Məhkəmə qərarları › İş №2(011)-2322/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2322/2021

03.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2322/2021 03.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin mənzildən məcburi qaydada çıxarılması və pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanından məcburi qaydada çıxarılması, cavabdehlərdən müştərək qaydada məhkəmə qərarı icra olunan günədək hər ay üçün 300 manat pulun alınaraq iddiaçıya ödənilməsi, cavabdehlərdən müştərək qaydada Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi üçün ödədiyi 3.000 manatın alınaraq ödənilməsi, qanunsuz olaraq iddiaçıya məxsus olan pul vəsaitini saxladıqlarından məhkəmə qərarı icra olunduğu tarixədək illik 5 faiz olmaqla pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72 ünvanında yerləşən 37 nömrəli mənzil dövlət reyestrindən rəsmi qaydada mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır. Həmin mənzilin mülkiyyətçisi iddiaçıdır, bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən çıxarış verilmişdir. İddiaçı həmin evi kirayə olaraq Cavabdeh2 və onun ailə üzvlərinə kirayəyə vermişdir. Kirayə pulunu əvvəlcə iddiaçının özü, sonradan oğlu Sənan ödəmişdir. Onlar kirayədə yaşadıqları müddətdə evə soyuducu, paltaryuyan və başqa ev əşyaları alınmışdır. Ev əlavə təmirli olmuş, cavabdehlə evin təmirini də bərbad hala salmışlar. Cavabdehlər evdə kirayədə qalmalarına və kommunal xərcləri ödəmələrinə razılaşmalarına baxmayaraq onlar uzun müddət ödəniş etmədiklərindən istifadə etdikləri suya görə iddiaçı “xxxx” ASC-yə 220 manat pul ödəmişdir və hazırda cavabdehlərin istifadə etdikləri suya görə 139 manat ödənilməmiş borcları qalmışdır. Həmçinin cavabdehlər MTK-ya olan kommunal xidmət haqqını da ödəmədiklərindən 1.696 manat pulu iddiaçı MTK-ya ödəmişdir. Həmçinin iddiaçı cavabdehlərdən evdən çıxmalarını tələb etmələrinə baxmayaraq onlar könüllü çıxmadıqlarından iddiaçı vəkillə müqavilə bağlamaq və onlarla bağlı polisə müraciət etmək üçün işdən 8 gün icazə almışdır. İddiaçının maaşından aldığı icazəyə görə 2.000 manat məbləğində tutulma edilmişdir. İddiaçının evində hazırda İlqar, Sənan və anası yaşayırlar. İddiaçı onlara bir neçə dəfə evi satmaq istədiyini və bu səbəbdən evdən çıxmalarını bildirsə də, onlar vaxt istəmişlər. İddiaçının hal-hazırda kifayət qədər borcu olduğundan və borcunu ödəməyə çətinlik çəkdiyindən həmin evi satmaq məcburiyyətində qalmışdır. Lakin evdə qalan şəxslər evdən çıxmamaqla iddiaçının mülkiyyət hüququnu pozurlar. Cavabdehlər razılaşmaya əsasən evdə yaşadıqları hər ay üçün 300 manat kirayə haqqı ödəməli olmuşlar. Kirayə haqqını sonuncu dəfə noyabr ayının 5-nə kimi ödəsələr də, iddiaçı evi satmaq istədiyini və onların həmin evdən çıxmalarına dair fikrini bildikdən sonra aylıq kirayə pulunu da verməkdən imtina etmişlər. İddiaçı məcbur olub peşəkar hüquqi yardımdan istifadə etmək məqsədi ilə Abşeron rayon Vəkil Bürosu ilə 3.000 manata müqavilə bağlamışdır. Əgər cavabdehlər vaxtında könüllü olaraq evdən çıxsaydılar, iddiaçı da əlavə xərc itkilərinə məruz qalmazdı. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanından məcburi qaydada çıxarılması, cavabdehlərdən müştərək qaydada 2020-ci ilin noyabr ayından etibarən məhkəmə qərarı icra olunan günədək hər ay üçün 400 manat pulun alınaraq iddiaçıya ödənilməsi, cavabdehlərdən müştərək qaydada Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi üçün ödədiyi 3.000 manatın alınaraq ödənilməsi, cavabdehlərdən müştərək qaydada istifadə etdikləri suya görə “xxxx” ASC-yə ödədiyi 220 manatın alınaraq ödənilməsi, cavabdehlərdən kirayədə yaşadıqları ünvan 1 ünvanına görə kommunal xidmət haqqı olaraq ödədiyi 1.416 manatın alınaraq iddiaçıya ödənilməsi, qanunsuz olaraq iddiaçıya məxsus olan pul vəsaitini saxladıqlarından məhkəmə qərarı icra olunduğu tarixədək illik 5 faiz olmaqla pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Mübariz Məmmədov iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arşında münasibətlər kirayə münasibətlərindən irəli gəlmişdir. Tərəflər arasında bağlanmış şifahi kirayə müqaviləsinə əsasən cavabdehlər 2013-cü ilin mart ayında mübahisəli mənzildə yaşamağa başlamışlar və aylıq 300 manat kirayə haqqı ödəmişlər. Məhkəmə araşdırması zamanı cavabdehlər 2013-cü ilin mart ayından iyul ayınadək mübahisəli mənzildə kirayədə yaşadıqlarını, daha sonra Cavabdeh2 ilə iddiaçı arasında şıfahi alğı-satqı müqaviləsi bağlandığını, Cavabdeh2 evin ilkin dəyəri olaraq 25.00 manat ödəməsini və qalan məbləği aylıq 500 manat olmaqla iddiaçıya ödəmələri ilə bağlı izahatlar vermişlər. Məhkəmə iclaslarında cavabdehlər iddiaçının 25.000 min manatı qaytardığı təqdirdə mübahisəli evi boşaltmalarına dair razılığa gələcəklərini qeyd etmişlər. Məhkəmə işin qeyd edilən xüsusatlarına qiymət verərək hesab edir ki, nə qədər ki, hazırkı araşdırma zamanı iddiaçının mülkiyyət hüquqlarını təsdiq edən və hər hansı qaydada mübahisələndirilməyən çıxarış mövcuddur, məhkəmə tərəfindən reyestrin həqiqiliyi prezumpsiyasına istinad edilməli və iddiaçının əmlak üzərində olan mülkiyyət hüquqlarının mövcudluğu nəzərə alınmalı və hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu müəyyən edilməlidir. Belə ki, iş üzrə məhkəmə iclaslarında ifadə vermiş hər üç cavabdeh evi alğı-satqı ilə əldə etdiklərinə istinad etmişlər. Qanunvericilik normalarının tələblərinə əsasən daşınmaz əmlakla bağlı alğı-satqı müqavilələri müvafiq dövlət orqanları tərəfindən rəsmiləşdirilməli və qeydiyyata alınmalıdır. Hazırkı iş üzrə cavabdehlər belə bir müqavilənin mövcudluğunu və ya hər hansı digər razılaşmanı sübuta yetirəcək dəlilləri məhkəməyə təqdim etməmişlər. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehlərin iddiasına əsasən onlar evin dəyəri olaraq ilkin 25.000 manat və daha sonra aylıq 500 manat olmaqla ödənişlər etmişlər. Lakin məhkəmə iclaslarında iddiaçıdan yalnız 25.000 manat tələb etmişlər. Tərəflər arasında nisyə alğı-satqı müqaviləsi mövcud olmuş olsaydı cavabdehlər ödədikləri tam məbləği tələb etməli idilər. Bu hal məhkəmədə cavabdeh tərəfin etirazlarının əsassız olduğu qənaətinə gəlməyə zəmin yaratmışdır. Daha sonra cavabdeh tərəfin kommunal xidmətlərin dəyərinin ödənməsi ilə bağlı da verdiyi izahatlara əsasən məhkəmə qeyd edir ki, əgər cavabdehlər istinad etdikləri kimi mənzili almış olsaydılar iddiaçı ilə aralarında kommunal xərclərin ödənilməsi ilə bağlı hər hansı bir razılaşma da olmazdı. Evin keçmiş mülkiyyətçisinin yeni mülkiyyətçilərin sərf etdiyi işığın, qazın, suyun dəyərini ödəməsi ağlabatan deyil. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qanunvericiliyin tələblərinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 152, 157.4). Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər kirayə müqaviləsi əsasında iddiaçıya məxsus mənzildən istifadə etmişlər, lakin müqavilə əsasında müəyyən edilmiş öhdəlikləri yerinə yetirməmişlər. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, mübahisəli mənzildən cavabdehlərin məcburi çıxarılmalarını tələb etmək hüququna malik olduğundan, iddia qeyd edilən hissədə əsaslıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərdən müştərək qaydada 2020-ci ilin noyabr ayından etibarən məhkəmə qərarı icra olunan günədək hər ay üçün 400 manat pulun alınaraq iddiaçıya ödənilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə iclaslarında tərəflərin şifahi kirayə müqaviləsi ilə tənzimlənən münasibətlərinin olması müəyyən edilmişdir. Belə olan halda qanunvericilikdə kirayə müqaviləsi ilə bağlı maddələrə nəzər yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə görə, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Qanunvericiliyin tələbinə görə, kirayə haqqının ödənilməsi barədə mübahisə zamanı yazılı müqavilənin mövcud olub-olmamasından asılı olmayaraq, şifahi formada kirayə müqaviləsi bağlanıldığı təqdirdə kirayəçi kirayə haqqını ödəməlidir. Belə ki, yazılı müqavilənin olmaması kirayəçiyə özgənin əmlakından əvəzsiz istifadə etməsi hüququnu vermir. Kirayə haqqı ödəmək öhdəliyinin yaranması üçün şifahi formalı müqavilənin bağlanması kifayətdir. İddiaçı iddia tələbində kirayə haqqının 400 manatdan hesablanmasını və buna əsas kimi analoji mənzilin tələb edilən dövrə kirayə haqqının 400-450 manat olmasına istinad etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış şifahi kirayə müqaviləsinə əsasən cavabdehlər mübahisəli mənzildə yaşamağa görə aylıq 300 manat kirayə haqqı ödəməyi öhdələrinə götürmüşlər. Belə ki, iddiaçı tərəfin məhkəməyə təqim etdiyi Cavabdeh3lə olan yazışmalardan görünür ki, kirayə haqqı məhz 300 manat miqdarında olmuşdur. Məhkəmə iddia kirayə haqqı tələbinin hazırkı iş üzrə məhkəmə qərarının icra edildiyi günə dək tutulmasına dair hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qeyri-müəyyəndir. Məhkəmə iclasında cavahdeh Cavabdeh1 noyabr ayından martın sonu, aprelin əvvəlinə qədər iddiaçının sayğacın yenisi ilə əvəz olunması tələbi ilə “xxxx” ASC-yə qarşı məhkəməyə müraciət etməsi və onların evin elektrik enerjisi ilə təchiz olunmaması səbəbindən mübahisəli mənzildə yaşamadıqlarını qeyd etmiş və iddia tələbinin kirayə haqqı ilə bağlı hissəsinə etiraz etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh istinad etdiyi halı hər hansı sübutla təsdiq edə bilməmişdir. Belə ki, elektrik enerjisinin qeyd edilən mənzilə verilmədiyi, mənzilin həmin dövr üçün yaşamağa əlverişsiz şəraitdə olması, cavabdehlərin mənzildə yaşaya bilməməsinə şərait yaradan hallar məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Odur ki, tərəflərin veridiyi izahatlara məhkəmə araşdırması zamanı cavabdehlərin 2020-ci ilin noyabr ayından kirayə haqqı ödəməməsi ilə bağlı müəyyən edilmiş hala istinad edilməklə hazırkı məhkəmə qətnaməsi çıxarılan günə qədər olan dövr əsas götürülməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2020-ci ilin noyabr ayından 2021-ci ilin aprel ayına qədər hər ay üçün 300 manat olmaqla, cəmi 1.800 manat kirayə haqqı alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərdən müştərək qaydada istifadə etdikləri suya görə “xxxx” ASC-yə ödədiyi 220 manatın alınaraq ödənilməsi, cavabdehlərdən kirayədə yaşadıqları mənzilə görə kommunal xidmət haqqı olaraq ödədiyi 1.416 manatın alınaraq iddiaçıya ödənilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehlər kommunal xərcləri ödəmələrinə istinad etmiş, bu halı təsdiq edəcək ödəniş qəbzlərini məhkəməyə təqdim etmişlər. Eyni zamanda cavabdehlər iddiaçı ilə aralarında olan razılaşmaya əsasən su ilə bağlı xərclərin iddiaçı tərəfindən ödənilməli olduğuna istinad etmişlər. Lakin belə bir razılaşmanın olmasını hər hansı sübutla təsdiq edə bilməmişlər. Məhkəmə belə hesab edir ki, işin faktiki hallarına əsasən cavabdehlər kirayə müqaviləsinə əsasən sözügedən mənzili istifadə etməyə başladıqları andan kommunal xidmətlərə görə ödənişləri həyata keçirməli olmuşlar. İddiaçı hazırkı iş üzrə kommunal ödənişlərin ödənilməsini tələb etməyə haqqı çatan tərəfdir. Hazırkı iş üzrə cavabdehlər həmin kommunal xidmətlərdən yararlanmış, lakin kommunal xidmət haqlarını ödəməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 680.-ci maddəsinə əsasən, kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri aid deyildir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən mübahisəli mənzilə aid kommunal xidmət haqları və “xxxx” ASC tərəfindən verilmiş abunə koduna əsasən istifadə olunmuş su sərfiyyatının dəyəri tam olaraq ödənilmişdir. Odur ki, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada istifadə etdikləri suya görə xxxx” ASC-yə ödənilmiş 220 manat və kirayə yaşadıqları mənzilə görə kommunal xidmət haqqı olaraq ödənilmiş 1.416 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin iddiaçıya məxsus olan pul vəsaitini saxladıqlarından məhkəmə qərarı icra olunduğu tarixədək illik 5 faiz olmaqla pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı həmin pul məbləğinin cavabdehlərdən tutulmasını tələb etsə də, məhkəmə iş materiallarını araşdırarkən iddiaçının tələb etdiyi pul məbləğinin hansı müddət üçün tələb edildiyini, eyni zamanda hansı miqdarda olan pul vəsaitinin cavabdehlər tərəfindən saxlanması ilə bağlı hər hansı bir sənəd məhkəməyə təqdim olunmadığından, iddia tələbini həmin hissədə əsassız hesab etmişdir. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72, 37 saylı mənzil məcburi qaydada çıxarılmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2020-ci ilin noyabr ayından 2021-ci ilin aprel ayına qədər (6 ay) hər ay üçün 300 manat olmaqla, cəmi 1.800 manat kirayə haqqı alınaraq İddiaçı ödənilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada istifadə etdikləri suya görə xxxx” ASC-yə ödənilmiş 220 manat alınaraq İddiaçı ödənilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72, 37 saylı mənzilə görə kommunal xidmət haqqı olaraq ödənilmiş 1.416 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-nə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclərdə nəzərdə tutulur. Məhkəmə iddia tələbinin cavabdehlərdən müştərək qaydada Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi üçün ödədiyi 3.000 manatın alınaraq ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 30 oktyabr 2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Vəkil onu təmsil etməsi və hüquqlarını müdafiə etməsi üçün etibarnamə vermişdir. İş materiallarında olan 02 noyabr 2020-ci il tarixli orderdən görünür ki, Vəkil ilə İddiaçı arasında iddiaçını idarə, müəssisə, təşkilatlarda və məhkəmələrdə təmsil etmək barədə müqavilə bağlanmışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçıya hüquqi yardımların göstərilməsi qarşılığında iddiaçı tərəfindən müxtəlif vaxtlarda Abşeron rayon Vəkil Bürosunun hesabına ümumilikdə 3.000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Abşeron rayon Vəkil Bürosunun hesabına ümumilikdə ödədiyi 3.000 manat məbləğində vəsaitin tam olaraq onun hüquqlarının məhz məhkəmədə müdafiə edilməsi üçün ödəmiş olması hər-hansı bir halla sübuta yetirilmir. Lakin məhkəmə ödənişlərin tarixlərinə diqqət çəkərək hesab edir ki, iddiaçı tərəfindən 23 dekabr 2020-ci il tarixdə 700 manat və 10 fevral 2021-ci il tarixdə isə 800 manat məbləğində edilmiş olan ödənişlər məhkəmənin məhz hazırkı mülki iş üzrə iddia ərizəsinin hazırlanması və iddiaçıya digər hüquqi yardımların göstərilməsi qənaətinə gəlməsinə əsas yaratmışdır. Belə ki, iddiası hazırkı iddia tələbi ilə məhkəməyə 29 yanvar 2021-ci il tarixdə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, hüquqi yardımın göstərilməsi ilə əlaqədar olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Abşeron rayon Vəkil Bürosunun hesabına ödənilmiş 1.500 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72, 37 saylı mənzil məcburi qaydada çıxarılsınlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2020-ci ilin noyabr ayından 2021-ci ilin aprel ayına qədər (6 ay) hər ay üçün 300 (üç yüz) manat olmaqla, cəmi 1.800 (min səkkiz yüz) manat kirayə haqqı alınaraq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım üçün ödənilmiş 1.500 (min beş yüz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada istifadə etdikləri suya görə xxxx” ASC-yə ödənilmiş 220 (iki yüz iyirmi) manat alınaraq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, ev 72, 37 saylı mənzilə görə kommunal xidmət haqqı olaraq ödənilmiş 1.416 (min dörd yüz on altı) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar