Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2309/2021 16.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 42 saylı evin 340B saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 42, mənzil 340B iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzil iddiaçının atası X1 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə iddiaçıya bağışlama müqaviləsi əsasında hədiyyə verilmişdir. Cavabdeh iddiaçının keçmiş arvadıdır. O, xx xxxxxx 2019-cu il tarixdən iddiaçıya məxsus mənzildə qeydiyyatdadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulmuş, həmin qətnamə qüvvəyə minmişdir. Cavabdeh artıq uzun müddətdir ki, iddiaçıya məxsus mənzildə yaşamır, onun formal olaraq mənzildə qeydiyyatda olması bir mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək onun təmin olunmasını xahiş etdi. O, izahatında mübahisəli mənzildən istifadə hüququnun itirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdeh xx xxxx 2011-ci ildə rəsmi nikaha girərək ailə qurmuşlar. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 42, 340B saylı mənzil xx xxxxxx 2019-cu il tarixdə atası tərəfindən bağışlama müqaviləsi əsasında iddiaçıya verilmişdir və hazırda onun mülkiyyətindədir. Cavabdeh iddiaçının həyat yoldaşı olmuş, xx xxxxxx 2019-cu il tarixdən həmin mənzilə pasport qeydiyyatına alınmışdır, onun mənzilə istifadə hüququ yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulmuş, həmin qətnamə qüvvəyə minmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranan ailə hüquq münasibətləri 2011-ci ildə yarandığından hazırkı mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, xx xxxxxxx 2009-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli mənzilə xx xxxxxx 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Onun mübahisəli mənzillə bağlı istifadə hüquqları yaranmışdır. Tərəflər arasındakı nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh artıq uzun müddətdir ki, iddiaçıya məxsus mənzildə yaşamır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə verilmiş ərizədən görünür ki, o, iddia tələbini qəbul edərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh mübahisəli mənzildən qeydiyyatdan çıxarılmağa etirazının olmaması, iddiaçıdan heç bir kompensasiya tələb etməməsi də iş materiallarına əlavə edilmiş ərizə ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə yuxarıda sadalananlara əsasən, belə nəticəyə gəlir ki, tərəflər arasındakı nikah rəsmi qaydada pozulduğundan, Cavabdeh mübahisəli mənzildə qeydiyyatda qalması formal xarakter daşıdığından və onun mübahisəli mənzildən qeydiyyatdan çıxarılmağa heç bir etirazının olmaması əsas götürülərək, iddia tələbi təmin edilməli və Cavabdeh mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 42, 340B saylı mənzildən istifadə hüquqları itirilsin. Ödənilmiş 10 ( on ) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2309/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2309/2021
16.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver