Məhkəmə qərarları › İş №2(011)-2347/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2347/2021

07.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2347/2021 07.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 13 aprel 1969-cu ildə Ermənistan SSR Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olmuşdur, o, azərbaycanlıdır. Onun atası X2, anası isə X1r. Ermənistan SSR Kalinin rayon VVAQ şöbəsi tərəfindən ərizəçiyə doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçi Ermənistandan Gürcüstan SSR-ə köçüb getmişdir. Orada o, 27 fevral 1988-ci ildə X6 ilə rəsmi nikaha daxil olmuşdur. Onların nikahı Gürcüstan SSR Dmanisi rayonu VVAQ şöbəsində qeydə alınmışdır. Birgə nikahdan 12 may 1989-cu il təvəllüdlü X4 və 10 dekabr 1993-cü il təvəllüdlü X5 anadan olmuşdur. Ərizəçi 1996-cı ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçüb gəlmişdir. 22 yanvar 1997-ci ildə Bakı şəhərində ərizəçinin qızı X3 ev şəraitində doğulmuşdur. Ərizəçi 23 may 1997-ci ildən Şabran rayonu Gəndab kəndində qeydiyyatdadır. Onun atası 04 aprel 2009-cu ildə, anası isə 17 mart 2020-ci ildə Bakı şəhərində ölmüşdür. Onların hər ikisi Azərbaycan Respubikasının vətəndaşı olmuşlar. Xətai Rayon Polis İdarəsinin 13 noyabr 2020-ci il tarixli məktubundan məlum olmuşdur ki, ərizəçinin atası və anası şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşlar. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyinə görə 13 aprel 1969-cu il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Xətai Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli 2(011)- 4564/2019 saylı qətnaməsi ilə ərizəçinin 13 aprel 1969-cu ildə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması faktının müəyyən edilməsi qət edilmişdir. Qətnaməyə əsasən ərizəçiyə Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iclasında ərizəçi və onun vəkili ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və vəkilinin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 19 dekabr 2019-cu il tarixli arayışından görünür ki, 13 aprel 1969-cu il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin 12 avqust 2021-ci il tarixli məktubundan görünür ki, 13 aprel 1969-cu il təvəllüdlü Ərizəçi Gürcüstan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş məlumata əsasən, Ərizəçi sonuncu dəfə 16 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olmuş, daha sonra onun ölkədən çıxışı qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə tədqiq olunan sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi 13 aprel 1969-cu ildə Ermənistan SSRİ, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olmuşdur. Onun milliyyəti azərbaycanlıdır. İş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə Ərizəçi 13 aprel 1969-cu ildə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilmiş, ərizəçiyə doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə görə, məhkəmə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının 12-ci bəndində qeyd edilir ki, məhkəmələr Azərbaycan Respublikası MPMnin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, ərizəçinin izahatı və işin digər materialları ilə Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı tam sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, göstərilən hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçi 13 aprel 1969-cu il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 10 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 13 aprel 1969-cu il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Ərizəçi ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar