Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2319/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa və maddi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunmağının qanunsuz hesab edilərək, əvvəlki iş yeri olan Cavabdeh QSC-nin Zığ Gəmi təmiri və Tikintisi Zavoduna Gövdə Qaynaq bölməsində gəmi-gövdə təmirçisi vəzifəsinə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum etmiş bütün vaxt üçün 17 yanvar 2022-ci il tarixdən başlayaraq, işə bərpa olunduğu günə qədər orta əmək haqqının Cavabdeh QSCnin Zığ Gəmi təmiri və Tikintisi Zavodundan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçıiddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 28 dekabr 2009-ci il tarixdən Azərbaycan dövlət X9 Zaqjederasiyası adına gəmi təmiri zavodunda Gövdə qaynaq sexinə l-ci dərəcəli gəmi-gövdə təmirçisi vəzifəsinə qəbul edilmişdir, bu vəzifəsi 25.12.2009-cu il tarixli, 158 nömrəli əmrlə rəsmiləşdirilmiş, daha sonra, 01.03.2010-cu il tarixdə həmin sexdə ona gəmi gövdə təmirçisinin 2-ci ixtisas dərəcəsi, 07.06.2011-ci il tarixdə 3-ci ixtisas dərəcəsi verilmişdir, 01.04.2013-ci il tarixdə ADXDG "Gəmi təmiri və gəmiqayırma” İB-nin Gəmi Təmiri İstehsalat Bazasının Gövdə sexinə 3-cü dərəcəli gəmi gövdə təmirçisi peşəsinə keçirilmişdir, bu, 01.04.2013-ci il tarixli, K-90 saylı əmrlə rəsmiləşdirilmişdir, 03.02.2014-ci il tarixdə gövdə-qaynaq sexinə 3-cü dərəcəli gəmi gövdə təmirçisi peşəsinə keçirilmişdir, 01.10.2015-ci il tarixdə gövdə-qaynaq bölməsində 4-cü dərəcəli gəmi gövdə təmirçisi ixtisas dərəcəsi verilmişdir, 06.09.2017-ci il tarixdə AXDG QSC-nin Zığ Gəmi Təmiri Zavodunun adı dəyişdirilərək, AXDG QSC-nin “Zığ Gəmi Təmiri və Tikintisi" zavodu adlandırılmışdır, 01.02.2018-ci il tarixdə həmin bölmədə ona gövdə təmirçisi peşəsinin 5-ci ixtisas dərəcəsi verilmişdir, 03.02.2014-cü il tarixli Əmək Müqaviləsinə əsasən, İşçi kimi Əmək funksiyasını Cavabdeh QSC üzrə qüvvədə olan Daxili İntizam qaydalarının, təlimatların, digər daxili sənədlərin tələblərinə uyğun olaraq yerinə yetirmək; işçi vəzifə təlimatı üzrə öhdəlikləri və bilavasitə tabe olduğu rəhbər (sədr, sədr müavini, şöbə, idarə, departament və ya xidmət rəisi tərəfindən verilmiş tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməyə borclu olması vəzifəsini götürmüşdür, gövdə-qaynaq sahəsində gəmi-gövdə təmiri işləri ona həvalə edilmişdir, 17.01.2022-ci il tarixli 05/K saylı əmrə əsasən, tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17.01.2022-ci il tarixdə azad olunmuş, əmək kitabçası şəxsən ona verilmiş və həmin vaxtdan işləmir, əmək kitabçasından belə məlum olur ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun qaynaq bölməsinin gövdə sahəsində 28.12.2009-cu il tarixdən 17.01.2022-ci il tarixədək 5-ci dərəcəli gəmi gövdə təmirçisi vəzifəsində çalışmış, səbəb kimi, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi (heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməyi), əmrin verilməsi üçün əsaslar isə 'həmkarlar İttifaqının razılığı və məhkəmənin hökmü göstərilmişdir, həmin zavodda 28.12.2009-cu il tarixdən 17.01.2022-ci il tarixədək çalışmağına baxmayaraq, bir işçi kimi, ona nə işə qəbul edilməyi barədə əmrinin surəti, nə də ki əmək müqaviləsi verilməmişdir, müqaviləsinə xitam verildikdən bir neçə gün və tələb etdikdən sonra 03.02.2014-cü il tarixli əmək müqaviləsi ona verilmiş, lakin işə qəbul edilməyi barədə əmrin surətinin ona verilməsindən imtina edilmişdir, 21 yanvar 2022-ci il tarixli müraciətinə əsasən, ərizəsində qeyd olunan 25 dekabr 2009-cu il tarixli 158 saylı işə qəbul barədə əmrin surəti '‘Azərbaycan X9” Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 02 fevral 2022-ci il tarixli RMO1/03/Ə-10-03 nömrəli məktubu ilə ona verilmişdir, kadrlar şöbəsindən Elektron informasiya Sistemindən əmək müqaviləsinin bildirişini tələb etdikdə, tələbini rədd edərək, həmin Bildirişi ona verməkdən imtina etmişdirlər, əmək müqaviləsinə xitam verilərkən əmrin verilməsi üçün əsaslardan biri kimi Həmkarlar İttifaqının razılığı ilə də tanış edilməmişdir, həmçinin, sifarişli-xəbərnaməli poçt vasitəsilə həmin zavoda ərizəsini göndərsə və ərizəsində qeyd etdiyi sənədlərdən biri həmkarlar ittifaqının razılığının surətini tələb etsə də, heç bir müsbət nəticəsi olmamış və ona poçtla göndərdiyi ərizədə həmin sənədlərin surətləri də verilməmişdir, işdən azad edildikdən bir neçə gün sonra tələbi əsasında 576 №li, 03.02.2014-cü il tarixli Əmək Müqaviləsinə 3563 saylı əlavə və dəyişiklik olan bir səhifədən ibarət 01.02.2018-ci il tarixli məlumat xarakterli, möhürlü və imzalı sənəd verilmişdir, sənədə əsasən, ona hər ay ödənilən əmək haqqı 593 manat təşkil edir, əmək haqqı barədə ayrıca arayış tələb etsə də, heç bir cavab və tələb etdiyi sənədlər verilməyibdir, orta əmək haqqı 2021-ci ilin oktyabr, noyabr, dekabr və yanvar ayları üçün düzgün hesablanmamış və verilməmişdir, həmin müddət ərzində əmək haqqının Arayış verilmədiyi üçün neçə manat təşkil etməsi barədə məlumatı yoxdur, 03.02.2014-cü il tarixli 576 nömrəli əmək müqaviləsindən də görünür ki, həmin əmək müqaviləsi yenidən tərtib edilməyib və həmin dəyişikliklər əmək müqaviləsinə əlavə edilməyibdir, AR Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə 02.10.2021-ci il tarixdə ittiham elan edilmiş və barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablanmışdır, Bakı şəhəri Xətai rayon məhkəməsinin 11.01.2022-ci il tarixli hökmü ilə seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və dərhal məhkəmə iclas zalından azad edilmişdir, həbsdə saxlanıldığı 3 ay 11 gün bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 02 il müddətinə azadlığın Məhdudlaşdırılması cəzasından 6 ay 22 gün çıxılmaqla, üzərində qəti olaraq 1 il 5 ay 8 gün müddətinə azadlığının mədudlaşdırılması cəzası saxlanılmışdır, bu səbəbdən həmin dövrdə işə gələ bilməmişdir, 11.01.2022-ci il tarixdən həbsdən azad edildikdən sonra növbəti gün işlədiyi həmin zavoda gələrək sexdə işə buraxılmağına icazə verilməsi barədə kadrlar şöbəsinə müraciət etmiş, bir neçə saat ərzində həmin zavodda gözləməyinə baxmayaraq, həmin sexdə işə buraxılmamışdır, davamlı olaraq bir neçə gün ərzində həmin zavodda olmuşdur, həmin zavodun kamera görüntüləri vasitəsilə dediyi faktları aşkara çıxarmaq olar, həmin zavodda olduğu müddət ərzində zavodun Kadrlar Şöbəsinə Bakı şəhəri Xətai rayon məhkəməsinin 02.10.2021-ci il tarixli, 4(011)-427/2021 saylı Qərarını, 11.01.2022-ci il tarixdə və həmin məhkəmənin 11.01.2022-ci il tarixli 49/2022 saylı Hökmünü isə məhkəmənin 14.01.2022-ci il tarixli məktubu ilə birlikdə 14.01.2022-ci il tarixdə təqdim etmişdir, həmin zavodda uzun illər ərzində canla-başla, vicdanla və canı bahasına işləmiş, ara-sıra hallarda istehsalat nəticəsində qəza keçirərək xəsarətlər almağına baxmayaraq, heç maddi zərər tələb etməmişdir, ona verilən bütün tapşırıqların öhdəsindən layiqincə gəlmişdir, buna görə də 5-ci dərəcəli gəmi gövdə təmirçisi peşəsinəcən yüksəlmişdir, məhkəmə hökmündən də göründüyü kimi, azadlıqdan məhrumetmə cəzasına deyil, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, bu isə işinə sərbəst şəkildə gedib-gəlməyinə heç bir maneçilik törətməyəcəkdir, 17.01.2022-ci il tarixli 05/K saylı əmrə əsasən mən tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (heç bir üzürlü səbəb anadan bütün iş günü işə gəlməməsi) 17.01.2022-ci il tarixdə azad, olunmuşdur, həm işdən çıxarılmağımbarədə əmrində, həm də əmək kitabçasında səbəb kimi, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, (heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməyi) göstərilmişdir, halbuki həmin, zavodun kamera görüntüləri bütün günü işə gəlməməyini istisna edir, həmin zavodda 12.01.2022-ci il tarixdən işdən çıxarıldığı günə qədər olmuş, onun hökmü gətirmək məqsədilə işdə olmadığından müdiriyyətin məlumatı olmuşdur, belə ki, 12 yanvar tarixində zavodun direktoru X1 qəbulunda olmuş, qəbul zamanı direktor Rəfael müəllim ona demişdir ki, “hökmün surətini gətir, hökmün surəti şəxsi işinə əlavə edildikdən sonra, üzürlü səbəb kimi işə bərpa ediləcəksən, sənəd ver ki sən 3 ay sanksiya müddətində olmusan, yoxlama zamanı iş düzgün olsun”, Rafael müəllim Kadrlar şöbəsinə göstəriş vermişdir ki, “Elçin hökmü təqdim edəcək onu üzrlü sayın və işə bərpa edin”, həmin ayın 12-si Rafael müəllim məzuniyyətə getmiş, 13-ü hökmü təqdim etmiş, direktorun dediklərinə əməl etsə də, bilərəkdən və qərəzli şəkildə zavodda ola-ola işinə buraxılmamışdır, iş yerinə gəmi gövdə təmiri sahəsində ixtisaslaşmış kadr olaraq, həmin zavod tərəfindən əmək müqaviləsinə xitam verilməsini qanunsuz, əsassız, ədalətsiz hesab edir, guya ki, əmək vəzifələrini kobud şəkildə pozmuşdur, halbuki, işə davam etməyindən ötrü qərəzli şəkildə işlədiyi sexə buraxılmamışdır, görünür ki, həmin zavodun həm rəhbərliyi, həm kadrlar şöbəsi, həm arxiv şöbəsi tərəfindən hüquqları və vəzifələri kobud şəkildə pozulmuşdur, üzrsüz səbəb olduqda işə gəlməsə idi, o halda işəgötürən tərəfindən akt tərtib edilməli və ondan izahat alınmalı idi, özbaşına işə gəlməmə halları olmurdu, əgər işə gəlməyəcəkdirsə, mütləq əvvəlcədən rəhbərliyə məlymat verilməli və icaəsi alınmalı idi, lakin üzürsüz səbəb halı müəyyən edilmədiyi üçün, ondan heç bir izahat alınmayıbdır, çünki həmin ərəfələrdə zavodda olmuşdur, həmkarlar ittifaqının iclaslarında iştirak etməmişdir, eyni zamanda, faktiki yaşadığı ünvana yazılı şəkildə xəbərdarlıq da edilməmişdir, əmrin verilməsi üçün əsaslardan biri kimi məhkəmənin hökmü göstərilmişdir, məhz məhkəmə hökmü onun üzürsüz deyil, üzürlü səbəbdən işə gəlməməyinin əsas sübutlardan biridir, Bakı şəhəri Xətai rayon məhkəməsinin Hökmünü məhkəmənin 14.01,2022-ci il tarixli məktubu ilə birlikdə 14.01.2022-ci il tarixdə ADXDG-nin Kadrlar şöbəsinə təqdim etmişdir, 02.02.2022-ci il tarixdə X6 Xidmətinə də “Azerexpresspost” sürətli poçt xidməti vasitəsilə yazılı ərizə ilə müraciət etmiş, lakin hələ də müraciətinə cavab verilməyibdir, Azərbaycan X9” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun 10 fevral 2022-ci il tarixli STİO3/03/Ə-17-04 №li Mediasiya müraciətinə cavabla bağlı Məktubu ona göndərildikdən sonra, həmin məktubda göstərilənlərin tamamilə cəfəngiyyat olduğunu və bundan sonra hüquqlarının kobud şəkildə pozulduğunu aşkar etmiş, 11 fevral 2022-ci il tarixdə yenidən işlədiyi həmin zavoda yazılı ərizə ilə “Azerexpresspost” sürətli, poçt vasitəsilə müraciət etmişdir, orta aylıq əmək haqqım barədə arayışı, elektron informasiya portalından əmək müqaviləsini və həmkarlar ittifaqının iclas protokolundan çıxarışın surətinin ona verilməsini xahiş etmiş, lakin, indiyə qədər bu sənədlərin heç biri ona göndərilməmişdir, intizam təhbehlərini almışdır, amma birini qəbul edir və özünü təqsirli bilir, lakin hamısından xəbəri var. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, hazırda iddiaçı olaraq istəyirlər ki, heç olmasa iddiaçının əmək kitabçasından Əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndi götürülsün, daha sonra iddiaçı özü ərizə yazıb işdən çıxacaq, lakin o maddənin əmək kitabçasında qalması şəxsin digər işlərə qəbul olunması üçün maneədir, bunun üçün barışıq sazişi imzalanmasının tərəfdarıdırlar, iddiaçı illərlə orada çalışmışdır, sanksiya müddətində onu işdən çıxarmamış, yalnız 3 günə görə işdən çıxarmışdırlar, iddiaçının hazırki məhkəmədə cinayət işi olmuş, həmin işdə də onun dövlət hesabına vəkili olmuşdur, lakin iddiaçı həbsdə olduqda onun harada işlədiyini özü bilməmişdir, əgər bilsə idi, sənədi iş yerinə təqdim edərdi, işi ilə bağlı ona sanksiya zamanı məlumat verilməmişdir, işdən 17 yanvar çıxıb və üç ay sanksiya müddətində əmək haqqı almayıb. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi F.F.Mirzəzadə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı "Azərbaycan X9” Qapalı Səhmdar Cəmiyyətinin "ZlG Gəmi Təmiri və Tikintisi” zavodunda 5-ci dərəcəli gəmi gövdə təmirçisi vəzifəsində işləmiş 17 yanvar 2022-ci il tarixli 05/k saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir, İddiaçı 30.09.2021-ci il tarixdə bütün iş günü ərzində işə gəlməməsi səbəbindən, onunla əlaqə saxlamaq mümkün olmadığından atası ilə əlaqə saxlanılmış və onun tərəfındən bildirilmişdir ki, oğlu İddiaçı oğurluq etdiyinə görə həbs olunmuşdur, bundan sonra mütəmədi olaraq iddiaçının atası ilə əlaqə saxlanılmış və həbs qətiimkan tədbirinin seçilməsi barədə qərarın işəgötürənə təqdim olunmasının zəruriliyi bildirilmişdir, lakin iddiaçının barəsində həbs qətiimkan tədbirinin seçilməsi barədə qərar təqdim edilməmiş və səbəbi barədə məlumat verilməmişdir, İddiaçı 12.01.2022-ci il tarixdə saat 15:00-da zavoda gəlmiş, ondan işə çıxmamasının səbəbi barədə soruşulduqda, həmçinin bu günə kimi işdə olmaması haqqında hər hansı sənədin olduğu və işəgötürənə təqdim edilməsinin zəruri olması bildirildikdə, iddiaçı onda hər hansı bir sənədin olmadığını bildirmiş və zavodu tərk etmişdir, tərəf faktiki olaraq sənədi təqdim etməmişdir, təqdim etsə idi, rəhbərlik məsələni müzakirə edərdi, bundan sonra 13.01.2022-ci il tarixdə iddiaçı yenidən işə çıxmamış və 14.01.2022-ci il tarixdə zavoda gələrək Xətai rayon məhkəməsinin 11.02.2022-ci il tarixli hökmünü təqdim etmişdir, 14.01.2022-ci il tarixdə “ZİG Gəmi Təmiri və Tikintisi" zavodunun Personalın idarə edilməsi və əmək haqqı şöbəsinin mütəxəssisləri X5, X7 və X3 tərəfindən akt tərtib edilmişdir, akta əsasən müəyyən olunur ki, gövdə-qaynaq bölməsinin 5-ci dərəcəli gəmi gövdə təmirçisi İddiaçı 30.09.2021-ci il tarixdə işə gəlmir, 12.01.2022-ci il tarixdə İddiaçı saat 15:00-da zavoda gəlmiş, ondan hansı səbəbdən işə çıxmamaması və bu günə kimi işdə olmaması haqqında müvafiq sənəd tələb edilmiş, lakin o belə bir sənədin olmadığını bildirmişdir, 14.01.2022-ci il tarixdə saat 10:00-da İddiaçı zavoda gələrək Bakı şəhəri Xətai rayon məhkəməsinin 11.01.2022-ci il tarixli hökmünü təqdim etmiş, hansı səbəbdən bu qədər işə çıxmaması barədə izahat verməkdən imtina etmişdir, həmçinin ona bildirilmişdir ki, işə üzürsüz səbəbdən işə gəlməməsi barədə AR Əmək Məcəlləsinin 70 a maddəsinin “ç" bəndi ilə işdən azad olunacaqdır, 14.01.2022-ci il tarixdə işəgötürən tərəfindən “ZİĞ Gəmi Təmiri və Tikintisi” zavodunun Həmkarlar ittifaqı Komitəsinə İddiaçı əmək müqaviləsinə ÄR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə münasibət bildirilməsi xahiş edilmişdir, Həmkarlar İttifaqı Komitəsinin 17 yanvar 2022-ci il tarixli 02 saylı protokoluna əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70cı maddəsinin "ç" bəndi ilə xitam verilməsinə etiraz edilməmişdir, işəgötürən tərəfindən 17.01.2022-ci il tarixli 05/k saylı əmr tam qanuni olmuş və iddia ərizəsində qeyd olunanlar tamamilə əsassız və qanunsuzdur, iddiaçı uzun müddət işə çıxmamış və işə çıxmaması barədə əsaslı bir səbəb təqdim edə bilməmiş, həmçinin iddia tələblərinin əsasını, təşkil edən məhkəmə hökmünün surətini belə vaxtında təqdim etməmiş işə etinasız və laqeyd yanaşması təqdim olunan sənədlərlə tam otaraq sübuta yetirilir, iddiaçı işə gələ bilməməsi və bunun səbəbi barədə işçisi olduğu idarənin rəhbərliyini hər hansı yolla məlumatlandırmağa borclu olduğu halda aşkar surətdə saymamazlıq edərək işəgötürənə məlumat verməmişdir, işəgötürən tərəfindən 17.01.2022-ci il tarixli 05/k saylı əmr qanunamüvafiq formada tərtib olunmuş, iddiaçının hansı əsasla işdən azad olunuduğu əmrdə konkret olaraq göstərilmişdir, əmri başqa şəxsin imzalamasının səbəbi, müdirin məzuniyyətdə olmasədır, İddiaçı tərəfindən işlədiyi müddət ərzində intizam pozuntuları törədilmişdir, 18.12.2017-ci il tarixdə heç bir üzürlü səbəb olmadan işə gəlməmiş və 20.12.2017-ci il tarixdə 520 saylı əmr ilə AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən ona töhmət verilmişdir, 03.02.2020-ci il tarixdə nəqliyyat vasitəsinin sürücüsü ilə münaqişə etməsi səbəbindən, iddiaçıya 24.02.2020-ci il tarixdə 57 saylı əmr ilə AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən ona töhmət verilmişdir, 27.05.2021-ci il tarixdə müəssisədaxili iş rejimini pozaraq iş yerini özbaşına tərk etməsi ilə əlaqədar otaraq AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir, 13.07.2021-ci il tarixdə iş yoldaşları ilə münaqişə etməsi, daha sonra 16.07.2021 - ci ii tarixdə başının agrıması, hərəkət və davranışlarında şübhələrin olması səbəbindən tibb məntəqəsinə getməsi bildirilsə də, iddiaçı bundan imtina etmiş və münaqişəni davam etdirmişdir, qeyd olunan hadisələrlə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi məqsədilə Zavodun HİK-ə müraciət olunmuş, HİK-nın 27.07.2021-ci il tarixli 10 saylı protokolunda İddiaçı valideynlərinin xahişi, məcburi köçkün olması və özünün bir daha belə hallara yol verməyəcəyini söz verməsini nəzərə alaraq bağışlanması zavod rəhbərliyindən xahiş olunmuşdur, illərlə işçi olduğundan ona dəfələrlə güzəşt olunmuşdur, qeyd olunanlar nəzərə alınaraq zavodun 30.07.2021-ci il tarixli 222 saylı əmri ilə AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndində əsasən xəbərdarlıqla şiddətli töhmət intizam tədbiri seçilmişdir, həmçinin həmkarlar ittiaqında iştirakla bağlı zəng olunub tərəfə və o iştirak etməyib, iclasda iştirak işçinin hüququdur vəzifəsi deyil, tərəf haqqında konkret olaraq hökm var, şəxs bəraət də almayıb, onun haqqında ittihamedici hökm çıxıb, sentyabrdan-yanvara qədər də işdə olmayıb deyə pul ödənilməyib, tərəf 3 ayda qeyd edir ki, bəraət alacaq, amma elə olmadı, ola bilər ki tərəfın anası və s. şifahi məlumat verib, ona görə də güzəşt olunub və o, məhkəmə hökmünə görə gözlənilib. Sonda cavabdehin nümayəndəsi F.F.Mirzəzadə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki iş materiallarında olan Cavabdeh QSC-nin Zığ Gəmi təmiri və Tikintisi Zavodu tərəfindən İddiaçı ünvanlanmış 02 fevral 2022-ci il tarixli məktuba əlavə edilmiş “İşə qəbul” barədə 25 dekabr 2009-cu il tarixli 158 №-li Əmrin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 28.12.2009-cu il tarixindən əmək müqaviləsi əsasında 3 ay sınaq müddəti ilə Gövdə-qaynaq sahəsinə 1-ci dərəcəli gəmi gövdə təmirçisi vəzifəsinə qəbul edilməsi, aylıq əmək haqqı ştat cədvəlinə əsasən vaxtamuzd-mükafatlandırma üsulu ilə ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh Gəmi təmiri Zavoduun direktoru işəgötürən X8 ilə İddiaçı arasında arasında bağlanmış 24.12.2009-cu il tarixli Əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, işçi müəssisədaxili qaydalara əmək etmək, vəzifə təlimatına uyğun işləmək, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək vəzifəsini öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh QSC-nin Zığ Gəmi təmiri və Tikintisi Zavodu ilə İddiaçı arasında sonuncunun Zığ Gəmi təmiri və Tikintisi Zavodunun Gövdə qaynaq bölməsi 3-cü dərəcəli gəmi gövdə təmirçisi peşəsinə işə qəbul edilməsi barədə 576 №-li 03.02.2014-cü il tarixli əmək müqaviləsi (şirkət daxili buraxılış) bağlanmışdır. İş materiallarında olan 576 №-li 03.02.2014-cü il tarixli əmək müqaviləsinə 3563 saylı əlavə və dəyişiklikdən görünür ki, işçiyə hər ay 593 manat məbləğində əmək haqqı ödənilməsi barədə dəyişiklik edilmişdir. İş materiallarında olan 05.11.2014-cü il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Əmək müqaviləsi Bildirişinin surətindən görünür ki, İddiaçı Cavabdeh QSC-nin Zığ Gəmi təmiri Zavodunda gəmi gövdə təmirçisi vəzifəsində işləyir. İş materiallarında olan 320 №-li vəsiqənin surətindən görünür ki, İddiaçı Cavabdeh QSC-nin Zığ Gəmi təmiri və Tikintisi Zavodunda Gövdə-qaynaq bölməsinin gəmi gövdə təmirçisidir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh QSC-nin Zığ Gəmi təmiri və Tikintisi Zavoduna ünvanlanmış izahatın surətində görünür ki, İddiaçı 18.12.2017-ci il tarixdə xəstə olduöu üçün gələ bilmədiyini, bu barədə bölmənin ustasına məlumat verdiyini, belə halın bir daha təkrar olunmayacağını bildirmişdir. İş materiallarında olan Cavabdeh QSC-nin Zığ Gəmi təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş 20.12.2017-ci il tarixli 520 №-li Əmrin surətindən görünür ki, 18.12.2017-ci il tarixində Əmək Məcəlləsində nəzərdə tutulmuş işçinin əsas vəzifələrini kobud surətdə pozduğuna görə Gövdə-qaynaq bölməsinin gəmi gövdə təmirçisi İddiaçı AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh QSC-nin Zığ Gəmi təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş 24.02.2020-ci il tarixli 57 №-li Əmrin surətindən görünür ki, 03.02.2020ci il tarixində münaqişə edərək zavoddaxili nizam-intizam qaydalarını kobud surətdə pozduğuna görə Gövdə-qaynaq bölməsinin gəmi gövdə təmirçisi İddiaçı AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh QSC-nin Zığ Gəmi təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş 10.06.2021-ci il tarixli 156 №-li Əmrin surətindən görünür ki, 27.05.2021- və 01.06.2021-ci il tarixlərində Əmək Məcəlləsində nəzərdə tutulmuş işçinin əsas vəzifələrini və zavoddaxili nizam-intizam qaydalarını kobud surətdə pozduqlarına görə Gövdə-qaynaq bölməsinin gəmi gövdə təmirçiləri İddiaçı və X4 AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. İş materiallarında olan 27.07.2021-ci il tarixli Zığ Gəmi təmiri və Tikintisi Zavodunun Həmkarlar İttifaqı Komitəsi iclasının 10 №-li protokolunun surətindən görünür ki, İddiaçı gənc olmasını, elədiyi səhvlləri dərk etdiyini və valideynlərinin xahişini nəzərə alaraq sonuncu dəfə kollektivdə qalıb işləməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh QSC-nin Zığ Gəmi təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş 30.07.2021-ci il tarixli 222 №-li Əmrin surətindən görünür ki, 13.07.2021- və 16.07.2021-ci il tarixlərində Əmək Məcəlləsində nəzərdə tutulmuş işçinin əsas vəzifələrini və zavoddaxili nizam-intizam qaydalarını kobud surətdə pozduqlarına görə Gövdə-qaynaq bölməsinin gəmi gövdə təmirçiləri İddiaçı və X4 AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. İş materiallarında olan F.F.Nəzərli, V.Z.Tahirova, S.H.Zeyniyeva tərəfindən imzalanmış 14.01.2022-ci il tarixli Aktın surətindən görünür ki, İddiaçı 30.09.2021-ci il tarixindən işə gəlmir, 12 yanvar 2022-ci il tarixdə İddiaçı saat 15:00-da zavoda gəlmiş, ondan hansı səbəbdən işə çıxmamaması və bu günə kimi işdə olmaması haqqında müvafiq sənəd tələb edilmiş, lakin o belə bir sənədin olmadığım bildirmişdir, 14 yanvar 2022- ci il tarixdə saat 10:00-da İddiaçı zavoda gələrək Bakı şəhəri Xətai rayon məhkəməsinin 11.01.2022 - ci il tarixli hökmünü təqdim etmiş, hansı səbəbdən bu qədər işə çıxmaması barədə izahat verməkdən imtina etmişdir, İddiaçı 14.01.2022-ci il tarixində saat 10:00-da zavoda gələrək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11.01.2022-ci il tarixli hökmü təqdim etmişdir, oğurluq etdiyinə görə həbs olunaraq günahi sübut olunmuş və cəzalanması haqqında Xətai rayon Məhkəməsinin 11.01.2022-ci il tarixli hökmünü bəhanə gətirərək haqlı olduğunu bildirmiş və buna görə izahat verməkdən imtina etmişdir, qeyd olunanlara əsasən, İddiaçı işə üzürsüz səbəbdən gəlmədiyi üçün AR Əmək Məcəlləsinin 70-ci maddəsini ç bəndinə uyğun olaraq işdən azad oluna biləcəyi bildirilmişdir. İş materiallarında olan 17.01.2022-ci il tarixli Zığ Gəmi təmiri və Tikintisi Zavodunun Həmkarlar İttifaqı Komitəsi iclasının 02 №-li protokolunun surətindən görünür ki, müdiriyyətin 14 yanvar 2022-ci il tarixli məktubuna cavabeh olaraq GQB-nin işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi AR-nın Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. İş materiallarında olan Cavabdeh QSC-nin Zığ Gəmi təmiri və Tikintisi Zavodunun 17.01.2022-ci il tarixli 05-k №-li Əmrinin təsdiq olunmuş surətindən görünür ki, gəmi gövdə təmirçisi vəzifəsində çalışan İddiaçı 17.01.2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 70 ç maddəsi, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əsası ilə əmək müqaviləsi ləğv edilmişdir, əmrin verilməsi üçün əsaslar Həmkarlar İttifaqı təşkilatının razılığı, məhkəmə hökmü göstərilmişdir. İş materiallarında olan 17.01.2022-ci il tarixli 140-m №-li İstifadə edilməmiş məzuniyyət üçün pul əvəzinin verilməsi barədə Əmrin surətindən görünür ki, İddiaçın AR ƏM-nin 144.2 və 140.4 maddələrinə əsasən istifadə edilməmiş əsas məzuniyyətlərə görə q təqvim günü pul əvəzi ödənilməsi əmr edilmiş, əmrin verilmə əsası kimi Həmkarlar ittifaqı təşkilatının razılığı göstərilmişdir. İş materiallarında olan ******* tarixli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 17.01.2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 17.01.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi Bildirişinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə 05/k nömrəli 17.01.2022-ci il tarixli “Əmr” ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 4(011)-427/2021 saylı 0210.2021-ci il tarixli Qərarı ilə, xx xxxx 1988-ci ildə Füzuli rayonunun Horadiz qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3 fərdi evdə yaşayan İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-49/2022 saylı 11.01.2022-ci il tarixli Hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, İddiaçı həbsdə saxlandığı 03 (üç) ay 11 (on bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla İddiaçı təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay 22 (iyirmi iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. İş materiallarıda olan Cavabdeh QSC-nin Zığ Gəmi təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş 16.02.2022-ci il tarixli Arayışın surətindən görünür ki, İddiaçı Zığ Gəmi təmiri və Tikintisi Zavodunun Gövdə-qaynaq Bölməsində gəmi gövdə təmirçisi peşəsində işləyib, 12 aylıq hesablanan əmək haqqı məbləği 5791,44 manat təşkil edir. İş materiallarında olan AA seriyalı 261822 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı hazırda məskunlaşdığı ünvan ünvan 4 mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və sessiyanın keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı 28.12.2009-cu il tarixdə 1-ci dərəcəli gəmi gövdə təmirçisi vəzifəsinə işə qəbul olunmuşdur, əmək müqaviləsi üzrə işçinin əmək funksiyasına müəssisədaxili qaydalara əməl etmək, vəzifə təlimatına uyğun işləmək, üzərinə düşən vəzifələri layiqincə yetirməkdən ibarətdir, iddiaçı barəsində Bakı şəhəri Xətai rayon Məhkəməsinin 4(011)- 427/2021 saylı 02.10.2021-ci il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 ay həddində müəyyən edilmiş, onun əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır, iddiaçı 30.09.2021-11.01.2022 dövrdə həbsdə olmuş, 30.09.2021-14.01.2022-ci il dövrdə işdə olmamışdır, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-49/2022 saylı 11.01.2022-ci il tarixli Hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, 17.01.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə 05/k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir, işdən çıxarılma əsası kimi heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi qeyd edilmişdir, Həmkarlar İttifaqı Komitəsinin işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılığı vardır. Bununla belə, əmrin ləğv edilməsinə əsas olan, həmçinin cavabdehin qərəzli davranışına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə əsas mövcud olmuşdur. Belə ki, iddiaçı, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan 30.09.2021-ci il tarixdən 14.01.2022-ci il tarixədək bütün iş günü işə gəlməyərək əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Məhkəmə, iddiaçınn “işəgötürənin ona qarşı qərəzli olması səbəbindən işdən azad edilməsi” barədə irəli sürdüyü dəlillərə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında işəgötürənin qərəzli olaraq onu işdən azad etməsini bildirsə də, qeyd olunanlar arasında səbəbli əlaqənin olması ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə, iddiaçının “30.09.2021-ci il tarixdən 11.01.2022-ci il tarixədək həbsdə olmasının üzürlü səbəb kimi nəzərə alınması və məhkəmə hökmünün əldə edilməsi məqsədilə 12.01.2022 - 14.01.2022-ci il tarixlərdə işdə olmamasının səbəbinin məhkəmə hökmünün əldə edilməsi olması və bundan müdiriyyətin xəbərdar olması barədə” dəlillərinə münasibətdə qeyd edir ki, iş rejimi qanunvericiliklə nəzərdə tutulmuş qaydada qanunla, müqavilə ilə, o cümlədən tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur, əmək vəzifələrinin işçi tərəfindən kobud şəkildə pozulması kimi nəzərdə tutulan hal kimi işçinin bütün iş günü (və ya daha çox) işə gəlməməsi, üzrlü səbəblərlə bağlıdır ki, bu hallar da işəgötürən tərəfindən qiymətləndirilir. Hazırkı iş üzrə isə iddiaçı, 12.01.2022 – 14.01.2022ci il tarixlərdə 3 gün ərzində işə gəlməməsinin üzrlü səbəblərinə dair sübutları məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır, işəgötürən isə bu halları üzrlü səbəblərlə əlaqələndirməmişdir. Məhkəmə, iddiaçının “30.09.2021-ci il tarixdən - 11.01.2022-ci il tarixədək həbsdə olmasının üzürlü səbəb kimi nəzərə alınması barədə” dəlillərə gəldikdə isə qeyd edir ki, bu müddət ərzində işçinin işə gəlməməsi də işəgötürən tərəfindən üzrlü səbəblər kimi nəzərə alınmamışdır. Məhkəmə, işçinin həmin müddət ərzində işə gəlməməsinin səbəblərini nəzərdən keçirərək hesab edir ki, işçinin məsuliyyət məsələsi, onun məhkəmə hökmü ilə hüquqi qiymət verilmiş əməli nəzərə alınmaqla həll olunmalıdır. Hazırkı iş üzrə də, iddiaçının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi və onun barəsində ittimaedici hökmün çıxarılması üçün əsas olan cinayətə görə həbsdə olma müddəti ərzində 3 aydan artıq müddətdə işə gəlməməsinin işəgötürən tərəfindən üzrlü səbəb kimi nəzərə alınmaması qanunsuz hesab oluna bilməz. Belə ki, iddiaçının cinayət əməli, subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında (əməlin ictimai təhlükəliliyinin dərk olunması və onun ictimai təhlükəli nəticələrinin qabaqcadan görülməsi) təqsirlə xarakterizə olunur ki, bu halda da cinayət əməlinin hüquqi nəticələrinin əmək münasibətlərinə bilavasitə mənfi təsiri qabaqcadan gözləniləndir. Qeyd edilənlər isə iddia tələbinin əsassız olması barədə nəticəyə gəlmək üçün kifayətdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Həmin Məcəllənin 68-ci maddəsinin İ hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinin tələblərinə görə, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 76.1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən, Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin «ç» bəndində nəzərdə tutulmuş «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbehini verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuni və əsaslıdır, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən hər hansı bir hüquq pozuntusu törədilməmişdir və buna görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “işdən azad olunmağının qanunsuz hesab edilərək, əvvəlki iş yeri olan Cavabdeh QSC-nin Zığ Gəmi təmiri və Tikintisi Zavoduna Gövdə Qaynaq bölməsində gəmi-gövdə təmirçisi vəzifəsinə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum etmiş bütün vaxt üçün 17 yanvar 2022-ci il tarixdən başlayaraq, işə bərpa olunduğu günə qədər orta əmək haqqının Cavabdeh QSCnin Zığ Gəmi təmiri və Tikintisi Zavodundan tutularaq onun xeyrinə ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2319/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2319/2022
21.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver