Məhkəmə qərarları › İş №2(011)-228/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-228/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-228/2022 22.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən müqavilə üzrə 120,8 kv.m olmalı olan evin 107.9 kv.m olmasını nəzərə alaraq müqavilə üzrə artıq verilmiş 9655 AZN pulun Cavabdeh MMC-dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh MMC və X1 ilə imzalanmış xx.xx.2015-ci il tarixli 152 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən mənzilə dair alqı-satqı imzalanmışdır, həmin müqaviləyə əsasən, mənzilin ümumi sahəsi 120.8 kv.m olmuşdur, daha sonra xx.xx.2021-ci il tarixli 152B nömrəli müqavilə ilə mənzil İddiaçı adına rəsmiləşdirilmişdir, hal-hazırda İddiaçı mülkiyyətində olmaqda davam edir, bundan əlavə sözügedən mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyster Xidməti tərəfindən verilmiş çıxarışda müəyyən edilmişdir ki, mənzil 120.8 kv.m yox 107,9 kv.m-dir, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışında müəyyən olunur ki, İddiaçı ilə imzalanmış müqavilələrdə mənzilin ümumi sahəsi 120.8 kv.m olması qeyd edilmişdir, X2 ilk olaraq həmin mənzili alarkən hər bir kv.m-nə 748,45 manat olmaqla, ümumilikdə 90413 manat məbləğində pul '"AQP İnşaat” MMC-nə pul ödəmişdir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru X3 və İddiaçı arasında bağlanmış 03 fevral 2021-ci il tarixli 152b №-li müqavilənin surətindən görünür ki, alıcı tərəfindən mənzilin dəyəri tam ödənildikdən sonra Cavabdeh MMC-nin ünvan 3 ünvanında inşa etdiyi 7 mərtəbəli 9 girişli binada yerləşən blok 7, mərtəbə 2, mənzilin nömrəsi 100, otaqların sayı 3, mənzilin ümumi sahəsi 120,8 kv.m-dir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanındakı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilomiş xx.xx.2021-ci il tarixli Texniki Pasportdan görünür ki, ünvan 3, mənzil 100, giriş 7 hüquq subyekti İddiaçıdır, mənzilin tikildiyi il 2019, yerləşdiyi mərtəbə 2, otaqların sayı 3, ümumi sahəsi 107,9 kv.m, yaşayış sahəsi 58,2 kv.m-dir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Maliyyə Arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanındakı 7 mərtəbəli, 9 girişli yaşayış binasının 7-ci giriş, 2-ci mərtəbəsindəki, 100 nömrəli, 3 otaqlı (ümumi sahə 120,8 kv.m) mənzilin sahibəsidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 9655 manat pulun 15 gün ərzində ödənilməsi barədə Cavabdeh MMC-yə Pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/6728 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi ev 8, 7-ci giriş 100 saylı mənzilin faktiki sahəsinin (balkonların sahəsinə azalma əmsalı tətbiq olunmadıqda) 111,4 kv.m təşkil etdiyi müəyyən olunmuş, mənzilin faktiki sahəsinin (111,4 kv.m) xx.xx.2021-ci il tarixli mənzilin alqı-satqı müqaviləsində göstərilən (120,8 kv.m) ümumi sahədən 9,4 kv.m az olduğu müəyyən olunmuşdur. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 152b №-li müqaviləyə əsasən mübahisələndirilən ünvan 3 ünvanındakı 7 mərtəbəli, 9 girişli yaşayış binasının 7-ci giriş, 2-ci mərtəbəsindəki, 100 nömrəli mənzil Cavabdeh MMC tərəfindən İddiaçı satılmışdır, həmin mənzil xx.xx.2021-ci il tarixdən tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, mənzilin ümumi sahəsi 120.8 kv.m olaraq göstərilmişdir, həmin mənzilin faktiki sahəsi 111,4 kv.m-dir. Bununla belə, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra olunmamasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında mənzilə dair müqavilə imzalanarkən mənzili xarakterizə edən digər şərtlərlə bərabər onun 3 otaqlı olmasının, sahəsinə dair məlumatların isə binanın layihə-smeta sənədlərinə uyğun olaraq tərəflərə əvvəlcədən məlum olması, öz öhdəliklərinin icrası vəzifəsini üzərlərinə götürən iddiaçı üçün müvafiq risk üzrə məsuliyyətin də nəzərə almasını şərtləndirirdi. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil və buna görə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən, müqavilənin azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012 tarixli 07 №-li qərarın 3.1-ci bəndinə əsasən yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrinin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh MMC–yə qarşı “ünvan 1 ünvanında yerləşən müqavilə üzrə 120,8 kv.m olmalı olan evin 107.9 kv.m olmasını nəzərə alaraq müqavilə üzrə artıq verilmiş 9655 AZN pulun Cavabdeh MMC-dən tutulmasına dair” iddia tələbi təmin edilməməlidir Məhkəmə, çəkilmiş məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat Dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi ondan şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC–yə qarşı “ünvan 1 ünvanında yerləşən müqavilə üzrə 120,8 kv.m olmalı olan evin 107.9 kv.m olmasını nəzərə alaraq müqavilə üzrə artıq verilmiş 9655 AZN pulun Cavabdeh MMC-dən tutulmasına dair” iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat Dövlət büdcəsinə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar