Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2207/2022 19.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı cavabdehlərin ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilaməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında yerləşən mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində iddiaçının adına qeydiyyata alınmışdır və hal-hazırda iddiaçının mülkiyyətindədir. Cavabdehlərin ailə üzvü mənzili iddiaçıya satanda həmin mənzildə yaşamırlar. Alqı-satqı müqaviləsi bağlayarkən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüş və həmin mənzili iddiaçıya sataraq mənzildən çıxmışlar. Lakin bütün bunlara baxmayaraq cavabdehlər indiyə qədər mənzildə pasport qeydiyyatındadırlar. Mənzilin bütün kommunal xərclərini iddiaçı ödəyir. Cavabdehlərin qeydiyyatda olması ona maddi cəhətdən ziyan vurduğundan o əlavə kommunal xərcləri ödəmk məcburiyyətində qalır. Ona dörə də cavabdehlərin mənzildən istifadə hüququ itirilməlidir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə faktiki yaşayış yerləri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri - ünvan 1 ünvanından məhkəmə iclasına çağırılmış, lakin cavabdehlərin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehlərin ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, İddiaçı ilə X1 arasında xx.xx.2021ci il tarixdə AZ-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı Sadıxova Sevda ünvan 1 ünvanında yerləşən əmlakı alıcı İddiaçı satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı xx.xx.2021-ci il tarixədək qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsi bağlanıldığı vaxt ünvanda yaşayış yeri üzrə qeydiyyatda heç kim yox idi. ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh4, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh5 , xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh6 ünvan 1 ünvanında qeydiyyatdadırlar (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayış). İş materiallarında olan X1 ilə Cavabdeh6 arasında xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”-nin surətindən görünür ki, satıcı Sadıxova Sevda ünvan 1 ünvanında yerləşən əmlakı alıcı Cavabdeh6 satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən alqı-satqı müqaviləsinin bağlanması və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, habelə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq mənzilə dair mənzilin keçmiş mülkiyyətçisinin adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində mənzilin keçmiş mülkiyyətçisinin mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Odur ki, Cavabdeh6 mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. Beləliklə, iddia Cavabdeh6 münasibətdə təmin edilərək, onun mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 isə sözügedən mənzildə istifadə hüququnun yaranması məhkəmə tərəfindən müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddia sonunculara münasibətdə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən ilkin iddia üzrə cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iş üzrə tərəflərə və müvafiq dövlət orqanına izah edilməsidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh6 Bakı şəhəri, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsində yerləşən 4 saylı evin 76 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsində yerləşən 4 saylı evin 76 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2207/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2207/2022
19.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver