Məhkəmə qərarları › İş №2(011)-2282/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2282/2020

18.03.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2282/2020 18.03.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, Üçüncü şəxsin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti cəlb edilməklə) qarşı “işə bərpa” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti cəlb edilməklə) qarşı – iddiaçı ilə cavabdeh arasında bağlanmış 12.10.2016-cı il tarixli 209 nömrəli əmək müqaviləsində Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 10.06.2019-cu il il tarixli 8/X-KŞ nömrəli əmrinin ləğv edilməsi, “8/X-KŞ saylı, 10 iyun 2019-cu il tarixli xitam əmrinə düzəliş haqqında” 10.06.2019-cu il il tarixli 8a/X-KŞ nömrəli əmrinin etibarsız hesab edilməsi, əsassız olaraq iddiaçıya işdən azad etməklə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətini 1980-cı ildən etibarən İmişli rayonunda yerləşən "Muradxanlıneft" Neft və Qaz Çıxarma İdarəsində 39 il müddətində fasiləsiz olaraq mütəxəssis və rəhbər vəzifələrdə, o cümlədən 2007-ci ildən 2014-cü ilədək baş mühəndis, 2014-cü ildən etibarən isə həmin idarənin rəisi vəzifəsində işləmiş, işlədiyi dövr ərzində rəhbərlik tərəfindən onun işinə heç bir irad bildirilməmiş, heç bir vaxt intizam məsuliyyətinə cəlb olunmamış, əksinə müxtəlif vaxtlarda rəhbərlik tərəfindən təltif olunmuşdur. 2016-cı ildə "Muradxanlı" X11 Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və X13 X18 bərpası, kəşfiyyatı, işlənməsi və X17 haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “X22 Company Limited” və SOCAR-ın Ortaq Neft Şirkəti arasında 16.03.2016-cı il tarixdə imzalanmış və 14.06.2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Sazişə əsasən müştərək Əməliyyat Şirkəti olan “X20 Company” şirkətinin Azərbaycan Respublikasındakı Filialının idarəçiliyinə verilmişdir. “X20 Company” şirkətinin Azərbaycan Respublikasındakı Filialına onun Direktoru İtalyan mənşəli şəxs Andrea Cattaneo “İşəgötürən” qismində rəhbərlik edir. İddiaçı “X20 Company” Şirkətinin Azərbaycan Respublikasındakı Filialını “İşəgötürən” qismində təmsil edən Andrea Cattaneo ilə 12.10.2016-cı il tarixli 209 №-li əmək müqaviləsini bağlayaraq, Muradxanlı İNM-nin rəisi (Filialın yataq üzrə direktoru) vəzifəsinə təyin olunmuşdur. Onunla bağlanmış 12.10.2016-cı il tarixli 209 №-li əmək müqaviləsində (1-ci səhifə) nəzərdə tutulmuşdur ki, “Tərəflər bu müqavilədə göstərilən müddətlərlə və şərtlərlə razı olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə və ona edilən dəyişikliklər və əlavələr əsasında tənzimlənən əmək münasibətlərini qurmaq niyyətindədilər”. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ilə bağlı bildiriş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilmiş, elektron informasiya sistemində qeydiyyata alınmış və əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən hüquqi qüvvəyə minmişdir. 2019-cu ilin iyun ayında “İşəgötürən” ona məlum olmayan səbəbdən, heç bir əsas olmadan və ondan izahat almadan qanunsuz olaraq onunla bağlanmış 12.10.2016-cı il tarixli 209 №-li əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 10.06.2019-cu il tarixdən xitam vermiş və bunu 10.06.2019-cu il tarixli 8/X-KŞ №-li əmri ilə rəsmiləşdirmişdir. Bununla əlaqədar olaraq ona 17.06.2019-cu il tarixdə şifahi olaraq telefon vasitəsi ilə məlumat verilmiş və ona məxsus ИТ-İ seriyalı ******* №-li əmək kitabçasını poçt vasitəsi ilə onun ünvanına göndərmişdir. “İşəgötürən”ə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi ilə bağlı etirazını bildirməyinin heç bir əhəmiyyəti olmamışdır. Bu səbəbdən, o, pozulmuş hüquqlarının bərpasına köməklik edilməsi xahişi ilə 08.07.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 23 saylı region üzrə X12 30.08.2019-cu il tarixli **********3 №-li məktubu ilə ərizəyə cavab olaraq ona bildirmişdir ki, “işəgötürən əmək müqavilənizə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq müəssisədə fəaliyyət göstərən X3baqcadan işəgötürən tərəfindən razılığı alınmadan ləğv edildiyindən “X20 Company” Azərbaycan Respublikasındakı Filialının baş direktoru barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-6-cı maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir”. Bundan dərhal sonra, 2019-cu ilin sentyabr ayının əvvəlində (2-4 tarixlərində) "İşəgötürən" onu "X20 Company" Azərbaycan Respublikasındakı Filialına dəvət etmiş, əmək kitabçasını ondan geri almış, 10.06.2019-cu il tarixli 8/X-KŞ №-li əmrinin qanunsuz verildiyini etiraf etmişdir, həmin əmrin artıq ləğv edildiyini və onun işə bərpa olunacağını bildirmişdir. Lakin, həmin vaxtdan ötən dövr ərzində dəfələrlə Filiala gedib, işə bərpa olunmağı barədə soruşduğu zaman, hər dəfə ona bildirilirdi ki, “hələlik iş dayanıb, iş getmir, iş başlayanda səni dəvət edəcəyik”. 2020-ci ilin 21-24 yanvar tarixlərində o, işə başlayacağı vaxt barədə xəbər almaq üçün növbəti dəfə Filiala gedəndə, “İşəgötürən” ona bildirmişdir ki, ona verəcəyi iş yoxdur və ondan tələb etmişdir ki, öz xahişi ilə işdən azad olunmağı barədə tarixsiz ərizə yazsın, əks təqdirdə o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad ediləcəkdir. Ona edilən bu təzyiqdən sonra, səhhəti ilə əlaqədar öz xahişi ilə işdən azad olunmağı barədə ərizə yazmışdır. Lakin həmin ərizədə işdən azad olunacağı tarixi, habelə ərizəni yazdığı tarixi göstərməmişdir. Növbəti gün Filiala gedib əmək kitabçasını götürmüşdür. Evə gələndən sonra əmək kitabçasına baxanda ona məlum olmuşdur ki, “İşəgötürən” 2020-ci ilin 21-24 yanvar tarixlərində yazdığı, öz xahişi ilə işdən azad olunmağı barədə tarixsiz ərizəsinə əsasən 10.06.2019-cu il tarixli 8a/X-KŞ №-li (8/X-KŞ saylı, 10 iyun 2019-cu il tarixli xitam əmrinə düzəliş haqqında) saxta əmr imzalamış, həmin əmrin 1-ci bəndində 8/X-KŞ №-li, 10.06.2019-cu il tarixli xitam əmrinin ləğv olunması, 2-ci bəndində isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən 10.06.2019-cu il tarixdən xitam verildiyi qeyd edilmişdir. Bu barədə məlumatlar onun əmək kitabçasına daxil edilmişdir. "İşəgötürən"in 10.06.2019-cu il tarixi 8a/X-KŞ №-li əmrin saxta və etibarsız olması aşağıdakılarla sübut olunur: 1) "İşəgötürən"in həmin əmri ardıcıl nömrələrlə deyil, 8/X-KŞ nömrəsinə "a" hərfi əlavə edilməklə qeydiyyata alınmışdır. 2) 23 saylı region üzrə X12 tərəfindən 2019-cu ilin avqust ayında aparılmış araşdırma zamanı 10.06.2019-cu il tarixi 8a/X-KŞ №-li əmr Müfəttişliyin əməkdaşlarına təqdim olunmamışdır. Müfəttişliyin əməkdaşları onunla bağlanmış əmək müqaviləsinə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə 10.06.2019-cu il tarixli 8/X-KŞ №-li əmrin əmək qanunvericiliyinin tələblərinin pozuntusu ilə verildiyini qeyd edərək göstərmişdir ki, "işəgötürən əmək müqavilənizə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq müəssisədə fəaliyyət göstərən X3baqcadan işəgötürən tərəfindən razılığı alınmadan ləğv edildiyindən "X20 Company" Azərbaycan Respublikasındakı Filialının baş direktoru barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir". 3) "İşəgötürən"in 10.06.2019-cu il tarixli 8/X-KŞ №-li əmri 2020-ci ilin 21-24 yanvar tarixlərində yazdığı, öz xahişi ilə işdən azad olunmağı barədə tarixsiz ərizəsinə əsasən verilmişdir. Həmin ərizə iddiaçının müstəqil iradə ifadəsini əks etdirmir. Belə ki, yuxarıda qeyd etdiyi kimi, "İşəgötürən" ondan tələb etmişdir ki, öz xahişi ilə işdən azad olunmağı barədə tarixsiz ərizə yazsın, əks təqdirdə o, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad ediləcəkdir. 4) Nəhayət, 06 fevral 2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindəki "Əmək müqaviləsi bildirişləri" bölməsindəki məlumatlardan ona məlum olmuşdur ki, öz xahişimlə əmək müqaviləmə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmamışdır və bununla bağlı tarixsiz ərizəmə əsasən verilmiş "İşəgötürən"in 10.06.2019-cu il tarixli 8a/X-KŞ №-li əmri hüquqi qüvvəyə minməmişdir. Onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə "İşəgötürən"in 10.06.2019-cu il tarixli 8/X-KŞ №-li əmrin əmək qanunvericiliyinin tələblərinin pozuntusu ilə verildiyi yuxarıda qeyd etdiyi kimi X9 23 saylı region üzrə X9 əməkdaşları tərəfindən təsdiq edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə 10.06.2019-cu il tarixli 8/X-KŞ №-li əmrində "İşəgötürən" əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Bundan əlavə, "İşəgötürən" özü həmin əmrin əmək qanunvericiliyinin tələblərinə riayət etmədən verdiyini anlayaraq, həmin əmrin ləğv edilməsi barədə saxta olsa da eyni tarixlə, yəni 10.06.2019-cu il tarixli 8a/X-KŞ №-li yeni əmri imzalamışdır. İddiaçının nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X10 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, iddiaçının əmək hüquqlarının pozulması barədə 15.07.2019-cu il tarixli müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etmədiyinə görə “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının baş direktoru Andrea Kattaneo Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, həmin inzibati xətanı törətdiyinə görə barəsində 1500 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İddiaçının əmək müqaviləsinə qanun pozuntusu ilə xitam verilməsini nəzərə alaraq, iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Cavabdeh “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan işəgötürən “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə işçi İddiaçı arasında bağlanmış 12.10.2016-cı il tarixli 209 nömrəli Əmək Müqaviləsindən görünür ki, işçi həmin şərkətə X5 Mədənində rəis vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi hansının daha tez baş verəcəyindən asılı olaraq ya altı aydan sonra başa çatacaq müddətə və ya BKİHPBS-ə əsasən bərpa və hasilat planı təsdiq edildiyi və ya BKİHPBS daha əvvəl qüvvədən düşdüyü ana qədər bağlanılmışdır. İşmateriallarındaolan “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Andrea Kattaneo tərəfindən verilmiş 10.06.2019-cu il tarixli 8/X-KŞ nömrəli əmrindən görünür ki, idarəetmə aparatında Yataq üzrə direktor vəzifəsində işləyən İddiaçı 12.10.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 10.06.2019-cu il tarixdə xitam verilmişdir. İşmateriallarındaolan “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Andrea Kattaneo tərəfindən verilmiş 10.06.2019-cu il tarixli 8a/X-KŞ nömrəli əmrindən görünür ki, 10.06.2019-cu il tarixli 8/X-KŞ nömrəli xitam əmrin ləğv edilmişdir, Filialın Yataq üzrə direktoru İddiaçı ilə 12.10.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 10.06.2019-cu il tarixdə xitam verilmişdir. İş materiallarında olan E-sosial internet portalından 06.02.2020-ci il tarixdə çıxarılmış əmək müqaviləsi bildirişindən görünür ki, “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialın ilə İddiaçı aralarında bağlanmış 12.10.2016-cı il tarixli əmək müqaviləsinə 10.06.2019-cu il tarixdən “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-c maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” səbəbi ilə xitam verilməsi elektron informasiya sistemində göstərilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən “X21 Company Limited” Şirkətinin direktoru Andrea Kattaneoya ünvanlanmış tarixsiz ərizədən görünür ki, ərizəçi səhhəti ilə bağlı işdən azad olunmasına dair sərəncam verilməsini xahiş etmişdir. İş materiallarında olan 15.07.2019-cu il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edərək, əmək hüquqlarının bərpasını, qanunsuz verilmiş əmrin ləğv olunmasını və işə bərpa olunmasına köməklik göstərməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı 15.07.2019-cu il tarixli müraciətinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidməti 23 saylı region üzrə X9 30.08.2019-cu il tarixli məktubdan görünür ki, işəgötürən tərəfindən əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun müəssisədə fəaliyyət göstərən X3baqcadan işəgötürən tərəfindən razılığı alınmadan ləğv edildiyindən “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının baş direktoru barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir . İş materiallarında olan 26.08.2019-cu il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etmədiyinə görə “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının baş direktoru Andrea Kattaneo Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 06.09.2019-cu il tarixli MN ******* nömrəli İnzibati tənbeh haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etmədiyinə görə “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının baş direktoru Andrea Kattaneo barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 20.09.2019-cu il,15.10.2019-cu il və 18.10.2019-cu il tarixli ödəniş tapşırıqların surətindən görünür ki, “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cəmi 1500 manat məbləğində pul vəsaitini X2 köçürmüşdür. Beləliklə, məhkəməiclasında müəyyən edilmişdir ki, “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə işçi İddiaçı arasında bağlanmış 12.10.2016-cı il tarixli əmək müqaviəsinə əsasən, iddiaçı cavabdeh şirkətə X5 Mədənində rəis vəzifəsinə işə qəbul edilmiş, 10.06.2019-cu il tarixli 8/X-KŞ nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin əmək müqaviləsinə xitam verilmiş, sonradan eyni tarixli 10.06.2019-cu il tarixli 8a/X- KŞ nömrəli əmri ilə əvvəlki əmr ləğv olunub, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 10.06.2019-cu il tarixdə yenidən xitam verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi hansının daha tez baş verəcəyindən asılı olaraq ya altı aydan sonra başa çatacaq müddətə və ya BKİHPBS-ə əsasən bərpa və hasilat planı təsdiq edildiyi və ya BKİHPBS daha əvvəl qüvvədən düşdüyü ana qədər bağlanması qeyd edilmiş, lakin işəgötürən tərəfindən müqavilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sisteminə altı ay müddətinə bağlanılmış kimi daxil edilmişdir. Belə ki, Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və X13 X18 Bərpası, Kəşfiyyatı, İşlənməsi və X17 haqqında Saziş “X22 Company”, SOCAR-ın Ortaq Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 mart 2016-cı il tarixində imzalanmışdır və 11 avgust 2016-cı il tarixindən qüvvəyə minmişdir. Həmin saziş 25 il müddətinə bağlanılmışdır. Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Məhkəmə hesab edir ki, nə qədər ki, 16 mart 2016-cı il tarixli Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və X13 X18 Bərpası, Kəşfiyyatı, İşlənməsi və X17 haqqında Saziş 25 il müddətinə bağlanılmışdır və bugünədək qüvvədən düşməyib, İddiaçı ilə cavabdeh “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanılmış əmək müqavilə də həmin müddətdə öz qüvvəsini saxlayır. İlk növbədə məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş 10.06.2019-cu il tarixli 8/X- KŞ nömrəli əmrə qiymət verilməsinin zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e)dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Göstərilən Məcəllənin 71-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsaslaəmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Lakin işəgötürən işçi tərəfindən hansı əmək vəzifələrinin kobud şəkildə pozulmasını 10.06.2019-cu il tarixli 8/X-KŞ nömrəli əmrində konkret göstərməmiş və ümumiyyətlə əmri düzgün qanunauyğun qaydada tərtib etməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinəəsasən,əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Qeyd edilən Məcəllənin 85-ci maddəsinə əsasən, işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. Göründüyü kimi, cavabdeh əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verərkən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə əmrini əsaslandırmamışdır. İş materiallarında olan 10.06.2019-cu il tarixli 8/X-KŞ nömrəli əmri məhkəmə tərəfindən nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, əmrdə əmək müqaviləsinin ləğv edilməsinə əsas olmuş Əmək Məcəlləsinin maddəsi, hissəsi və bəndi göstərilsə də, əsası qeyd olunmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinəəsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərindəgöstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X7ın qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X7a əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Məhz yuxarıda göstərilən normanın tələblərini pozduğuna görə “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının baş direktoru Andrea Kattaneo Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 06.09.2019-cu il tarixində 1500 manat cərimə edilmişdir. Yuxarıda göstərilən işin faktiki halları sonradan cavabdehin rəhbərliyinin şifahi göstərişi ilə qəbul edilmiş ikinci eyni tarixli əmrin qanuniliyini şübhə altına salır. Məhkəmə hesab edir ki, eyni tərəflərə aid eyni tarixdə təsdiq edilmiş əmrlərin müxtəlif əsaslarla rəsmişəşdirilməsi özü özlüyündə inandırıcı deyil. Çünki iddiaçı barədə 10.06.2019-cu il tarixli 8/X-KŞ nömrəli əmr qəbul edildikdən sonra işçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciəti əsasında araşdırmalar aparılmış, sonunda isə işəgötürən tərəf qanun pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə hesab edir ki, inzibati araşdırmadan sonra işçinin təşəbbüsü ilə tarixsiz ərizəsi əsasında geri tarixlə tərtib olunmuş 10.06.2019-cu il tarixli 8a/X-KŞ nömrəli Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmr etibarsız hesab edilməlidir. Belə ki, Əmək Məcəllənin 76-cı maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” 26 dekabr 1996-cı il tarixli Qaydalarının 6-cı maddəsinə əsasən, işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. İşçi vəfat etdikdə əmək kitabçası onun ailə üzvlərinə verilir və yaxud onların tələbi ilə poçt vasitəsilə göndərilir. Həmin Qaydaların 9-cu maddəsinə əsasən, doldurulmuş və doldurulmamış əmək kitabçalarının, əlavə içliklərin uçotu aşağıdakı qaydada aparılır: Əmək kitabçaları və əlavə içliklər hərəkətinin uçotu kitabı işə qəbul və işdən çıxarılmasını rəsmiyyətə salan şəxs tərəfindən aparılır. Əmək kitabçaları, (əlavə içliklər) mədaxil-məxaric və onların hərəkətləri, uçotu kitablarında qeydə alınır. Mədaxil-məxaric kitabına əmək kitabçalarının və əlavə içliklərin sifarişi və alınması ilə əlaqədar bütün əməliyyatlar yazılır (seriya və nömrələr göstərilir). Kitab işəgötürənlərin mühasibatı tərəfindən aparılır. Mədaxil-məxaric kitabı, əmək kitabçaları və əlavə içliklərin hərəkəti, uçot kitabı nömrələnməli, qaytanlanmalı və işəgötürənin imzası olmaqla möhürlə təsdiq edilməlidir. Əmək müqaviləsinin xitamı ilə əlaqədar işdən çıxan işçiyə əmək kitabçası qaytarıldıqda (verildikdə) ona şəxsi vərəqəsində və əmək kitabçalarının uçotu kitabında imza etdirilir. Doldurulmamış əmək kitabçaları və əlavə içliklər ciddi hesabat sənədləri kimi işəgötürənlərin mühasibatında saxlanılır. Əmək kitabçalarının saxlanılması üçün məsul olan şəxslər onları təhvil-təslim qaydası ilə verir. Əmək kitabçalarının uçotunun aparılmasına məsuliyyət daşıyan şəxs hər ay əmək kitabçalarının, (əlavə içliklərin) vəziyyəti, əmək kitabçalarına (əlavə içliklərə) çəkilmiş xərclərin dəyərinə görə alınmış məbləğlər haqqında (kassaya mədaxil edilməklə) işəgötürənə hesabat verir. Lakin işəgötürən işdən çıxan işçiyə əmək kitabçasını fərdi əmək müqaviləsinə xitam oldunduğu gün (sonuncu iş günü) verilməsinə və ya poçt vasitəsilə göndərilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sisteminə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qeyd olunsa da, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin əsasla xitam verməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Göründüyü kimi, qanunun mənasına əsasən əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə işəgötürən tərəfindən daxil olunmalıdır. Həmin müqavilənin xitam verilməsinin əsası hansısa səbəbdən (qəsdən və səhv olaraq) elektron sistemə əmrə uyğun daxil edilməməsi həmin əmrin işçinin hüquq və mənafelərinə ziddinə olaraq təfsir edilməsi əsassızdır. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən əmək müqaviləsi cavabdehin möhürü ilə təsdiq olunmuş və həmin müqavilənin faktiki bağlanması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin nümayəndəsi X14 11.03.2020-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin iki fərqli əmrlə rəsmiləşdirilməsi təşkilat tərəfindən yol verilmiş səhvə görə olmuşdur. Cavabdehin nümayəndəsi öz izahatında göstərmişdir ki, əslində əmək müqaviləsinin xitam verilməsi işçinin ərizəsi əsasında baş vermişdir. Digər tərəfdən cavabdeh səhvin üzrlü olub-olmaması ilə bağlı hər hansı bir mötəbər sübutu, yaxud hazırki müqavilənin ləğv olunmasını təsdiq edən tərəflərin razılaşmasını və ya alternativ müqaviləni məhkəməyə təqdim etməmişdir. Nəhayət məhkəmə hesab edir ki, birinci əmr texniki səhv kimi qəbul edilsə də, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında 10.06.2019-cu il tarixli həm 8/X-KŞ nömrəli, həm də 8a/X-KŞ nömrəli əmrlər qəbul edilərkən, əmək qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının birinci əmrdən sonra əmək hüquqlarının bərpasına, qanunsuz verilmiş əmrin ləğv olunmasına və işə bərpasına dair 15.07.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etdikdən sonra öz istəyi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verilməsi inandırıcı deyil. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, 10.06.2019-cu il tarixli 8/X-KŞ nömrəli əmr qanun pozuntusu ilə qəbul edildiyindən, ləğv olunmalı, 10.06.2019-cu il tarixli 8a/X-KŞ nömrəli əmr təzyiq altında yazılmış işçinin ərizəsi əsasında və digər əmri əvəz edilməsi məqsədlə qəbul edildiyindən və əmək müqaviləsinin digər əsasla xitam verilməsini pərdələdiyinə görə etibarsız hesab edilməli və iddiaçı “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı X1 Neft Mədənində rəis vəzifəsinə işə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsində də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin Qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, cavabdeh təşkilatın 10.06.2019-cu il tarixli 8/X-KŞ nömrəli əmri əmək qanunvericiliyinin pozulması ilə qəbul edildiyi üçün məhkəmə tərəfindən ləğv edildiyindən və 10.06.2019-cu il tarixli 8a/X-KŞ nömrəli əmr etibarsız hesab edildiyindən, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsi İddiaçı şamil olunmalı və sonuncu iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən iddiaçılar əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı iddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdeh “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan RespublikasıMPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 12.10.2016-cı il tarixli 209 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 10.06.2019-cu il tarixli 8/X-KŞ nömrəli əmr ləğv edilsin. 8/X-KŞ nömrəli 10.06.2019-cu il xitam əmrinə düzəliş haqqında 10.06.2019-cu tarixli 8a/X-KŞ nömrəli əmr etibarsız hesab edilsin və İddiaçı “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı X1 Neft Mədənində rəis vəzifəsinə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün 10 iyun 2019-cu il tarixdən hesablanmaqla İddiaçı “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh “X20 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar