Məhkəmə qərarları › İş №2(011)-2288/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2288/2022

25.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2288/2022 25.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - Ərizəçi maraqlı şəxs Xətai rayon qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi onun 19.08.1987-ci il tarixdə doğulması faktının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Ərizəçi ərizəsində qeyd edir ki, doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində xx xxxx 1982-ci il tarixdə Zaqatala rayonunda doğulduğu qeyd olunmuşdur. Qeyd olunan adla böyümüş, orta məktəbi başa vurmuşdur. Ancaq bir müddət əvvəl anası ona bir sirr açaraq, bildirmişdir ki, 1982-ci il tarixdə əslində o deyil, ondan böyük bir bacısı dünyaya gəlmişdir. Həmin körpə uşaq qısa bir vaxtda, yəni bir ay keçməmiş dünyasını dəyişmişdir. Dünyasını dəyişmiş uşağın adını da Sevda qoymaq istəsələr də, onun dünyasını dəyişməsi səbəbindən bu mümkün olmamışdır. Daha sonra, yəni 19 avqust 1987-ci il tarixdə o, dünyaya gəlmişdir. Dünyaya gəldikdən sonra da, elə ondan qabaq dünyasını dəyişmiş uşağın adını da təzədən ona qoyaraq Sevda adlandırmışlar. Eyni zamanda, doğum tarixini düzgün olmadan, 19.08.1987-ci il tarixli deyil, xx.xx.1982ci il tarixi kimi qeydə edilmişdir. Anasının ona dediyi məlumata görə, bu məlumatlar ona aid olmayıb, hamısı ondan qabaq dünyaya gəlmiş və qısa bir zamanda da dünyasını dəyişmiş qız övladına aid omuşdur. Məhz bu səbəbdən də, doğum tarixi də onun həqiqi doğulduğu tarixlə deyil, ondan qabaq olan uşağın doğum tarixi kimi qeydə alınmışdır. Eləcə də, onun adını ona qoymuşlar və bütün məlumatlardan da xəbəri olmamışdır. Valideynlərindən bütün bu olanların baş verməsinin səbəbini soruşduqda, ondan qabaq dünyaya gəlmiş qız övladlarına daha çox bağlı olmaları, onu yaddan çıxara bilməmələri, ilk övladları olması və s., bu kimi digər mənəvi-psixoloji vəziyyətə görə həmin uşağın sanki yaşamasını görmək istəmişlər kimi qeyd etmişdir. Yəni, ona aid olan doğum tarixini xeyli sonra dünyaya gəlmiş şəxsin adına rəsmiləşdirilməsi və s., bu kimi digər hallar hamısı valideynələrinin xəyallarına xidmət etməkdən başqa-bir şey olmamışdır. Valideynlərinin etdikləri bu yanlışlığa görə, onun həqiqi doğum tarixi xeyli əvvəlki tarixə qeyd olunmuşdur. Bu barədə Zaqatala Rayon Qeydiyyat Şöbəsinə etdiyi müraciətə həmin idarənin 22.01.2022-ci il tarixli, 05/q-181/69 nömrəli məktubunda da bildirilir ki, onun haqqında hər hansı bir fakt müəyyən olunmamışdır. Şəxsiyyət vəsiqəsində, eləcə də doğum haqqında şəhadətnamədə göstərilən məlumatlar həqiqəti əks etdirməmişdir. Göstərilən bu məlumatlarda olan yalnışlıqların düzəldilməsi üçün zamanın geriyə qaytarılnması mümkün olmadığından, bu növdən olan işlərin məhkəmə qaydasında, xüsusi icraat növündə baxılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, ərizəçiyə aid akt qeydində buraxılmış səhvə görə düzəlişin edilməsi, yəni ərizəçinin doğum tarixinin “xx.xx.1982-ci il” deyil, “19.08.1987-ci il” kimi yazılmasının müəyyən edilməsi hüquqi fakt kimi xüsusi icraat qaydasında baxıla bilməz və akt qeydindəki səhv müvafiq qeydiyyat şöbəsi tərəfindən aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 3 nömrəli Qərarının 6-cı bəndində qeyd edilir ki Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi Xətai rayon Qeydiyyat şöbəsinin onun doğum haqqında şəhadətnamədə düzəlişin edilməsindən imtina ilə bağlı hərəkətlərindən mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etməlidir. “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İPM-nin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, ərizənin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Həmçinin məhkəmə hesab edir ki, ərizəçinin maraqlı şəxs Xətai rayon qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbulundan imtina edildiyindən ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar