Məhkəmə qərarları › İş №2(011)-2284/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2284/2022

27.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2284/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 28 ünvanında yerləşən ümumi sahəsi 66,22 kv.metr olan 64 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 09.09.2019-cu il tarixdə 2 saylı ASAN Xidmət Mərkəzi notariat ofisində Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 28, mənzil 64-ün onun tərəfindən alınmasına dair alqısatqı müqaviləsi bağlanmışdır, lakin cavabdeh ona məxsus həmin mənzildə pasport qeydiyyatındadır, o, mənzilin keçmiş mülkiyyətçisi olmuşdur, müqavilə bağlandıqdan sonra cavabdeh qeydiyyatdan çıxacağını dair öhdəlik götürsə də, hələ də bugünədək mənzildə qeydiyyatdadır, uzun müddətdir həmin ünvanda yaşamır, formal olaraq qeydiyyatda qalması mülkiyyətçi kimi öz hüquqlarını pozur, belə ki, cavabdehin yerinə əlavə kommunal xərcləri ödəməli olur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək, sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, o, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd aparılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 28, mənzil 64 nömrəli mənzil tam paylı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 25.05.2010-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 09.10.2019-cu il tarixli AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 28, mənzil 64 ünvanında yerləşən mənzili İddiaçı mülkiyyətinə vermişdir, həmin müqavilənin 8-ci maddəsinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi, 10.10.2019cu il tarixədək mənzildən çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş elektron çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 28, mənzil 64 nömrəli mənzil tam paylı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 28.09.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 18.02.2022-ci il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 28, mənzil 64 ünvanında qeydiyyatdadır, Cavabdeh həmin mənzildə qeydiyyatda olan digər şəxsdir. İş materiallarında olan 29.03.2022-ci il tarixli məhkəmə bildirişindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, o məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd aparılmış bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 28, mənzil 64 xüsusi mülkiyyət hüququ əsasında tam pay hüququ ilə İddiaçı məxsusdur, Cavabdeh həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq, orada yaşamır və həmin mənzildən istifadə etmir, iddiaçının ailə üzvü deyildir. Bununla belə cavabdehin mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 28, mənzil 64-dən Cavabdeh istifadə hüququna xitam verilməlidir. Bununla bərabər məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsi Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 28, mənzil 64-dən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 28, mənzil 64-dən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar