahatında cavabdeh bildirdi ki, iddiaçının uşaqlıq illərindən tanıyır. Anasının yanına məktəbə getdiyi zaman sonuncu ona iddiaçının bank kartı açmaq istədiyini və oğlunun ona kömək etməsini xahiş etdiyini bildirdi. İddiaçının iddia etdiyi vəsait heç vaxt ona verilməyib və onun bu işlərin heç birindən xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində çıxış edən X2 izahatında bildirdi ki, İddiaçı onun atasıdır. Onun bu hadisə barədə məlumatı olmamışdır. Məsələni öyrəndiyi zaman Raminlə əlaqə saxlamış, Ramin ona İddiaçı ona 4.000 ABŞ dolları pulu verdiyini bildirmiş, qalan 6.000 ABŞ dollarını isə Rzadan almasını demişdir. O, Rza ilə də dəfələrlə danışmışdır. Rza pulu alıb Raminə verdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdehlər arasında şifahi razılaşma olmuş, hər bir tərəf üzərinə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, “xxxx” ASC-də xx xxxxxx 2018-ci il tarixdə bağlanmış ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə əsasında adsız kart iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin xx xxxxxx 2018-ci il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilənin bağlanması zamanı banka iddiaçı ilə birgə Cavabdeh1 getmişdir. Həmin bu dəlil bank tərəfindən məhkəməyə təqdim olunmuş videogörüntülərdə də öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı Cavabdeh1 iddiaçı ilə banka getməyinin kömək məqsədilə edildiyini, ona heç bir pul vəsaitinin verilmədiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, xx xxxxxx 2018-ci il tarixdən iddiaçının hesabına müxtəlif vaxtlarda müxtəlif vəsaitlər köçürülmüşdür. Belə ki, xx xxx 2018-ci ilə qədər iddiaçıya məxsus hesab kartına 1.590 ABŞ dolları məbləğində vəsait köçürülmüş, xx xxx 2018-ci ildə həmin hesaba 4.000 ABŞ dolları qoyulmuş, həmin gün də 4.000 ABŞ dolları pul vəsaiti hesabdan çıxarılmışdır. Daha sonra 04 maydan xx xxxx 2018-ci il tarixə qədər hesaba 600 ABŞ dolları, eyni ilin iyun ayından oktyabr ayına qədər isə hesaba 370 ABŞ dolları pul vəsaiti köçürülmüşdür. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara cəm halında qiymət verərək belə hesab edir ki, Cavabdeh1 iddiaçı ilə pulun verilməsinə istinad edilən gündə banka getməsi, onunla uzun müddət bankda vaxt keçirməsi və bu tarixdən sonra həmin açılmış hesaba müəyyən ödənişlərin gəlməsi cavabdehin istinad etdiyi (pulun ona verilməməsi) halı təkzib etmiş və məhkəmədə iddia tələbinin Cavabdeh1 münasibətdə əsaslı olması ilə bağlı daxili inam formalaşdırmışdır. Eyni zamanda məhkəmə iclasında təhlil edilmiş sübutlar arasında iddiaçının oğlu Qoşqar Məmmədtağıyev ilə digər cavabdehlərin anası arasında whatsapp sosial şəbəkəsində səsli mesaj vasitəsilə aparılan danışıqların mətnindən görünür ki, Cavabdeh3 anası Həcər Şükürova 6.000 ABŞ dolları pul vəsaitinin Cavabdeh1 tərəfindən, digər 4.000 ABŞ dollarının isə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən götürülməsinə istinad edilmişdir və həmin vəsaitin sığortalanmış vəsait olmasını, sığortanın bu vəsaiti cavabdehlərə qaytarması ilə onların iddiaçının pulunu qaytaracaqları barədə vədlər vermişdir. Məhkəmə prosesində iddiaçının nümayəndəsi Gəray Məmmədtağıyev 4.000 ABŞ dolları puldan 1.200 ABŞ dolları hissəsinin iddiaçıya verilməsini təsdiqləmiş və iddianın həmin hissədə həcmini azaltmışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş idarəetmə müqaviləsindən də görünür ki, iddiaçı ilə Cavabdeh3 arasında idarəetmə müqaviləsi bağlanmış, müqavilənin predmetini 10.000 ABŞ dollarının dünya bazarında idarə edilməsi təşkil etmişdir. Cavabdeh3 və Cavabdeh2 müqaviləyə əsasən 10.000 dolların idarə edilməsini üzərinə götürmüşlər. Belə ki, müqaviləni Cavabdeh3 özü imzalamış, lakin müqavilədə Cavabdeh2 məxsus olan firmanın möhürü və rekvizitəri istifadə olunmuşdur. Beləliklə məhkəmə tərəflər arasında müəyyən öhdəliklərin olması qənaətinə gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə istinad edərək, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olmasını, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olmasını, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu qeyd edir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göstərilən xüsusatlara və sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki iddiaçı cavabdehlərdən ödədiyi pulu geri tələb etməkdə haqlı olduğudundan, cavabdehlərin öhdəliklərini yerinə yetirməməsi, yəni iddiaçının pulunu geri qaytarmaması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır və ona görə də təmin edilməlidir. Daha sonra məhkəmə iddia tələbinin gecikdirməyə görə həmin məbləğə hesablanan ildə 5 faiz miqdarında faiz borcunun tutulması hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan pulun miqdarının hesablanması qaydasını araşdıraraq belə qənaətə gəlir ki, iddiaçının kart hesabına sonuncu ödəniş xx xxxxxxx 2018-ci il tarixdə edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə xx xxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda xx xxxxxxx 2018-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər (20 ay) illik beş faiz olmaqla cəmi 730 ABŞ dolları pul alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə belə hesab edir ki, cavabdehlərdən tutulmalı olan əsas borca münasibətdə 730 ABŞ dolları pul vəsaitinin 500 ABŞ dolları hissəsi Cavabdeh1 Gennadi oğlundan, qalan 230 ABŞ dolları hissəsi isə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 Gennadi oğlundan 6.000 (altı min) ABŞ dolları, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 2.800 (iki min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaiti, illik beş faiz olmaqla gecikdirilmiş vaxt üçün 730 ABŞ dolları pul vəsaitinin 500 ABŞ dolları Cavabdeh1 Gennadi oğlundan, qalan 230 ABŞ dolları isə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehlərdən 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 Gennadi oğlundan 6.000 (altı min) ABŞ dolları, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 2.800 (iki min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaiti, illik beş faiz olmaqla gecikdirilmiş vaxt üçün 730 (yeddi yüz otuz) ABŞ dolları pul vəsaitinin 500 (beş yüz) ABŞ dolları Cavabdeh1 Gennadi oğlundan, qalan 230 (iki yüz otuz) ABŞ dolları isə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-219/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-219/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver