Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2271/2021 19.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 45000 manat pulun, evin təmir olunması üçün xərclədiyi 20000 manat pulun yarısı olan 10000 manat və kommunal xidmətlər üçün ödədiyi 105 manat pul məbləğində maddi zərərin və dövlət rüsumu üçün ödədiyi 30 manat pulun, cəmi 55135 manat pulun, həmçinin evin təmiri üçün xərclədiyi 20000 manat pulun digər yarısı olan 10000 manat pulun digər Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər - Cavabdeh1 45135 manat, Cavabdeh2 isə 20000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı 2016-cı ilin sonları və 2017-ci ilin əvəllərində əlində bir qədər nəğd pulun olması səbəbi ilə özünə Bakı şəhərində ev almaq qərarına gəlmişdir, bunun üçün isə Bakı şəhərində yerləşən müxtəlif yeni tikililərə müraciət etmişdir, bu zaman o, cavabdehlərdən biri olan Cavabdeh1lə tanış olmuş, o, iddiaçıya Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blok 1 A mərtəbəsində 2 otaqlı və ümumi sahəsi 60.4 kv/m mənzili olduğunu bildirmiş, onlar birlikdə həmin mənzilə baxmış və onun 45000 manata alınmasına razılaşmışlar, iddiaçı həmin məbləği nəğd şəkildə Abilə ödəməklə almışdır, bundan sonra Cavabdeh1 ilə sənədləşdirilmənin aparılması üçün 18 saylı notariat kontoruna getmişlər, həmin cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blok 1A mərtəbəsində 2 otaqlı və ümumi sahəsi 60.4 kv/m mənzilin İddiaçı 45 000 manata satdığını və həmin məbləği tam şəkildə əldə etdiyi, bundan başqa gələcəkdə həmin əmlaka dair heç bir tələbi olmayacağı barədə ərizə yazmışdır, bundan sonra iddiaçı həmin mənzil yaşayış üçün təmirsiz vəziyyətdə olduğundan onu təmir etdirmək qərarına gəlmiş, bu məqsədlə 20000 manat xərclənmişdir, həmin ev üçün kommunal ödənişlər, məsələn 7 ay üçün 105 manat iddiaçı tərəfindən bina rəhbərliyinə ödənilmişdir. Vəkil2 izahatında həmçinin bildirdi ki, iddiaçı həmin evdə bir müddət yaşadıqdan sonra iddia tələbi üzrə digər cavabdeh - Cavabdeh2 ona müraciət edərək qeyd edilən mənzilin ona məxsus olduğunu bildirmişdir, bunu isə 30.08.2006-ci ildə "xxxx" MMC ilə bağladığı 158 saylı müqavilə ilə əsaslandırdı, bundan sonra Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22.02.2019-cu il tarixli qətnaməsi ilə həmin ev iddiaçıdan alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir, həmin qətnamə Apelyasiya Məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır, bundan sonra iddiaçı aldadıldığını anlamış və mənzilin alınması üçün verdiyi 45000 manat pulu Cavabdeh1 geri tələb etmiş, sonuncu isə müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamışdır, iddiaçı mənzili alanda demək olar ki, ev təmirsiz olmuşdur, düzdür, hamam-tualetdə təmir işləri görülməsə də, həmçinin elektrik xətləri, qapı və pəncərə də normal qaydasında olduğu üçün digər təmir işləri (oboyun dəyişilməsi, pola dikt vurulması və s.) görülmüşdür ki, bunun da məbləği 20000 manat olmuşdur, həmin məbləği də tələb edir, ilkin iddia tələbində həmin xərcə görə çəkdiyi məbləği hər iki cavabdehlərə aid etsə də, sonradan tələbi dəqiqləşdirərək bu məbləği ancaq mənzilin sahibi olan Cavabdeh2 tələb edir, beləliklə hesab edir ki, 20000 manat Cavabdeh2, 45135 manat məbləğ isə Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Sonda Vəkil2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini ona münasibətdə qəbul etməyərək izahatında bildirdi ki, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda 2-ci blok, 1-ci mərtəbəsində 1 otaqlı 60.52 kv.m sahəsi olan mənzili 30.08.2006-cı il tarixdə "Ələsgəroğlu-K” MMC-dən 158 saylı müqavilə əsasında 9680 manat ilkin ödəniş, hər ay 325,60 manat ödəməklə, 2009-cu ilin mart ayında isə mənzilin qiyməti olan 19705 rnanatı tam ödəməklə almışdır, həmin vaxt binada tikinti işləri başa çatmamışdır, sonradan "xxxx" MMC-nin rəhbərliyinin cinayət işi ilə əlaqədar sözügedən binanın tikintisi "xxxx" MMC tərəfindən davam etdirilmişdir, "xxxx" MMC-nin direktoru Əkbər Cəfərov 2011-ci ildən onun razılığı ilə bina təhvil verilənə kimi onun mənzilindən ofis kimi istifadə etmişdir, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi zamanı X3 Cəfərov onun mənzilinin tezliklə boşaldılıb ona təhvil verəcəyini bildirmiş, 2017-ci ildə hökm çıxdıqdan sonra o, mənzilinə daxil olmaq istəmiş, lakin qapı bağlı olduğuna görə dəfələrlə R.Cəfərova zəng etmiş, sonuncu onun telefonlarına cavab verməmişdir, bir il aparılan araşdırmadan sonra 2019cu ildə Xətai rayon Məhkəməsinin qətnaməsi ilə mənzilin ona məxsus olması və İddiaçı həmin mənzildən çıxarılması qət edilmişdir, iddiaçının təmir xərcinə görə tələb etdiyi məbləğ əsassızdır, o həmin mənzili əldə edərkən mənzil qismən təmirli idi, lakin həmin təmir vəziyyəti də onun yaşayışı üçün yararlı deyildir, o, mənzilinə köçdükdən sonra onu özü təmir etdirəcəkdir, həmçinin 2019-cu ildə həmin mənzilə baxış keçirilərkən İddiaçı özü də etiraf etmişdir ki, tavan, hamam-tualet, qapılar, otaqlar arası ara kəsməni tikdirməmiş və o təmir etməmişdir, yalnız “Areston” və paltaryuyan maşın qoyub kranları dəyişmişdir, İddiaçı 2017-ci ilin yanvar ayından bəri ona məxsus mənzildən qanunsuz olaraq istifadə etmişdir. Sonda Cavabdeh2 iddia tələbini ona dair hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 cavabdehin izahatına uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçı 2017-ci ilin yanvarın 17-də Cavabdeh1 nümayəndəsi Esmira Babayevadan etibarnamə ilə həmin mənzili 45000 manata almışdır, halbuki həmin mənzilə onların heç bir aidiyyəti yoxdur və ona dair mülkiyyət hüquqları olmamışdır, notariat qaydada təsdiq edilmiş ərizə isə alqı-satqı müqaviləsi deyildir, həmin mənzilə çəkilmiş xərclərə gəldikdə isə, əvvəla bu sahə əvvəllər "xxxx" MMC-nin ofisi olmuşdur və ofis məqsədilə 2011-ci ilin axırları təmir olunmuşdur, təmiri isə Əkbər Cəfərov etmişdir, ofis kimi istifadə etməsi məhkəmə qətnaməsində öz əksini tapmışdır, həmçinin iddiaçı mənzildə əsaslı təmir etməsinə dair sübutlar təqdim etməmişdir, yəni onun etmədiyi təmirə görə Cavabdeh2 20000 manat tələb etməsi əsassızdır, digər tərəfdən belə təmir mənzil sahibinin maraqlarına uyğun deyildir, əgər iddiaçı müəyyən hissədə təmirə görə xərc çəkmişdirsə, bu onun özü üçündür və uzun müddət orada yaşamışdır, mənzilin hazırkı təmir vəziyyəti cavabdehin və onun ailəsinin mənafeyinə və ehtimal olunan istəyinə uyğun deyil, cavabdeh mənzili özünün və ailəsinin zövqünə uyğun olaraq təmir etdirməyi düşünmüşdür, iddiaçı isə belə təmirin cavabdehin mənafeyinə uyğun və bundan varlanması hallarına dair sübutları məhkəməyə təqdim etməmişdir. Sonda Vəkil1 iddia tələbinin Cavabdeh2 münasibətdə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh1 28.10.2014-cü ildə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 "A" ünvanda tikilmiş yaşayış binasının 2-ci blokunun 3-cü mərtəbəsində (yaşayış kompleksi başlanan 1-ci mərtəbədə) 40.000 manat ödəyərək "xxxx" MMC-dən müqavilə və tam ödəniş qəbzi ilə almış, 15000 manat xərc çəkərək mənzili təmir etmişdir, 28.12.2014-cü il tarixdə Məlikova Ziba adlı şəxs həmin mənzilin əvvəllər ona satıldığını bildirərək şikayət etmiş, məlum olmuşdur ki, "xxxx" MMC-nin direktoru Əkbər Cəfərov digər vətəndaşları da aldadaraq eyni mənzili iki müxtəlif şəxslərə satmış, vətəndaşların şikayətləri ilə bağlı həmin faktlar üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlamış, Cavabdeh1 "xxxx" MMC-nin direktoru Əkbər Cəfərovun barəsində istintaq edilən cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdır, təqsirləndirilən şəxs Əkbər Cəfərov zərərçəkmiş Cavabdeh1 vurduğu zərərin ödənilməsi üçün həmin binadan ona 60 kv. metr sahəsi olan digər mənzil verməyi öhdəsinə götürmüş, bundan sonra Əkbər Cəfərovun oğlu, binada atasının əvəzinə işləyən və mənzillərin satışı ilə faktiki məşğul olan Rüstəm Cəfərov Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 A ünvanda 12 mərtəbəli evin 2-ci blok, 1A mərtəbəsində 2 otaqlı , ümumi sahəsi 60,4 kv.m. sahəsi olan mənzili yerində göstərməklə ona məxsus olmasını bildirib onu inandıraraq mənzili notariusda rəsmiləşdirilmiş etibarnamə ilə Cavabdeh1 vermiş, Cavabdeh1 də təqsirləndirilən şəxs Əkbər Cəfərov tərəfindən ona vurulmuş zərərin ödənildiyi, ondan daha şikayətçi olmadığı barədə məhkəməyə ərizə yazıb vermiş, bir müddət sonra həmin mənzili etibarnamə ilə hazırkı iş üzrə İddiaçı satmışdır, lakin bir müddət keçdikdən sonra Cavabdeh1 Bakı şəhəri, Xətai rayon məhkəməsinə dəvət edilmiş və orada məlum olmuşdur ki, ona təqsirləndirilən şəxs Əkbər Cəfərov və onun oğlu Rüstəm Cəfərov tərəfindən vurulmuş zərərin ödənilməsi əvəzinə verilmiş 60 kv.metrlik mənzil əslində sonunculara məxsus olmamışdır, həmin mənzil qanuni sənədlər əsasında faktiki olaraq digər şəxsə - Cavabdeh2 məxsusdur, bununla əlaqədar olaraq Xətai rayon Məhkəməsinin 22.02.2019-cu il tarixli qətnaməsi ilə qeyd olunan həmin mənzil alınıb iddiaçı Cavabdeh2 verilmiş, Bakı Apellyasiya məhkəməsinin 08.07.2019-cu il tarixli qətnaməsi ilə Xətai rayon məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, mülki işə apelyasiya məhkəməsində baxılarkən həmin faktlar tam sübuta yetirilmiş, müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Əkbər Cəfərov dələduzluğunu davam etdirərək oğlu Rüstəm Əkbərovla cinayət əlaqəsinə girib Cavabdeh1 2-ci dəfə aldadaraq bu dəfə də ona başqasına, yəni Cavabdeh2 məxsus mənzili vermiş və ondan zərərin ödənildiyi barədə ərizə alaraq məhkəməyə təqdim etmişdir, təqsirləndirilən şəxs Əkbər Cəfərov tərəfindən aldatma yolu ilə həm birinci, həm də ikinci dəfə verilən mənzil Cavabdeh1 alınaraq həqiqi sahiblərinə qaytarılmış, son nəticədə isə dələduzluq hərəkətləri nəticəsində aldadılmış Cavabdeh1 60.000 manat zərər vurulmuşdur, ona görə də həmin dələduzluq faktı üzrə Əkbər və Rüstəm Cəfərovların barələrində AR MPM-nin 265-ci maddəsinə müvafiq olaraq Bakı Apelyasiya məhkəməsi tərəfindən 08.07.2019-cu il tarixli Xüsusi qərardad çıxarılmış, baxılması üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərmişdir, lakin Apelyasiya məhkəməsinin Xüsusi qərardadı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin icraatına verilməsinə baxmayaraq zərərçəkmiş Cavabdeh1 dəvət olunmadan, dindirilmədən, ona vurulmuş zərər ödətdirilmədən, ona qarşı törədildiyi Xüsusi qərardadda qeyd edilmiş təkrar dələduzluq cinayəti faktına hüquqi qiymət verilmədən Xüsusi qərardad hərəkətsiz saxlanılmışdır. Vəkil3 həmçinin izahatında bildirdi ki, xüsusi qərardadla bağlı cinayət təqibinin rədd edilməsinə dair qərar onlara göndərilməmiş, nəticədə həmin qərardan şikayət verilməsi mümkün olmamışdır, qeyd olunanlardan görünür ki, İddiaçı iddiası əslində Cavabdeh1 deyil, kooperativin sahibləri Əkbər və Rüstəm Cəfərovlara qarşı qaldırılmalıdır, çünki onlar həm cavabdehi, həm də iddiaçını aldatmışlar, mənzil İddiaçı satılmaq adı ilə verilərkən mənzilin əvvəllər başqasına satılmış olmasını nə iddiaçı, nə də Cavabdeh1 bilmişdir. Sonda Vəkil3 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 19.09.2019-cu il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ustadır, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda yerləşən 2-ci blok, 1-ci mərtəbəsində 1 otaqlı mənzildə təmir işləri görmüşdür, belə ki, əvvəl yerdə dikt olmuş, onlar əyri və çürümüş olduğu üçün onu sökərək yeni pol vurmuş, bu məqsədlə 12 diktdən istifadə olunmuşdur, daha sonra laminat vurulmuşdur, materialı ev sahibi almışdır, İddiaçı 1500 manat pul almışdır. 19.09.2019-cu il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ustadır, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda yerləşən 2-ci blok, 1-ci mərtəbəsində 1 otaqlı mənzildə təmir işləri görmüşdür, belə ki, həmin mənzildə 2017-ci ilin yaz ayından işə başlamış, təmir işləri 1 ay yarım çəkmişdir, bu müddət ərzində şkafı söküb yenidən təmir etmiş, divarı, tavanı təmir etmişlər, ev ofis kimi olmuşdur, yüngül təmirli idi, işıq sisteminə müdaxilə etməmişlər, tavana alçipan artıq vurulmuşdur, o ev sahibindən 2400 manat xidmət haqqı almışdır. 01.10.2019-cu il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda yerləşən binanın komendantıdır, girişdə taxta qapı olub, sonra seyf qapı qoyulub, girişdə qəbul otağı, ofis otağı, mətbəx var idi, balkon qıraqdan tikilib, içəri hissə təmirli idi, 4-5 dəfə otağa girmişdir, tavan alçipan, yer laminat idi, ofisin işıq sayğacını öz pulu ilə almışdır, işıq və su borcu var idi, onu da o ödəmişdir. 01.10.2019-cu il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, həmin binada ikinci mərtəbədə yaşayır, 1-ci mərtəbədə ofis var idi, yeri laminat olub, divanı, qapıları var idi, ödəniş etmək üçün dəfələrlə orda olmuşdur. İş materiallarında olan 21.01.2017-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blok, 1A mərtəbəsində 2 otaqlı 60.4 kv.m sahəsi olan mənzili İddiaçı 45000 manata satmışdır, həmin məbləği tam olaraq almışdır, gələcəkdə həmin əmlaka dair heç bir iddiası və tələbi olmayacaqdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-160/2019 saylı 22.02.2019-cu il tarixli və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9330/2019 saylı 08.07.2019-cu il tarixli qətnamələrindən görünür ki, cavabdeh İddiaçı 30.08.2006-cı il tarixli, 158 saylı müqaviləyə əsasən dəyəri iddiaçı Cavabdeh2 tərəfindən 2009-cu ildə tam ödənilmiş Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda hündürmərtəbəli binanın 2-ci blok, yaşayış sahəsi başlanan 1-ci mərtəbəsində 1 otaqlı, sahəsi 60,52 kv.m olan mənzildən çıxarılması və iddiaçı Cavabdeh2 həmin mənzilə köçürülməsi qət edilmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan mənzil-kommunal xidmət haqqının ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı 89A saylı mənzilə dair 06/2017-12/2017-ci il üçün 105 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.04.2021-ci il tarixli 10/674 saylı rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A küçəsində yerləşən yeni tikili hündürmərtəbəli binanın 2-ci bloku 1-ci mərtəbəsində yerləşən mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 13388,0 manat məbləğində müəyyən edilmişdir, təmir-tikinti işlərinin aparılma müddətinin müəyyən edilməsi üçün metodika olmadığından, tədqiq olunan mənzildə yerinə yetirilmiş təmir işlərinin hansı dövrü əhatə etməsi ilə əlaqədar tədqiqat aparılmamışdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mübahisəli mənzil 2006-cı il tarixdən Cavabdeh2 məxsusdur, Cavabdeh1 İddiaçı 45000 manat pul almışdır, həmin məbləğin Cavabdeh1 verilməsində məqsəd İddiaçı tərəfindən mübahisəli mənzilin alınması ilə ona dair hüquqmüəyyənedici sənədlərin sonuncunun adına rəsmiləşdirilməsi olmuşdur, həmin mənzil 2011-ci ildən ofis məqsədilə "xxxx" MMC tərəfindən təmir edilməklə istifadə olunmuşdur, 21.01.2017-ci ildən isə hal-hazıra qədər İddiaçı ixtiyarındadır və o, orada yaşamışdır, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli mənzilin İddiaçı alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir, Bununla belə Cavabdeh1 tərəfindən mənzilə görə İddiaçı 45000 manat pul məbləğinin alınmasına haqq qazandıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, “Cavabdeh1 ödənilmiş pul məbləğinin geri alınması” barədə iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh1 subyektiv hüququ olmadan, həmçinin qanuni və ya müqavilə əsası olmadan satmaq adı ilə mübahisəli mənzilə dair sərəncam verməsi, onun əsassız varlanması ilə iddiaçının da öz əmlakından məhrum olmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhrum olunduğunu cavabdehdən geri tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin məbləğinə münasibətdə qeyd edir ki, bu məbləğ 45000 manat həddə nəzərdə tutulduğundan və bu, mübahisəli mənzilə dair edilmiş ödəniş məbləğinə uyğun olduğundan, qeyd edilənlər isə işin mübahisəsiz halları kimi müəyyən edildiyindən, həmçinin qanunvericiliyin tələblərinə görə qətnamə verilmiş tələblər üzrə çıxarılmalı olduğundan, iddia tələbi həmin məbləğ həddində təmin olunmalıdır. Məhkəmə, Cavabdeh2 qarşı “təmir xərclərinə görə 20000 manat pul məbləğinin alınması” barədə iddia tələbinə münasibətdə qeyd edir ki, əvvəla, iddiaçının təmirə çəkdiyi xərclər həddində zərər çəkməsində cavabdehin təqsirli, hüquqa zidd əməlinə dair, həmçinin mövcud təmir vəziyyətinin hazırkı cavabdeh olan əmlak sahibinin varlanmasına səbəb olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə ki, cavabdeh mənzilin hazırkı təmiri vəziyyətinin onun mənafeyinə və ehtimal olunan istəyinə uyğun olmadığını, mənzili özünün və ailəsinin zövqünə uyğun olaraq təmir etdirəcəyini bildirmiş, iddiaçı isə belə təmirin cavabdehin mənafeyinə uyğun və bundan varlanması hallarına dair sübutları məhkəməyə təqdim etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Bununla belə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı mənzili heç bir qanuni və müqavilə əsası olmadan əldə etdiyi 2017-ci il tarixdən etibarən həmin mənzildə yaşamış və ondan öz məqsədləri üçün istifadə etmişdir və hazırda da həmin mənzil onun ixtiyarındadır. İkincisi, qanunvericiliyə əsasən, məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, belə əmlak üzərində sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəldiyi halda, belə əsaslar olmadan mənzilin əldə edilməsi və ondan istifadə edilməsi, xüsusən də hüquqi cəhətdən təminat olmadan faktiki sahibliklə ona əsaslı maliyyə vəsaitinin xərclənməsi, əmlak riskini istisna etmir. Digər tərəfdən, təmir işlərinin aparılması və buna xərc çəkilməsi iddiaçının həmin mənzildə yaşamaqla ondan istifadə etməsi məqsədi daşıması və 2017-ci ildən etibarən onun həmin mənzildə yaşaması və hazırda da mənzilin onun ixtiyarında olması işin mübahisəsiz halları kimi müəyyən olunmuşdur ki, bu da təmir xərclərinə görə Cavabdeh2 cavabdehliyini istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi əsaslı deyildir və ona görə də təmin edilə bilməz. Məhkəmə, iddiaçının “kommunal xərclərə görə ödənilmiş 105 manat pul vəsaitinin Cavabdeh1 alınaraq ona verilməsi” tələbinə münasibətdə qeyd edir ki, işin mübahisəsiz halları kimi iddiaçının mübahisəli mənzildə uzun müddət (2017-ci ildən) yaşaması ilə kommunal xidmətlərdən istifadə etməsi və hazırda da mənzilin onun ixtiyarında olması, həmçinin mənzildə cavabdehlərin yaşamamaqla kommunal xidmətlərdən istifadə etməmələri iddia tələbinin həmin hissədə əsassız olması barədə nəticəyə gəlmək üçün kifayət edir. Məhkəmə, ekspert rəyini sübut kimi qəbul edərək, mənzilin təmiri üçün çəkilmiş xərcin məbləğinin, ekspertin gəldiyi nəticəyə uyğun olaraq 13388,0 manat məbləğində olması ilə razılaşır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdim notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 1090.2-ci maddəsinə əsasən, işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir. Həmin Məcəllənin 1092.1.2-ci maddəyə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 45000 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərcləri kimi ekspertizanın tədqiqatının dəyərinin tərəflərdən kimə aid edilməsinə münasibətdə qeyd edir ki, ilkin iddia tələbində mübahisəli mənzilə çəkilmiş təmir xərclərinin hər iki cavabdehdən tələb edilməsinin nəzərdə tutulması, sonradan isə onların birinə münasibətdə müdafiə olunmaması, digərinin isə buna aidiyyətinin müəyyən olunmaması, belə xərclərin iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq mübahisə tərəflərinə aid edilməsini şərtləndirir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən Cavabdeh1 münasibətdə qismən təmin olunduğundan ekspertiza dəyəri də bu tərəflər kimi ondan və iddiaçıdan müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 45000 (qırx beş min) manat pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul İddiaçı və Cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2271/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2271/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver