Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2247/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin və bununla bağlı mərkəzləşdirilmiş X1 daxil edilmiş bildirişin etibarsız hesab edilməsi, həmin əmək müqaviləsi əsasında elektron sistemə əlavə edilmiş bildirişin sistemdən silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə 01 may 2017-ci il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında 01 iyun 2016cı il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı əmək müqaviləsinə əsasən 11 may 2017ci il tarixədək mühafizəçi vəzifəsi üzrə çalışmağa başlamışdır. Daha sonra cavabdeh ilə iddiaçının arasında 01 may 2017-ci il tarixdə iddiaçının xəbəri olmadan yeni müqavilə bağlanmışdır. İlkin bağlanmış əmək müqaviləsinə 11 may 2017-ci il tarixdə xitam verilmiş, sonrakı müqavilə isə 01 may 2017-ci il tarixdə bağlanmış, bununla da cavabdeh tərəfindən qanunsuzluğa yol verilmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən, iddiaçı ilə Cavabdeh MMC arasında 01 may 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinin və bununla bağlı mərkəzləşdirilmiş X1 daxil edilmiş bildirişin etibarsız hesab edilməsi və həmin əmək müqaviləsi əsasında elektron sistemə əlavə edilmiş bildirişin sistemdən silinməsinin X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdarlıq göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 01 iyun 2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçının aylıq əmək haqqı 150 manat olmaqla mühafizəçi vəzifəsinə qəbul edilmişdir. 01 may 2017-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin d bəndinə əsasən (tərəflərin iradəsindən asılı olmayan hallar) xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi sistemə 11 may 2017-ci il tarixdə daxil edilmişdir. 01 may 2017-ci il tarixdə İddiaçı ilə yeni müqavilə bağlanmış, iddiaçının aylıq əmək haqqı 155 manat olmaqla mühafizəçi vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi sistemə 15 may 2017-ci il tarixdə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən İddiaçı verilmiş 22 dekabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçıya X3 Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 49-cu maddəsinin tələblərinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı X1 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 5-1-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin X1 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini X1 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun X1 daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumatın forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”: 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin X1 daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanun: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 01 iyun 2016-cı il tarixdə cavabdeh təşkilatda işə qəbul edilib onunla müddətsiz əmək müqaviləsi bağlanmış, o, 01 may 2017-ci il tarixinədək mühafizəçi vəzifəsi üzrə çalışmışdır. Daha sonra ona şirkət tərəfindən ixtisara düşməsi bildirilərək onunla müqaviləyə xitam verildiyi bildirilmişdir. İddiaçı işləmək üçün digər şirkətə müraciət etmişdir. İddiaçı işə qəbul olunmaq üçün digər işəgötürənə müraciət etdiyi zaman ona cavabdeh təşkilatda işləməsi barədə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, 01 may 2017-ci il tarixli müqavilə bağlanarkən iddiaçının faktiki olaraq razılığı alınmamış, onun həmin müqavilədən heç bir məlumatı olmamışdır. İstinad edilənlərə əsasən o bundan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçıya heç bir məlumat verilmədən cavabdeh cəmiyyət tərəfindən onun barəsində onunla müqavilə bağlanmasına dair X1 məlumatların yerləşdirilməsi onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, məhkəmə araşdırması zamanı 01 may 2017-ci il tarixli əmək müqaviləsinin qanuni əsaslarla bağlanması halı aşkar edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 01 may 2017-ci il tarixli əmək müqaviləsi və bununla bağlı mərkəzləşdirilmiş X1 daxil edilmiş bildirişi etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin əmək müqaviləsi əsasında elektron sistemə əlavə edilmiş bildirişin sistemdən silinməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsi ilə bağlı hissəsinə qiymət verərək hesab edir ki, hazırkı tələb qətnamənin icrasından irəli gələn məsələdir. Nə qədər ki, cavabdehin fəaliyyəti ilə bağlı hər hansı mötəbər dəlillər aşkar etmək mümkün olmamışdır qətnamənin icrası zamanı hər hansı çətinliklər yaranmaması üçün əmək müqaviləsi əsasında elektron sistemə əlavə edilmiş bildirişin sistemdən silinməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. Ona görə də cavabdehdən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 01 may 2017-ci il tarixli əmək müqaviləsi və bununla bağlı mərkəzləşdirilmiş X1 daxil edilmiş bildiriş etibarsız hesab edilsin, 01 may 2017-ci il tarixli əmək müqaviləsi əsasında elektron sistemə əlavə edilmiş bildirişin sistemdən silinməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. Cavabdeh MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2247/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2247/2023
11.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver