Məhkəmə qərarları › İş №2(011)-2244/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2244/2022

05.04.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2244/2022 05.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30.10.2015-ci il tarixli VİP 16121 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1340 ABŞ dolları əsas borc, 201 ABŞ dolları cərimə olmaqla, cəmi 1541 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun kreditorun xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Borclu Cavabdeh1 ilə 30.10.2015-ci il tarixdə bağlanmış VİP 16121 saylı nisiyə alqı-satqı müqaviləsinə əsasən, kreditor borcluya satış qiyməti 1510 ABŞ dolları olan (ümumi məbləğ 1510 ABŞ dolları) “Apİle i phone 6 16GB Gray B” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisiyə satmışdır. Borclu ilkin olaraq 170 ABŞ dolları ödəmiş, lakin sonradan ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. X2 30.10.2015-ci il tarixli VİP 16121 saylı nisiyə alqı-satqı müqaviləsinə 30.10.2015 tarixində zamin durmuşdur. Kreditor tərəfindən borcluya alınmış əmlak təhvil verilmiş və borclu onunla bağlanmış alqı-satqı müqaviləsinə əsasən qalan 1340 ABŞ dolları məbləğində borcunu hissə-hissə 12 ay müddətində ödəməli idi. Lakin borclu üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və hazırki vaxta ödənilməmiş 1340 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.02.2018-ci il tarixli, 2(011)-2718/2019 saylı məhkəmə əmrinə əsasən ərizə təmin edilmişdir. Borclu Cavabdeh2 məhkəmə əmrinə etirazı əsasında Xətai Rayon Məhkəməsinin 23.02.2022-ci il tarixli qərardadı ilə məhkəmə əmrinin ləğv olunması və iddia icraatına keçilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, Cavabdeh1 tanımır. Dostunun yoldaşı olduğundan, onun xahişi ilə zamin durmuşdur. Dostu pulun özü tərəfindən vaxtlı-vaxtında ödənilməsinə söz vermişdir. Hazırda faktiki olaraq borcu ödəməyə imkanı yoxdur. Odur ki, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 30.10.2015-ci il tarixli VİP 16121 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı tərəfindən alıcıya satış qiyməti 1510 ABŞ dolları olan (ümumi məbləğ 1510 ABŞ dolları) “Apİle i phone 6 16GB Gray B” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmış, alıcı isə alınmış malların dəyərini 12 ay ərzində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödənişin gecikdirildiyi hər gün üçün satıcının xeyrinə məcmu borcun 1%-i həcmində cərimə ödəyir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 30.10.2015-ci il tarixli VİP 16121 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin borclunun alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. "xxxx" MMC-nin 24.01.2018-ci il tarixli maliyyə arayışından göründüyü kimi, Cavabdeh1 "xxxx" MMC-yə borcunun məbləği 1340 ABŞ dolları əsas borc, 201 ABŞ dolları cərimə olmaqla, cəmi 1541 ABŞ dolları təşkil edir. Məhkəmə belə hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri: satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilələrdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında araşdırılan sübutlarla "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 30.10.2015-ci il tarixli VİP 16121 saylı nisyə alqı-satqı müqaviləsinin bağlanması, cavabdehin 1340 ABŞ dolları əsas borcunun qalması, digər Cavabdeh2 zamin qismində kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə məsuliyyəti öz üzərinə götürməsi təsdiq edildiyindən həmin borc məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 201 ABŞ dolları məbləğində cərimənin tutulması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, 201 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 10 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 87 faiz həcmində təmin edildiyinə görə 20 manat dövlət rüsumunun 17,40 manat cavabdehlərə aid edilməklə onlardan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30.10.2015-ci il tarixli VİP 16121 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1340 ABŞ dolları əsas borc, 10 ABŞ dolları cərimə olmaqla, cəmi 1350 (bir min üç yüz əlli) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc və ödənilmiş dövlət rüsumunun 17,40 (on yeddi manat 40 qəpik) manat hissəsi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar