Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2312/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi cəlb edilməklə) “yaşayış sahəsindən çıxarılma, mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı – cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə onun mülkiyyətində olan Xətai rayonu, G.Şıxlinski küçəsi, məhəllə 2942 D, 1 saylı evin 3 otaqlı 9-cu mənzilindən çıxarılmaları, mənzilin boşaldılması və ona təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, məhəllə 2942 D, İ saylı evin 3 otaqlı 9-cu mənzili 3 nəfər ailə üzvləri tərkibində Yasamal rayon İcraiyyə Komitəsinin qərarı ilə 13 iyul 1992-ci il tarixli 004536 №-li order əsasında verilmişdir. Mənzilə order aldıqdan bir müddət sonra ora köçmək istədikdə mənzilin cavabdehlər tərəfindən zəbt olunmasını görüblər, etiraz etməklərinə baxmayaraq mənzili boşaltmaqdan imtina etdilər və söz verdilər ki, tezliklə başqa yerdə özlərinə yer tapıb mənzili onlara təhvil verəcəklər, lakin sonralar müxtəlif bəhanələr gətirib Şuşa şəhərinin işğaldan azad olunmasından sonra mənzili boşaltmağa vədlər vermişlər. Şuşa şəhəri azad olunduqdan sonra yenə onlara müraciət etməklərinə baxmayaraq indiyə kimi mənzili boşaltmamışlar, indiyə kimi öz mənzillərinə köçə bilməyiblər. Hazırda iddiaçı onkoloji xəstədir, bir neçə dəfə müalicə alsa da sağalmayıb, müalicəsi hazırda da davam etdirilir. Ailə üzvlərinin razılığı ilə mənzil özəlləşdirilmişdir və onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 17 oktyabr 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bütün keçmiş illər ərzində cavabdehlərdən humanist addım olaraq mülkiyyətçisi olduğu Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evin 3 otaqlı 9-cu mənzilini boşaltmalarını gözləsə də, yanılmış, müsbət nəticəsi olmamış, mülkiyyətindən məhrum olmuş, mənzilin mülkiyyətçisi olsa da mənzildə yaşaya bilməmiş, ailəsi ilə birlikdə qohumlarının evində yasamağa məcbur olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar, məhkəməyə gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 01/301 saylı məktubdan görünür ki, Şuşa rayonundan məcburi köçkünlər - X1, həyat yoldaşı Cavabdeh1, övladı Cavabdeh2, gəlini Cavabdeh3 və iki azyaşlı nəvələri ilə birgə məcburi köçkünlərin sıx məskunlaşma obyekti olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942D-ci məhəllədə yerləşən 1 saylı evin 9 nömrəli mənzilində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. X1 vəfat etmişdir. İş materiallarına əlavə edilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023cü il tarixli arayışdan görünür ki, İddiaçı, X4, X3 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942D-ci məhəllədə yerləşən 1 saylı evin 9 nömrəli mənzili iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə cavabdehlər Şuşa şəhərindən məcburi köçkündülər və mübahisəli mənzildə müvəqqəti məskunlaşaraq məcburi köçkün kimi orada məskunlaşıblar. İddiaçı cavabdehlərdən mülkiyyətində olan mənzili boşaltmağı və ona təhvil verilməsini tələb etsə də, onlar bundan imtina etmişlər. Cavabdehlərin mübahisəli mənzildə həmin mənzilin mülkiyyətçinin iradəsinə zidd yaşamaqları iddiaçının mülkiyyət hüquqlarına müdaxilə və mülkiyyətə qəsd kimi qiymətləndirilir. Bu səbəbdən iddiaçı cavabdehlərin məcburi qaydada mülkiyyətində olan mənzillərdən çıxarılmasını tələb etməkdə tam haqlıdır Məhkəmə qeyd edir ki, cavabdehlərin heç bir qanuni əsas olmadan iddiaçının mülkiyyətində olan mənzildə yaşamaları, iddiaçını mülkiyyətində olan mənzildən sərbəst istifadə edə bilməməsi və bununla da mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Cavabdehlərin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşamaları iddiaçının mülkiyyətçi kimi Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qorunan hüquqlarını pozduğundan və daşınmaz əmlakın mülkiyyətçisi kimi onun mülkiyyət hüququnun həyata keçirilməsi məhdudlaşdırdığından, cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair hüquqları qanunvericiliyin tələblərinə uyğun yaranmışdır, cavabdehlərin isə həmin mənzilə istifadə hüququnun olmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Odur ki, göstərilənlər nəzərə alınaraq iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 azyaşlı uşaqları ilə birlikdə İddiaçınn xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evin 9 saylı mənzilindən çıxarılsınlar və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2312/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2312/2023
16.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver