Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2218/2020 24.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilləri X2 və X3, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pulun ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə əsas borc olan 2.000.000 manat əsas borc, borcun gecikdirilməsinə görə illik 21 faizlə hesablanmış 1.092.000 manat olmaqla, cəmi 3.092.000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi 30 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2016-cı ildə iddiaçıya yaxınlaşaraq Azərbaycan Respublikasına və Qazaxıstana mərmər idxalı ilə məşğul olduqlarını və bu məqsədlə onlara borc pul lazım olduğunu bildirmişlər. İddiaçı onlara inanaraq 2016-cı ildən xx xxx 2017-ci il tarixinədək cavabdehlərə 2.000.000 manat borc pul vermişdir. Borc pulun verilməsi barədə iddiaçı ilə cavabdehlər arasında xx xxx 2017-ci il tarixdə borcun etirafı haqqında kredit müqaviləsi bağlanmışdır. Cavabdehlər həmin borcun yarısını xx xxxxxx 2017-ci il tarixdə, digər yarısını isə xx xxxxxx 2018-ci il tarixdə qaytarmalarını öhdələrinə götürmüşlər. Müqavilənin 2-ci bəndinə əsasən borcun illik 21% faiz dərəcəsi olmaqla qaytarılması şərtləndirilmişdir. Lakin borcun etirafı barədə müqavilədə pulun tam qaytarılması tarixi xx xxxxxx 2018-ci il göstərilsə də, həmin vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq cavabdehlər pulu qaytarmamışdır. Cavabdehlər iddiaçını aldadaraq ondan aldıqları pulu mərmər biznesinə deyil, ona qədər olan borclarını bağlamağa sərf etmişlər. İddiaçı bundan sonra dəfələrlə cavabdehlərə pulun qaytarılması barədə müraciətlər etsə də, cavabdehlər pulu qaytarmamışlar. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilləri X6 və X7 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək onun qismən təmin olunmasını xahiş etdi. Cavabdeh2 öz izahatında pulu iddiaçıdan götürdüklərini, lakin tələb olunan pulun artıq olduğunu, pulun mərmər qranit işinə sərmayə kimi verildiyini, pulu Cavabdeh1 aldığını, onun isə zamin olduğunu, pulu 2017-ci ildə götürdüklərini və müqavilə bağladıqlarını, müqaviləni imzaladıqlarını, lakin müqavilədə faiz ilə bağlı maddə olmadığını bildirdi. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iddia tələbini qismən qəbul edərək onun qismən təmin olunmasını xahiş etdi. O, izahatında borc müqaviləsini qismən qəbul etdiklərini, faiz hissəsini qəbul etmədiklərini, müqavilənin həmin hissədə qanunvericiliyə uyğun olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında xx xxx 2017-ci il tarixdə imzalanmış borcun etirafı müqaviləsinə əsasən iddiaçı cavabdehlərə 2.000.000 manat məbləğində pulu borc vermiş, cavabdehlər həmin pulun yarısını xx xxxxxx 2017-ci il, digər yarısını isə xx xxxxxx 2018-ci il tarixədək qaytarmaq barədə üzərlərinə öhdəlik götürmüşlər. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla X5 və X9 Soltan Əli oğlunun müraciəti əsasında araşdırma aprılmış, cavabdehlərdən izahat alınmışdır. Cavabdehlər öz izahatlarında iddiaçıdan 2.000.000 manat pul vəsaitini aldıqlarını etiraf etmişlər. Məhkəmə iddia tələbinin 2.000.000 manat əsas borcun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək, belə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Məhkəmə iddia tələbinin faiz borcu hissəsinə qiymət verərək qeyd edir ki, məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 verdiyi izahatlarda iddiaçıdan 2.000.000 manat məbləğində pul vəsaitini aldıqlarını etiraf etmişdir. Daha sonra məhkəmə proseslərində iştirak edən Cavabdeh1 ondan tələb olunan həm əsas, həm də faiz borcunun qaytarılmasına etiraz etmədiyini bildirmiş və müqavilənin onun özü tərəfindən tərtib edildiyini və ilkin olaraq bir necə variantda olduğunu qeyd etmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Elxan Xudaverdiyev isə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində və sonrakı məhkəmə iclaslarında etdiyi çıxışlarda əsas borcu qəbul etdiklərini, faiz borcuna isə etiraz etdiklərini, həmin müqavilə Cavabdeh1 tərəfindən imzalanarkən müqavilənin 2-ci bəndi barədə onun heç bir məlumatının olmadığını, müqavilə imzalayarkən faiz məsələsini şərt kimi razılaşdırmadıqlarını bildirmişdir. Məhkəmə cavabdehin borcun etirafı müqaviləsinin 2-ci bəndindən xəbərinin olmaması ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, məhkəmə iclaslarında iştirak etmiş hər iki cavabdeh müqavilədəki imzaların onlara məxsus olduğunu etiraf etmiş və imzaları hər hansı qaydada mübahisələndirməmişlər. Müqavilə bağlanan zaman tərəflər arasında yazılı şəkildə müqavilə tərtib olunmuş, tərəflər müqavilənin surəti ilə tanış olmuş, öz iradə ifadələri ilə sərbəst surətdə həmin müqaviləni imzalamışlar. Cavabdehlər borcun etirafı müqaviləsini bağlayarkən onlar borcun illik 21% dərəcəsi ilə ödənilməli olması barədə məlumatlı olmuşlar. Beləliklə məhkəmə tərəflər arasında müəyyən öhdəliklərin olması qənaətinə gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə istinad edərək, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olmasını, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olmasını, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu qeyd edir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə İddiaçı ilə cavabdehlər arasında xx xxx 2017-ci il tarixdə borcun etirafı müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehlərə 2.000.000 manat məbləğində borc pul vermişdir. Cavabdehlər borcu qaytarmağı öhdələrinə götürsə də, onlar öhdəliyini yerinə yetirməmişlər. Cavabdehlərborc məbləğini almaq hüququna malik olduğu kimi yaranmışborcu ödəməli olmalarına dair vəzifələrin daşıyıcısı olmuşlar.Belə olan halda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə belə hesab edir ki, cavabdehlər əsaslandığı dəlilləri məhkəmə iclasında sübuta yetirə bilməmişlər. Həmin halları sübuta yetirə biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən beləhesabedirki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2.000.000 manat əsas borc, borcun gecikdirilməsinə görə illik 21 faizlə hesablanmış 1.092.000 manat olmaqla, cəmi 3.092.000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçıtərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehlərdən 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki- Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2.000.000 (iki milyon) manat əsas borc, borcun gecikdirilməsinə görə 1.092.000 (bir milyon doxsan iki min) manat olmaqla, cəmi 3.092.000 (üç milyon doxsan iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2218/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2218/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver