Məhkəmə qərarları › İş №2(011)-2326/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2326/2025

04.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2326/2025 04.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109.94 kv.metr olan 18 saylı mənzildən istifadə hüququnun tanınması, evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddia tələbinin təmin edilərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109.94 kv.metr olan 18 saylı mənzilə azyaşlı övladlarım - 16 aprel 2013-cü il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X15 ilə birlikdə mənzilə köçürülmə və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş qaynatasıdır. O, iddiaçıya və keçmiş həyat yoldaşı X8 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2(011)-6941/2024 saylı mülki iş hakim Aynur Abdullayevanın icraatında olmuş və iddia rədd edilmişdir. O, qarşılıqlı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin təmin edilərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109.94 kv.metr olan 18 saylı mənzilə azyaşlı övladlarının - 16 aprel 2013-cü il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X15 ilə birlikdə mənzilə köçürülmə və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6941/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadına əsasən iddiaçının Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması, köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” barədə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Ətraflı olaraq bildirmişdir ki, o, cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2984/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçının xeyrinə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, 16 aprel 2013-cü il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay bir uşaq üçün 235 manat, cəmi 705 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4370/2024 saylı qətnaməsinə əsasən onun iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2984/2023 nömrəli 17 may 2023-cü il tarixli qətnaməsi əsasında 16 aprel 2013-cü il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh X4 onun xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 16 aprel 2013-cü il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşıa çatanadək saxlanmaları üçün cavabdeh X4 hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4370/2024 saylı qətnaməsi ilə o, qəti şəkildə razılaşmadığı üçün Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onun apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4370/2-24 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilməsi qət edilmişdir. Həmin qətnamənin surətini o, qarşılıqlı iddia ərizəsinə əlavə etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh X12 arasında olan rəsmi nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4899/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamənin surətini qarşılıqlı iddia ərizəsinə əlavə etmişdir. Bildirmişdir ki, cavabdeh X1 şəhərində yerləşən N saylı hərbi hissədə çalışırdı və onun aylıq əmək haqqı 1350 manat təşkil edirdi. X13 N saylı hərbi hissədə artıq çalışmadığı üçün aylardır ki, iddiaçı aliment pulunu ala bilmir. İcra məmurundan aliment pulunun ödənilməsini tələb etdikdə, cavabdehin başqa gəlirlərinin olmadığını bildirir. İddiaçı bu ciddi məsələ ilə bağlı Mediasiya təşkilatında da müraciət etmişdir. Cavabdeh təşkilatda iştirak etmədi. İddiaçıya mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış verilmişdir və artıq alimentin miqdarının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. İddiaçı tək başına 3 övladının təlabatını çətinliklə ödəyir. Cavabdeh ona qərəzli münasibəti səbəbindən doğma övladlarına maddi yardım göstərmir. 6 aydır ki, iddiaçı övladlarına çətinliklə də olsa tək başına baxır. Bildirmişdir ki, onların ailəsinin dağılmasına səbəb cavabdehin iddiaçıya xəyanət etməsi olmuşdur. O, qazancını öz maraqlarına və evindən, övladlarından kənar xərcləməsi, qazancını iddiaçıdan gizləməsi və 3 övladı ilə nə maddi, nə də ki, maddi cəhətdən maraqlanmaması olmuşdur. O, ailəsinin dağılmaması üçün əlindən gələni etməyə çalışsa da, ailəsini bir araya toplaya bilməmişdir. Cavabdeh ona olan şəxsi qərəzi və kobud münasibəti səbəbindən iddiaçıya acıq niyyəti ilə doğma övladlarına baxmaqdan, onların maddi təminatını ödəməkdən imtina edir. O, əvvəllər gəliri yaxşı olan işdə çalışırdı. Calal Zamanov iddiaçıya az aliment ödəmək üçün gəliri yaxşı olan işdən uzaqlaşmışdır. Hazırda "xxxx" MMC-də təhlükəsizlik xidməti üzrə qoruyucu vəzifəsində çalışır və 556 manat məbləğində əmək haqqı alır. Qeyd etmişdir ki, iddiaçı işləyirsə, əmək haqqı alırsa, ata olan şəxs aliment ödəməməlidir? Bildirmişdir ki, cavabdeh 2022-ci ilin may ayında öz xoşu ilə onu və 3 azyaşlı övladını yaşadıqları evdən qovmuşdur. Buna səbəb isə özünün ona birbaşa dediyi və özündən 6 yaş böyük bir qadınla 10 ildir ki, ailə münasibətlərində olduğu və artıq onu sevdiyini deməsi olmuşdur. Onu da qeyd etmişdir ki, mən 3 azyaşlı övladı ilə birlikdə anası və atasının himayəsində yaşayır. Əmək haqqısı qətnamədə göstərildiyi kimi 2000 manat deyil, iddiaçı 1600 manat məbləğində əmək haqqı alır. Anam xəstədir və ahıl yaşlıdır. Övladlarına baxmaq üçün 400 manat məbləğində pul ödəyir və uşaqlarına dayə baxır. Bundan əlavə övladlarının ikisi məktəblidir və onları məktəbə taksi aparıb-gətirir və məlumdur ki, bu da xərcdir. Bunları qeyd etməkdə məqsədi qətnamədə onun əmək haqqısının olması əsas gətirilir və o yenə də bildirmişdir ki, iddiaçı işləsə belə cavabdehin alimenti az ödəməsinə şərait yaratmır. Cavabdeh də atalıq öhdəliklərini yerinə yetirməlidir. İddiaçı maddi cəhətdən əlavə övladlarının bütün təlabatını ödəməyə çalışır və həm maddi, həm də ki, mənəvi cəhətdən onların yanındadır. Cavabdehin isə bir ata kimi etdiyi tək şey övladlarına aliment ödəməkdir və onu da doğru-düzgün etmir. O, 3 övladı ilə birlikdə darısqal bir şəraitdə yaşayır. Onun övladlarının evə ehtiyacı var. Calal Zamanovla ayrı yaşadıqları bu 2 il müddətində nə övladlarının xəstəliyində, nə şənliyində, ad günlərdə özü xəbər etsə belə cavabdeh iştirak etməmişdir və övladının əməliyyat olunacağını bilə-bilə bu hala biganə yanaşmışdır. Bu 2 il ərzində o, övladlarını cəmi 3 dəfə görüb. İddiaçı isə ata ilə övladlarının görüşünə heç bir mane törətmir və əksinə onları bir araya gətirməyə çalışır. Cavabdeh isə bundan imtina edir. Onun tək dərdi övladlarının normal yaşayışını qurmaq və onlara normal gələcək bəxş etməkdir. Ata olan şəxs isə alimenti az verməkdən ötrü əlindən gələni edir. Cavabdeh özü 120 kv.m sahəsi olan evdə yaşayır və hər iki valideyni işləyir, kifayət qədər qazancları vardır. Onu qeyd etməyi vacib bilmişdir ki, o, 2023-cü ilin sentyabr ayından cavabdehin rəsmi işləməsi barədə sənədi əldə edə bilmir ki, icra məmuruna təqdim etsin və onun borcu hesablansın. Hazırda isə qətnamədə qeyd olunmuşdur ki, "xxxx" MMC-də təhlükəsizlik xidməti üzrə qoruyucu vəzifəsində çalışır və 556 manat məbləğində əmək haqqı alır. Halbuki icra məmuru bildirir ki, o işdən çıxıb və ona aliment ödənilmir. İddiaçı 2023-cü ilin sentyabr ayından aliment ala bilmir. Buna səbəb cavabdehin gəlirinin olmaması göstərilmişdir. Buna görə də məcbur olub hazırki iddiasını məhkəməyə ünvanlamışdır. İddia tələbini məhkəməyə ünvanladıqdan sonra cavabdehin işlədiyi də üzə çıxmışdır. Belə başa düşmüşdür ki, icra məmuru da onu aldadırmış ki, cavabdehin rəsmi gəliri yoxdur və buna görə də ona aliment ödənilmir. Onun 3 azyaşlı övladının haqqı kənarda qalıb, övladlarına aliment ödəməyən bir şəxsin hüquqları çox gözəl şəkildə müdafiə olunur. İddiaçı qanun nədir onu istəyir, cavabdehdən əlavə pul istəmir ki? X3 ki, bir uşağa 235 manat məbləğində aliment müəyyən olunmalıdır. O da övladlarının haqqını cavabdehdən tələb edir. Xahiş etmişdir ki, qeyd etdikləri nəzərə alınsın. İddiaçının bunları nəzərə çatdırmaqda məqsədi, nikah ləğv olundu və o, nə normal aliment ala bilir, nə yaşayış yeri ilə təmin olunur. Bir sözlə, 3 azyaşlı övladı ilə birlikdə o, küçəyə atılmışam. O, 3 övladının haqqını istəyir. Bildirmişdir ki, o, gəlin köçdüyü gündən, yəni 2012-ci ildən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109.94 kv.metr olan 18 saylı mənzildə yaşamışdır. İddiaçının cehiz əmlakları da həmin mənzilə yerləşdirilmişdir. Hal-hazırda da cehiz əmlakları həmin mənzildədir və Cavabdeh tərəfindən yararsız hala salınmışdır. Onun əmlakları olan otaq səliqəsiz və paltarlar pis gündə, əşyalar üst-üstə yığılaraq yarasız hala salınmış, taxt, stol stul və s. avadanlıqlar qırılıb tökülmüşdür. Halbuki məni evdən qovan zaman mənim əmlaklarım tam istifadəyə yararlı vəziyyətdə idi. Belə ki, mübahisəli mənzil müqavilə ilə alınmışdır. Daha sonra Cavabdeh öz adına Çıxarış əldə etmişdir. X12, Cavabdeh və ailənin digər üzvləri ilə birlikdə həmin evdə yaşamışdır və onlarla birlikdə təsərrüfat aparmışdır. Vacib məqamı bildirmişdir ki, iddiaçı - Cavabdeh mediasiya təşkilatına müraciət etmədən birbaşa iddia tələbini məhkəməyə ünvanlamışdır. Halbuki “Mediasiya haqqında” qanunun 25-ci maddəsinin 25.1ci hissəsində “Tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya miibahisəhri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər”. Cavabdeh mediasiya təşkilatına müraciət etmədən bir başa məhkəməyə müraciət etmişdir. Bildirmişdir ki, evə köçürülmə və istifadə qaydalarının müəyyən olunması ilə bağlı ilkin mediasiya təşkilatına müraciət etmişdir. Onun müraciəti Bakı 13 saylı Mediasiya Təşkilatının icraatındadır və xx.xx.2024- cü il tarixə, 11:30-a təyin edilmişdir. Həmin mediasiya təşkilatında iştirak etmişlər, ilkin mediasiya sessiyasından sonra (İMS) prosesin davam etdirilə bilməməsi barədə arayış verildi və həmin arayışı o, qarşılıqlı iddia ərizəsinə əlavə etmişdir. 3 azyaşlı övladı ilə çətin bir vəziyyətdə yaşayır. Övladlarına həm atalıq, həm də analıq edir. 3 övladının bütün yükü onun üzərindədir. Onun bir xanım olaraq böyük dəstək və köməyə ehtiyacı var. Qanunların Aliliyinə inanır və buna görə də hazırkı tələbini məhkəməyə ünvanlamışdır. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, icraatda olan 2(011)- 2326/2025 saylı mülki iş üzrə məhkəmə baxış iclası xx.xx.2025- ci il tarixə, saat 16:15-ə təyin edilmişdir. Qeyd etmişdir ki, oğlu Əli Zamanlı sümük əriməsi xəstəliyindən əziyyət çəkir. Bu barədə lazımi sənədləri o, elektron imza ilə şəxsi kabinetinə yerləşdirmişdir. Övladı hal-hazırda da xəstəliyinə görə məktəbə getmir, özü də evdə övladına qulluq edir. Övladı ağrılarından gecə yata bilmir. Bir ana üçün bu hal dözülməzdir. O, övladına tək başına baxmağa çalışır. Cavabdeh və onun oğlu keçmiş həyat yoldaşı onun işlədiyini əsas tutaraq, onun övladlarına həm sığınacaq, həm də ki, aliment ödəmək istəmirlər. O, kirayə yaşayır, işlədiyi üçün 3 azyaşlı övladına baxmaqdan ötrü, onları məktəbə aparıb gətirmək üçün dayə tutmuş və pul ödəyir. O, tək gəliri ilə üç övladını dolandırır. Tək ana kimi çətinliklə bunların öhdəsindən gəlməyə çalışır. Artıq övladının xəstəliyi üzə çıxandan sonra isə lap çarəsiz və çıxılmaz hala düşmüşdür. Övladlarının sağlamlıq, geyim, yemək, içmək, məktəb ləvazimatları və s. bütün problemləri tək başına həll edir. Onun övladlarına ev almaq gücü yoxdur. O, övladlarına doğma atalarından, nənələrindən sığınacaq tələb edir. Ata olan şəxs övladlarının gələcəyini düşünmədiyi üçün o, məhkəməyə müraciət etmişdir. 3 azyaşlı uşağa baxmaq və onların təlabatlarını ödəmək çox çətindir. Valideyn olan kəslər bunu çox gözəl başa düşə bilərlər. O, övladları ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli Y/sahəsi Giriş A, X.Məmmədov küçəsi, korpus 1, ev 20-də yerləşən 18 saylı mənzildə müvəqqəti sığınacaq əldə edib, kirayə haqqı ödəməməklə ilkin ödəniş yığıb övladlarına bir otaqlı mənzil almaq istəyir. Övladlarının gələcəyi üçün cəhd edir. Kirayədə qala-qala heç nə edə bilmir. Dolanışığı çox çətindir, hansı birini etsin bilmir. X17 xəstəliyi ilə onu lap sıxır və övladı üçün çox narahatdır. Üç övladına tək baxır. Onun köməyə ehtiyacı var. O, bu ciddi məsələnin sülh yolu ilə həllini istəyir. Övladlarına görə heç kimlə qərəzi yoxdur. Bakı şəhəri, Xətai rayonu, Əhmədli Y/sahəsi Giriş A, X.Məmmədov küçəsi, korpus 1, ev 20-də yerləşən 18 saylı mənzildə də yaşamaq hüququnu müvəqqəti istəyir. Övladlarına ilkin ödəniş ödəyərək, ev alıb həmin mənzildən çıxacaqdır. Çox çətinlik çəkir. Kirayədə yaşayayaşaya o, ilkin ödəniş üçün pul toparlaya bilmir. X17 xəstəliyi ilə bağlı onun 04.03.20-25-ci il tarixə, saat 16:15-ə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyi nəzərə alınaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı artıq 3 ildir ki, bu evdə yaşamır. Yoldaşı ilə ayrılıb. İddiaçı evdən çıxana qədər hər gün qırğın-dava olub. O, iddiaçını evdən qovmamışdır. Oğlu ilə ayrıldıqdan sonra evdən çıxmışdır. Daha sonra isə cavabdehin ünvanına telefonda təhqir şantaj xarakterli mesajlar yazmışdır. Bununla bağlı iddiaçının atasına bildirmişdir lakin o yox, iddiaçının özü gəlmiş və demişdir ki, şəxsi problemləri var. İddiaçıya təhqirlərdən sonra evdə istəmədiyini bildirmişdir. Daha sonra atası ilə danışanda iddiaçının onlardan nə istədiyini soruşduqda iddiaçı özünü 5-ci mərtəbədən atacağını bildirmişdir. Əşyalarını hələ də çıxarmayıb, oğlu ilə nikahları pozulub. Oğlu atası xəstə olduğuna görə mübahisəli evə gəlib-gedir. İddiaçı gəlib onlarla yaşasa, evdə davalar yenidən yaranar. Əgər o gəlsə, gərək cavabdeh və ailəsi evdən çıxsın, iddiaçı yaşasın. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətidən görünür ki, Bakı şəhəri, Xətai Rayonu, Əhmədli y/sahəsi, Xudu Məmmədov küçəsi, ev 20, korpus 1, giriş A, 18 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətindədir, daşınmaz əmlakın qeydiyyat tarixi xx.xx.2016-cı ildir. İş materiallarında olan 1697 №-li akt qeydi ilə qeydə alınan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X12 xx.xx.2012-ci ildə nikaha girmişlər. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.2017-ci il təvəllüdlü X14, xx.xx.2019cu il təvəllüdlü X15 anadan olmuşlar. İş materiallarına əlavə edilmiş MŞB/13/2024-01434 saylı, xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 118 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə ödəmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-6941/2024 saylı qətnaməsi ilə əsasən iddia təmin edilərək, cavabdehlər X7, İddiaçı və onların birgə nikahlarından dünyaya gələn X11, X6 və X9 Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 18 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4899/2024 saylı qətnaməsi ilə X12 ilə X2 arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 1697 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Xətai Rayonu, Əhmədli y/sahəsi, Xudu Məmmədov küçəsi, ev 20, korpus 1, giriş A, 18 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. X12 ilə X2 xx.xx.2012-ci ildə nikaha girmişlər və onlar arasında olan nikah Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və bununla da İddiaçı qeyd edilən evdən istifadə hüququ yaranmadığından, cavabdeh iddiaçıya münasibətdə ailə üzvü olmadığından, mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia tələbi də məhkəmə tərəfindən təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109.94 kv.metr olan 18 saylı mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar