Məhkəmə qərarları › İş №2(011)-2314/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2314/2023

12.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2314/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, Ərizəçi vəkili və nümayəndəsi Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi “iş stajının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “iş stajının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 1983-1985-ci illərdə Tərtər rayonu Poladlı kəndində Lenin adına kolxozda “pambıqçı” vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, 2006-cı il tarixədək 20 il ümumi iş stajının tamam olmadığı əsas gətirələrək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməkdən imtina edilmişdir. Ərizəçi qeyd edir ki, o 1983-cü, 1984-cü, 1985-ci illərdə Tərtər rayonu Poladİı kəndində Lenin adına Kolxozda pambıqçı vəzifəsində işləmişdir. Lakin bunu sübut edə biləcək əmək kitabçası yoxdur. Tərtər rayon Dövlət Arxivinə verilmiş sorğuya gələn cavabdan Ərizəçi aid hər hansı bir sənədin təhvil verildiyi görülmür. Odur ki, ərizəçinin həmin Kolxozda işləməsi faktının yalnız məhkəmə qaydasında müəyyən edilməsinin zərurəti vardır. Ərizəçi xx.xx.1968-ci il tarixdə Tərtər rayonunda anadan olmuşdur. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra o, Lenin adına kolxozda pambıqçı vəzifəsində işləmişdir. Bunu hətta həmin dövrdə Tərtər rayonu Lenin adına kolxozda çalışan digər işçilər də şahid qismində təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 15 yaşından, yəni 1983-cü, 1984-cü, 1985-ci illərdə Tərtər rayonu Poladİı kəndində Lenin adına Kolxozda pambıqçı vəzifəsində işləmişdir. O, həmin illərdə kolxozda pambıq sahələrində pambığın yığılması, pambıq sahələrinin təmizlənməsi və sair işləri görürdü. Buna görə də həmin dövr məhkəmə qaydasında iş stajı kimi müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iddia tələblərinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin sözügedən filial tərəfindən 29 noyabr 2022-ci il tarixli **********6 nömrəli məktubda Ərizəçi 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 3 ay 29 gün (xx.xx.1986-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) güzəştli iş stajı isə 10 ildən az (9il 10 ay 26 gün (xx.xx.1991-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyindən mümkün hesab edilmədiyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş 11 yanvar 2023-cü il tarixli 01 nömrəli Tərtər rayon Dövlət Arxivi tərəfindən sorğuya cavab məktubunda sabiq “Lenin" kolxozunun 1983- 1984-1985-ci illərə aid staj kitabları və əməkhaqqı kitablarına tərəflərindən baxış keçirilərək vətəndaş Mahmudova (Kərimova) Qəndilə Əvəz qızının adı aşkar olunmadığı bildirilmişdir. İş materiallarına əlavə edilmiş sorğuya verilmiş cavabdan aydın olur ki, hüquqi əhəmiyyətli sənədlər mövcüddür, lakin ərizəçinin adına rast gəlinməmişdir. Bu özü-özlüyündə ərizəçinin qeyd olunan kolxozda işləmədiyini təsdiq edir. Bu səbəbdən iş üzrə 11 yanvar 2023-cü il tarixli 01 nömrəli Tərtər rayon Dövlət Arxivinin cavab məktubu olduğu üçün həmin sübutlara qiymət vermək inzibati məhkəmənin səlahiyyətinə aiddir. Buna görə də ərizənin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Tərtər rayon İcra Hakimiyyəti Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01 saylı məktubunun surətindən görünür ki, 1983-1984-1985-ci illərə aid staj kitabları və əmək haqqı kitablarına baxış keçirilmiş, vətəndaş Mahmudova(Kərimova) Qəndilə Əvəz qızının adı aşkar olunmamışdır. Bununla da, iş materiallarına əlavə edilmiş sorğuya cavabdan aydın olur ki, hüquqi əhəmiyyətli sənədlər mövcüddür, lakin ərizəçinin adına rast gəlinməmişdir. Buna görə də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə təmin edilməli deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli deyil. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********6 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubun surətindən görünür ki, Ərizəçi təqdim etdiyi sənədlərlə onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 3 ay 29 gün (xx.xx.1986-.xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) və güzəştli iş stajı 10 ildən az (9 il 10 ay 26 gün (xx.xx.1991-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Tərtər rayon İcra Hakimiyyəti Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 01 saylı məktubunun surətindən görünür ki, 1983-1984-1985-ci illərə aid staj kitabları və əmək haqqı kitablarına baxış keçirilmiş,vətəndaş Mahmudova(Kərimova) Qəndilə Əvəz qızının adı aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Ərizəçi məxsus ИT-İ seriyalı №2385731 saylı əmək kitabçasının surətindən görünür ki, Ərizəçi ilk dəfə əmək fəaliyyətinə xx.xx.1990-ci il tarixdə başlamışdır. Əmək kitabçasında onun əvvəllər “Lenin” kolxozunda işləməsinə dair hər hansı qeyd yoxdur. İş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, ərizəçinin həmkəndlisidir. Ərizəçi onunla birlikdə 1983, 1984-cü illərdə Tərtər rayonunda Lenin adına kolxozda işləyib. Daha sonra o bildirmişdir ki, ərizəçi 1984, 1985-ci illərdə kolxozda işləmişdir. İlləri tam dəqiqliyi ilə deyə bilmir. Ərizəçi və digərləri balaca uşaq olarkən kəndin bütün əhalisi kimi kolxozda işləyirdilər. Dekabr və yanvar ayları çıxmaqla digər aylarda bütün əhali kolxozda işləyirdi. O vaxtlar kənd yerində işsiz heç kəs qalmırdı, hamı kolxozda işləyirdi. Onun özünün həmin kolxozda işləməsi əmək kitabçasında da qeyd edilib. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, X7 1979- 1998-ci illərdə sabiq “Lenin” adına kolxozda müxtəlif vəzifələrdə işləmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, ərizəçinin həmkəndlisidir və onlar birlikdə 80-ci illərdə orta məktəbdə oxuyarkən Tərtər rayonunda “Lenin” adına kolxozda çalışmışlar. İlləri hazırda dəqiq xatırlaya bilmir, təqribi deyə bilər ki, ərizəçi ilə 1985-ci, 1986-cı ildən kolxozda işləmişdir. Təzyiqi olduğuna görə illəri dəqiqliyi ilə xatırlamır. Ola bilsin ki, 1983-cü ildən birlikidə işləyiblər. Onun özünün həmin kolxozda işləməsi əmək kitabçasında da qeyd edilib. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, X2 1979- 1998-ci illərdə sabiq “Lenin” adına kolxozda müxtəlif vəzifələrdə işləmişdir. İş üzrə şahid qismində dindirilmiş X6 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. Qeyd edir ki, özü Lenin adına Kolxozda 1983-1987-ci illərdə işləmişdir. Ərizəçi isə həmin kolxozda təxminən 1981—1988-ci illərdə çalışmışdır. Onun özünün həmin kolxozda işləməsi əmək kitabçasında qeyd edilməyib, lakin bununla bağlı arayış almışdır. İş materiallarına əlavə edilmiş Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 1984, 1985, 1987-ci illərdə sabiq “Lenin” adına kolxozda işləmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, ərizəçinin həmkəndlisidir. Qeyd edir ki, ərizəçinin onunla birgə kolxozda işlədiyi illəri dəqiq xatırlaya bilmir. İlk olaraq ərizəçinin kolxozda 1984-cü ildən 1986 və 1987-ci illərədək işləməsini, daha sonra isə onun 1980-ci ildən 1987-ci ilədək işlədiyini qeyd etmişdir. O bildirmişdir ki, ərizəçi şənbə və bazar günləri 8 saat, digər günlərdə isə gün ərzində 4 saat işləmişdir. Onun özünün həmin kolxozda işləməsi əmək kitabçasında da qeyd edilib. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, X5 1979- 1998-ci illərdə sabiq “Lenin” adına kolxozda müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisələrin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat və ya sistemdə birgə işdən tanıyan ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Mülki işin materiallarından görünür ki, ərizəçi güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin ona əmək pensiyası təyin edilməsindən iş stajının az olması səbəbindən imtina olunmuşdur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, ərizəçi ilk dəfə əmək fəaliyyətinə xx.xx.1990-ci il tarixdə başlamışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, “iş stajının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi” barədə ərizə təmin edilməməlidir. Belə ki, ərizəçinin Tərtər rayonunda sabiq “Lenin” adına kolxozda işləməsi faktının təsdiq edilməsi üçün məhkəmə iclasına dörd nəfər şahidin çağırılmasına baxmayaraq, şahid X3 əmək kitabçasında onun həmin müəssisədə işləməsinə dair qeyd yoxdur. Digər şahidlər isə: X7, X6, X5 - ərizəçinin Tərtər rayonunda sabiq “Lenin” adına kolxozda işləməsi ilə bağlı dəqiq illəri xatırlamadığını bildirmişlər. X1 ifadəsindən görünür ki, 80-ci illərdə kəndin əhalisinin əksəriyyəti uşaqlar da daxil olmaqla, kolxozun ərazisində bu və ya digər təmizlik işlərinə cəlb edilmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş stajının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi üçün ərizəçinin müəyyən vaxtlarda kolxozun ərazisində müəyyən əməklə məşğul olması deyil, onun sözügedən kolxozda işçi qismində əmək münasibətlərinə daxil olması və əmək münasibətləri ilə bağlılığı öz təsdiqini tapmalıdır. Əmək münasibətlərini digər növ münasibətlərdən fərqləndirən başlıca cəhət odur ki, əmək münasibətləri – işçinin qəbul edildiyi vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə yerinə yetirilməsinə əsaslanan münasibətlərdir. Hazırkı iş materialları və şahid ifadələri ilə ərizəçinin 1983-1985-ci illərdə sözügedən kolxozda işçi qismində əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmamışdır. Sübutlara gəldikdə məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: Ərizəçi “iş stajının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar