Məhkəmə qərarları › İş №2(011)-2288/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2288/2023

14.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2288/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 İdarəsinin nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti cəlb edilməklə) “işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsinə qarşı “işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X11 Monitorinq İdarəsinə işə bərpa olunması və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2006-cı ildən 20 dekabr 2022-ci il tarixinə kimi X11 Monitorinq İdarəsində işləmişdir. 20 dekabr 2022-ci il tarixində müdriyyət tərəfindən № 235K saylı əmr verilmişdir. Onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Orda qeyd edilir ki, xitam üçün Azərbaycan Respublikasının "Əmək Məcəlləsinin" 70-ci maddəsinin "b" bəndi, 77.3-cü və 80-cı maddələri rəhbər tutulmuşdur. O, bu əmri qəbul etmir ona görə ki, Əmək Məcəlləsində göstərilən maddələr onlara heç bir hüquqi əsas vermir ki, onu işdən azad etsinlər. O, Ağdamdan olan məcburi köçkündür (köçkün vəsiqəsi seriya AA № 149783). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78 və 79-cu maddələri rəhbər tutaraq göstərilir ki, 16 yaşına çatmamış 2 və ya artıq ovladları olan şəxsi ixtisara salmaq olmaz. Həmin maddədə göstərilir ki, məcburi köçkün statusu olan şəxsləri ixtisara salmaq olmaz. O,4 oktyabr 2007-ci ildə ailə qurmuşdur. Halhazırda birgə nikahdan 2 övladı var. (xx.xx.2011-ci il təvəllüdlü Ağayev ismayıl Elşən oğlu və xx.xx.2014-cü il təvəllüdlü X8). Onun həyat yoldaşı X12 1974-cü il təvəllüdlüdür və halhazırda heç bir yerdə işləmir. Hal-hazırda vətəndaş işsizlikdən sığorta ödənişi almır və onun adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində əmək müqaviləsi qeydə alınmamışdır. Əmək Məcəlləsinin heç bir maddəsinə əsas vermir ki, müdriyyət onu qanunsuz ixtisar etsin. O, qanunpərəst işçidir və 2006-cı ildən 20 dekabr 2022-ci ilə kimi normal işləmişdir, heç bir töhmət almamışdır. 12 nəfərdən ibarət olan işçilərdən yalnız o ixtisar olmuşdur. Bu hərəkətlə müdriyyət onun Konstitusiya hüquqlarını kobudcasına pozur və onun övladlarını və həyat yoldaşını çox pis maddi duruma salır. Yeganə evdə işləyən odur. O, cavabdehə məktubla müraciət edərək, onu işə bərpa etməyi xahiş etmişdir. Lakin heç bir nəticə olmamışdır. 06 yanvar 2023-cü ildə cavabdehə təklif etmişdir ki, bu məsələ 18 saylı Mediasiya təşkilatına həvalə edilsin. 08 fevral 2023-cü ildə mediasiya prosesində o, və mediator təklif etdi ki, bu iş sülh yolu ilə həll edilsin. Cavabdehin nümayəndəsi onların təklifi ilə razı oldu və mediasiya prosesi 13 fevral 2023-cü ilə təxirə salındı. Lakin 13 fevral 2023-cü ildə cavabdehin nümayəndəsi iclasa gəlmədi. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianı müdafiə etdi və bildirdi ki, İddiaçı əmək müqaviləsinə 20 dekabr 2022-ci il tarixində "Əmək Məcəlləsinin" 70-ci maddəsinin "b" bəndi ilə xitam verilmişdir. Əmr qanunsuzdur. İddiaçı Ağdam şəhərindən məcburi köçkündür. Onun 16 yaşına çatmamış 2 ovladı var. Buna görə də onu ixtisara salmaq olmaz. Onun həyat yoldaşı da hal-hazırda heç bir yerdə işləmir. İddiaçı normal işləmişdir, heç bir töhmət almamışdır. O, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianı müdafiə etdi və bildirdi ki, 16 illik əmək staji vardır. Onun işdən çıxarılma barədə əmri qanunsuzdur. Ağdamdan məcburi köçkündür. Onun 16 yaşına çatmamış 2 ovladı var. Onu ixtisara salmaq olmaz. Onun həyat yoldaşı da hal-hazırda heç bir yerdə işləmir. 12 nəfərdən ibarət olan işçilərdən yalnız o ixtisar olunub. O, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsi iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, monitorinq fəaliyyətinin təkmilləşdirilməsi və monitorinqin aparılmasının vahid qurum tərəfindən həyata keçirilməsini təmin etmək məqsədilə X13 Monitorinq İdarəsində 2022-ci ildə bir sıra struktur islahatları həyata keçirilmişdir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2022-ci il 21 oktyabr tarixli, 1040/Ü nömrəli əmrinin tələblərinə uyğun olaraq X13 Monitorinq İdarəsinin “Ətraf Mühiti üzrə Monitorinq Mərkəzi”nin “Hesabatların tərtibatı qrupu”nun (12 ştat vahidi) və Milli Hidrometeorologiya Xidmətinin “Ətraf Mühit üzrə Monitorinq Mərkəzi”nin (42 ştat vahidi) əsasında X13 Monitorinq İdarəsinin “Ətraf Mühit üzrə Monitorinq Mərkəzi”nin 12 ştat vahidindən ibarət “Ətraf mühitin çirklənməsinin monitorinqi qrupu” yaradılmışdır. Keçirilmiş struktur islahatları ilə bağlı əməkdaşlara Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq bildirişlər təqdim olunmuş və X13 Monitorinq idarəsində vakant vəzifələrə işə qəbula dair müsahibənin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq ədalətli, obyektiv və şəffaf qaydada həyata keçirmək məqsədi ilə Müsahibə Komissiyası yaradılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinə əsasən vakant ştat vahidlərinin tutulması məqsədi ilə Komissiya tərəfindən imtahan təşkil edilmiş, imtahandan keçid balı 51% müəyyən edilməsinə baxmayaraq İddiaçı qeyd edilən imtahandan 28,3% nəticə göstərmiş və müəssisənin Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmaqla onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq (işçilərin sayı və ştatları ixtisar edildikdə) xitam verilmişdir. Sözü gedən imtahandan yüksək nəticə göstərən şəxslərin təyinatı həyata keçirilmişdir. Qeyd edək ki, imtiyazlar (öhdəsində iki və daha çox 16 yaşınadək uşaq, məcburi köçkün) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinə əsasən işçilərin ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda işəgötürən tərəfindən işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərdir. İşçinin peşəkarlıq səviyyəsi isə işəgötürən tərəfindən imtahanın nəticələri əsasında müəyyən edilmişdir. Nəticədə yeni yaradılmış vakant vəzifələrə təyinat aşkarlıq şəraitində və obyektiv qaydada keçirilmiş imtahanlar əsasında müvəffəqiyyət əldə etmiş işçilər sırasından aparılmışdır. Göründüyü kimi İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə tam riayət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 İdarəsinin nümayəndəsi X3 iddia tələbinə verilmiş etirazın məzmununa uyğun olaraq öz izahatında bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmrinə əsasən X13 Monitorinq İdarəsinin “Ətraf Mühiti üzrə Monitorinq Mərkəzi”nin “Hesabatların tərtibatı qrupu”nun və Milli Hidrometeorologiya Xidmətinin “Ətraf Mühit üzrə Monitorinq Mərkəzi”nin əsasında X13 Monitorinq İdarəsinin “Ətraf Mühit üzrə Monitorinq Mərkəzi”nin “Ətraf mühitin çirklənməsinin monitorinqi qrupu” yaradılmışdır. X13 Monitorinq idarəsində vakant vəzifələrə işə qəbula dair müsahibə komissiyası yaradılmışdır. Vakant ştat vahidlərinin tutulması məqsədi ilə imtahan təşkil edilmiş, İddiaçı imtahandan keçməmişdir. Onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq (işçilərin sayı və ştatları ixtisar edildikdə) xitam verilmişdir. Əlavə olaraq sual-cavab zamanı o bildirmişdir ki, imtahanda 20 nəfər iştirak etmişdir: Milli Hidrometeorologiya Xidmətinin “Ətraf Mühit üzrə Monitorinq Mərkəzi”nin 13 nəfər, X13 Monitorinq İdarəsinin “Ətraf Mühiti üzrə Monitorinq Mərkəzi”nin “Hesabatların tərtibatı qrupu”nun 7 nəfər işçisi. “Hesabatların tərtibatı qrupu”nun 7 nəfər işçisi: Aytən Hümbətova, Rəhimə Ağayevə, Xuraman Musayeva, Səda Əliyeva, Leyla Əzəmmədova, Xədicə Qasımova, Günel Sadiqova olmuşlar. Həmin qrupun digər 2 işçisi sosial məzuniyyətdə olub və imtahanda iştirak etməyiblər. Onların əvəzinə imtahanda onları əvəz edən şəxslər iştirak edib. 5 ştat vahidi vakant olub. Cəmi həmin qrupun 12 ştat vahidi var. İmtahandan sonra imtahanda yüksək nəticə göstərən əvvəllər ştatda olmayan Günel Sadıqova adlı işçi yeni yaradılmış qurumda işə götürülmüşdür. Yeni yaradılan qurumda (“Ətraf mühitin çirklənməsinin monitorinqi qrupu”) 12 nəfər ştat vahidi vardır. Bütün ştat vahidləri üzrə işə qəbul həyata keçirilmişdir. İmtahanda iştirak etmiş Vüsalə Süleymanova, Aytən Hümbətova, Xuraman Musayeva, Leyla Əzəmmədova, Xədicə Qasımova, Günel Sadiqova, Minəxanım Şirinova yeni yaradılan qurumda işlə təmin edilmişdilər. Bundan əlavə 2 nəfər sosial məzuniyyətdə olan işçi də həmin yeni qurumda işlə təmin edilmişlər. 3 nəfər (Rəna Allahverdiyeva, Niftəliyev İlqar, Bağırova Narınc) imtahanda iştirak etməyən şəxslər strukturdaxili yerdəyişmə nəticəsində yeni yaradılmış qurumda işlə təmin edilmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X6 öz izahatında bildirmişdir ki, iddiaçı ixtisar zamanı işdə saxlanılmağa üstünlüyü olan işçidir. İş üzrə bildirir ki, imtahanın nəticəsi əmək müqaviləsinin bağlanmasına və ya xitam edilməsinə təsir etmir. O, iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan işəgötürən X11 Monitorinq İdarəsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “hesabatların tərtibatı qrupuna mühəndis” vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanılmışdır. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə X11 Monitorinq İdarəsinə “informasiya, modeləşdirmə və proqnozlaşdırma” sektoruna müvəqqəti olaraq mühəndis vəzifəsinə təyin olunub, xx.xx.2007-ci ildə həmin sektora daimi mühəndis vəzifəsinə təyin olunub, xx.xx.2010-cu ildə həmin sektora aparıcı mütəxəssis vəzifəsinə keçirilib, xx.xx.2018-ci ildə struktur dəyişikliyi ilə əlaqədar informasiya sektorunun “informasiya və məlumat bankı qrupu”nun aparıcı mühəndisi təyin edilib, xx.xx.20021-ci ildə İdarənin “hesabatların tərtibatı” qrupuna mühəndis vəzifəsinə təyin edilib, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsinin 20 dekabr 2022-ci il tarixli, 235/k nömrəli əmrindən görünür ki, X11 Monitorinq İdarəsinin Ətraf Mühit üzrə Monitorinq Mərkəzinin “hesabatlarının tərtibatı qrupunun” mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 20 dekabr 2022-ci il tarixində xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi üçün əsas Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi, 77.3-cü və 80-ci maddələri olmuşdur. İş materiallarına əlavə edilmiş X11 Monitorinq İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 19 dekabr 2022-ci il tarixli, 19 nömrəli iclasının protokolunun surətindən görünür ki, X11 Monitorinq İdarəsinin rəsinin təqdimatı nəzərə alınmış və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 30 saylı bildirişdə qeyd edilmişdir ki, “Ekologiya və Təbli Sərvətlər Nazirliyi X13 Monitorinq İdarəsinin fəaliyyətini, strukturunu və idarəedilməsini daha da təkmilləşdirmək, fəaliyyət istiqamətləri üzrə xərc komponentlərinin optimallaşdınlması məqsədi ilə struktur dəyişikliklərinin aparılması və ştatların ixtisar edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Azerbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən xəbərdarlıq edilirsiniz ki, Sizinlə bağlanmış əmək müqaviləsi Məcəllənin 70- ci maddəsinin “b” bəndinə əsasən ixtisar ediləcəkdir. Bununla əlaqədar Azerbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən xəbərdarlıq edilirsiniz ki, Sizinlə bağlanmış əmək müqaviləsi Məcəllənin 70- ci maddəsinin “b” bəndinə əsasən ixtisar ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqınız saxlanılmaqla İş yeri axtarmaq üçün Sizə bir iş günü təqdim edilə bilər. Bildiririk ki, xəbərdariıq müddəti ərzində ixtisasınıza uyğun olan başqa iş yeri müəyyən edilərsə, Sizə bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əhlək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığınız olduğu halda, xəbərdarlıq müddəti əvəzinə bu müddətə uyğun orta aylıq əmək haqqınızın müvafiq misli məbləğini birdəfəyə ödəməklə müvafiq əsasla Sizinlə bağlanmış emək müqaviləsinə xitam verilə bilər. X11 Monitorinq İdarəsində işləmək arzusunda olduğunuz təqdirdə isə bildiririk ki, İdarəyə işə qəbul müsahibə komissiyası tərəfindən keçiriləcək müsahibənin nəticəsinə əsasən aparılacaqdır. Nəzərinizə çatdırırıq ki, Sizə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər qurumlarında mövcud olan müvafiq vakant yerlər təklif olunacaqdır.” İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsinin xx.xx.2022-ci il tarixli 075/Ü saylı əmrindən görünür ki, həmin əmrlə X13 Monitorinq İdarəsində vakant vəzifələrə işə qəbula dair müsahibəsinin keçirilməsi məqsədilə komissiya yaradılmışdır. İş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 1040/Ü saylı əmrindən görünür ki, X13 Monitorinq İdarəsinin “Ətraf Mühiti üzrə Monitorinq Mərkəzi”nin “Hesabatların tərtibatı qrupu”nun və Milli Hidrometeorologiya Xidmətinin “Ətraf Mühit üzrə Monitorinq Mərkəzi”nin əsasında X13 Monitorinq İdarəsinin “Ətraf Mühit üzrə Monitorinq Mərkəzi”nin “Ətraf mühitin çirklənməsinin monitorinqi qrupu” yaradılmışdır. Həmin əmrin 5.1-ci bəndi ilə Milli Hidrometereologiya Xidmətinin ləğv edilən “Ətraf Mühit üzrə Monitorinq Mərkəzi”nin və X13 Monitorinq İdarəsinin “Ətraf Mühiti üzrə Monitorinq Mərkəzi”nin “Hesabatların tərtibatı qrupu”nun işçilərinin Nazirliyin tabeliyindəki digər qurumlarda müvafiq vakant vəzifələrə təyin edilmələri ilə bağlı məsələlərin həlli nəzərdə tutulmuşdur. Həmin əmrin 5.2-ci bəndi ilə həmin Əmrin 1-ci bəndinə əsasən yaradılmış qrupa X13 Monitorinq İdarəsi ilə birlikdə kadrların təyinatını obyektivlik və şəffaflıq meyarları əsasında müsabiqə keçirilməsi yolu ilə təşkil olunması nəzərdə tutulmuşdur. İş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 1225/Ü saylı əmrindən görünür ki, biri digərinin səlahiyyətini təkrarlayan qurumlarda olan ənənəvi idarəetmə modelindən optimal idarəetmə modelinə keçidi və monitorinqin aparılmasının vahid qurum tərəfindən həyata keçirilməsini təmin etmək məqsədilə X13 Monitorinq İdarəsinin “Ətraf Mühiti üzrə Monitorinq Mərkəzi”nin “Hesabatların tərtibatı qrupu”nun və Milli Hidrometeorologiya Xidmətinin “Ətraf Mühit üzrə Monitorinq Mərkəzi”nin əsasında X13 Monitorinq İdarəsinin “Ətraf Mühit üzrə Monitorinq Mərkəzi”nin “Ətraf mühitin çirklənməsinin monitorinqi qrupu” yaradılmışdır. Həmin əmrlə X13 Monitorinq İdarəsinin strukturu təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsinin struktur dəyişikliyi ilə bağlı vakant vəzifələrə keçirilmiş imtahanın xx.xx.2022-ci il tarixli 02 saylı protokolundan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2022-ci il 21 oktyabr tarixli, 1040/ü nömrəli əmrinə əsasən X13 Monitorinq İdarəsinin “Ətraf Mühiti üzrə Monitorinq Mərkəzi”nin “Hesabatların tərtibatı qrupu”nun və Milli Hidrometeorologiya Xidmətinin “Ətraf Mühit üzrə Monitorinq Mərkəzi”nin əsasında X13 Monitorinq İdarəsinin “Ətraf Mühit üzrə Monitorinq Mərkəzi”nin “Ətraf mühitin çirklənməsinin monitorinqi qrupu” yaradılmışdır. Qeyd edilən əmrin icrası ilə bağlı yeni yaradılmış Ətraf mühitin çirklənməsinin monitorinq qrupunda vakant ştat vahidlərinin tutulması məqsədi ilə 2022-ci il 29 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında imtahan təşkil edilmişdir. İmtahanda Milli Hidrometeorologiya Xidmətinin Ətraf Mühit üzrə Monitorinq Mərkəzinin 13, X13 Monitorinq İdarəsinin Hesabatların tərtibatı qrupunun 7, ümümilikdə 20 əməkdaş iştirak etmişdilər. İmtahan kompyuter vasitəsilə və video çəkiliş aparmaqla həyata keçirlmişdir. İmtahanda iştirak edən əməkdaşların hər birinə 60 test tapşırığı (bundan 40 sual vəzifə istiqaməti üzrə, 20 sual isə ümumi dünyagörüşü) təqdim olundu. İmtahanın nəticələri kompyuter vasitəsilə hesablanmışdır. Həmin protokoldan görünür ki, İmtahanın nəticələri aşağıdakı kimi olmuşdur: Vüsalə Süleymanova 51.7%, Aytən Hümbətova 51.7%, Aysel Əliyeva 43.3%, İddiaçı 28.3%, Xuraman Musayeva 75%, Süsən Mehdiyevə 41.7%, Pərvin Əhmədova 31.7%, Səda Əliyeva 26.7%, Leyla Əzəmmədova 66.7%, Aydan Şəfiyevə 41.7%, Fəxrəndə Quliyeva 30%, Əsimə Namazova 46.7%, Rəhilə Hüseynova 28.3%, Ülkər Ağayarova 38.3%, Xədicə Qasımova 78.3%, Günel Sadıqova 76.7%, Minəxanım Şirinli 51,7%, Elmira Salmanova 46.7%, Dilarə Gülməmmədova 28.3%, Nigar Fərəcova 0%. Həmin protokoldan görünür ki, imtahanda 60 sualdan 36-na düzgün cavab vermiş (60% və ondan yuxarı göstərici) 4 əməkdaşın yeni yaradılmış Ətraf mühitin çirklənməsinin monitorinq qrupuna vakant vəzifələrə təyin edilməsi və tətbiq olunan limit çərçivəsində bal toplayan əməkdaşların sayı az olduğundan keçid balının 51%-ə endirilməsi qərara alınmışdır. Belə ki, Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı X11 Monitorinq İdarəsində xx.xx.2021 tarixdə “hesabatların tərtibatı qrupuna mühəndis vəzifəsinə təyin edilmişdir. 20 dekabr 2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. İşdə olan sənədlərə əsasən - X13 Monitorinq İdarəsinin “Ətraf Mühiti üzrə Monitorinq Mərkəzi”nin “Hesabatların tərtibatı qrupu”nun və Milli Hidrometeorologiya Xidmətinin “Ətraf Mühit üzrə Monitorinq Mərkəzi”nin əsasında X13 Monitorinq İdarəsinin “Ətraf Mühit üzrə Monitorinq Mərkəzi”nin “Ətraf mühitin çirklənməsinin monitorinqi qrupu” yaradılmışdır. Ləğv edilən qurumların işçilərinin Nazirliyin tabeliyindəki digər qurumlarda müvafiq vakant vəzifələrə təyin edilmələri nəzərdə tutulmuşdur. Yeni yaradılmış qrupa kadrların təyinatının obyektivlik və şəffaflıq meyarları əsasında müsabiqə keçirilməsi yolu ilə təşkil olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsinin struktur dəyişikliyi ilə bağlı vakant vəzifələrə keçirilmiş xx.xx.2022-ci il tarixli imtahanın nəticələrinə görə İddiaçı 28.3% bal toplamasına baxmayaraq, onunla əmək müqaviləsinə ştatların ixtisarı səbəbi ilə xitam verilmişdir, həmin imtahanda 26.7% bal toplamış Səda Əliyeva adlı şəxs isə daha az bal toplamasına baxmayaraq cavabdeh qurumda işlə təmin edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsinə müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən isə, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Əmək Məcəlləsinin 78.2-ci maddəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, əsgər və zabitlərin arvadına (ərinə), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə, xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin yuxarıda qeyd edilmiş 71.3-cü maddəsinin tələblərinə baxmayaraq cavabdeh təşkilat iddiaçının işdən azad olunmasının qanunun tələbinə uyğun aparıldığını əsaslandıra bilməmişdir. Belə ki, sübutetmə vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Cavabdehin etirazının məzmunundan görünür ki, imtahanın keçirilməsində məqsəd - ştatların ixtisarından sonra yeni yaradılmış qurumda peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işlə təmin edilməsi olmuşdur. Belə olduğu halda iddiaçının deyil, imtahanda daha az bal toplayan şəxsin işlə təmin edilməsinin əsaslarını cavabdeh təşkilatın nümayəndəsi əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbləri qaydasında ştatların ixtisarı həyata keçirilərkən peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanıldığı cavabdeh tərəfindən əsaslandırılmadığından iddiaçının işdən azad edilməsi sözügedən maddənin pozulması ilə həyata keçirilmişdir. Bundan başqa, cavabdehin etirazının məzmunundan görünür ki, sözügedən imtahan ilə yüksək nəticə göstərən şəxslərin təyinatı həyata keçirilmişdir. Lakin məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, ştatların ixtisarından sonra yeni yaradılmış quruma imtahanda iştirak etməyən 3 şəxs işlə təmin edilmişdir. Yeni yaradılmış quruma işə cəlb olunma imtahanın keçirilməsi yolu ilə həyata keçirildiyindən imtahanda iştirak etməyən 3 şəxsin işlə təmin edilməsinin əsaslarını cavabdeh təşkilatın nümayəndəsi əsaslandıra bilməmişdir. Belə ki, cavabdeh təşkilat ştatların ixtisarının baş verməsini təsdiq edən sənədləri təqdim etməsinə baxmayaraq, ştatların ixtisarı nəticəsində iddiaçının işdən azad edilməsinin qanunauyğunluğunu əsaslandıra bilməmişdir. Belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilməsi qanuni və əsaslı hesab edilə bilməz. Bundan başqa cavabdeh təşkilatın İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 30 saylı bildirişdə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022ci il tarixli 1040/Ü saylı əmrinin 5.1-ci bəndində ixtisardan sonra ləğv edilmiş qurumların işçilərinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər qurumlarında mövcud olan müvafiq vakant yerlərin təklif edilməsinin nəzərdə tutulmasına baxmayaraq, cavabdehin izahatının məzmunundan görünür ki, həmin məsələlər iddiaçı ilə müzakirə olunmamışdır. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsinin 20 dekabr 2022-ci il tarixli, 235/k nömrəli əmri ləğv olunmalı və İddiaçı X11 Monitorinq İdarəsinə “mühəndis” vəzifəsinə işə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin Qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixli 225/k nömrəli əmri məhkəmə tərəfindən ləğv edildiyindən Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsi İddiaçı şamil olunmalı və sonuncu iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən iddiaçılar əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı iddia tələbi təmin edildiyindən və o, dövlət rüsumunu ödəməkdən azad olunduğundan iş üzrə 38 (otuz səkkiz) manat dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 Monitorinq İdarəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsinin 20 dekabr 2022-ci il tarixli, 235/k nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsinə “mühəndis” vəzifəsinə işə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilsin. 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 Monitorinq İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar