Məhkəmə qərarları › İş №2(011)-2354/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2354/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2354/2024 17.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Cavabdeh tərəflərin ortaq tanışı olan Şahid hər birinin qiyməti 3500 manat məbləğində 4 ədəd şkaf tipli soyuducular almış, şifahi razılığa əsasən cavabdeh soyuducuların dəyərini xx.xx.2023-cü il tarixinədək qaytarmalı idi. Sonradan cavabdeh borcundan 1700 manat məbləğində ödəniş etmişdir.

2. İddiaçı tərəfindən cavabdehin Şahid 13 100 manat məbləğində borc tam şəkildə ödənilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdehdən 13100 manat borcun, 150 manat nümayəndə xərcinin və 130 manat dövlət rüsumu, ümumilikdə 13380 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, cavabdehlə xx.xx.2023-cü il tarixində Türk vətəndaşı Seyfəddin Bulud vasitəsilə tanış olmuşdur. Ona 4 ədəd şkaf tipli soyuducu lazım idi. Onunla qiyməti, hər bir soyuducunun 3500 manat olmaqla razılaşmışlar. O, cavabdehi ünvan 1 ünvanda yerləşən şirkətin rəhbəri Şahin adlı şəxsə yönəltdi. Amma, o, Şahinlə bu məsələni həll edə bilmədi. Yenidən ona müraciət edərək bildirdi ki, iddiaçı Şahinlə bu məsələni nağd şəkildə həll etsin, o, iddiaçıya hər soyuducuda əlavə olaraq 200 manat pul verəcək. İddiaçının xahişiylə cavabdeh Şahinin anbarından 4 ədəd şkaf tipli soyuducuları təhvil aldı. Pulunu 30 aprel 2023-cü il tarixinə kimi ödəməsini öhdəsinə götürdü. Oktyabr ayında 1700 manat, şəxsi kart hesabına ödədi. Qalan 13100 manat olan borcunu bu günə kimi ödəmir. Məcburiyyət qarşısında qalaraq, Nizamı Rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinə şikayət ərizəsi yazmışdır. Şikayəti əsasında cavabdeh və digərləri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinə dəvət olunmuş və izahatları alınmışdır. İzahatı alınmış cavabdeh işi zəif olduğu üçün onun pulunu ödəyə bilmir. Amma yaxın müddətdə onun borcunu ödəməsinə söz verir. Lakin borclu olduğu 13100 manat pulu bu günə kimi ödəmir. Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hüquqşünas olmadığı üçün, məcburiyyət qarşısında qalaraq, ona hüquqi xidmət göstərmək üçün “X4” MMC ilə 16 noyabr 2023-ci il tarixində 15 nömrəli müqavilə imzalamışdır. Göstərilən hüquqi xidmətə əsasən "X4” MMC-nin xəzinəsinə 150 manat nağd şəkildə pul ödəmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Şahid bildirdi ki, iddiaçı ona zəng edib bildirdi ki, bir nəfərə soyuducu lazımdır. Cavabdehlə telefonla danışanda bildirdi ki, o, soyuducuları nisyə ala bilər. İddiaçı ona bildirdi ki, narahat olmasın cavabdeh 1 aya borcu tam ödəyib bitirəcək. Bir ay keçdi, ancaq ödəniş olunmadı. Həmin vaxt iddiaçıya zəng edəndə iddiaçı cavabdehin əvəzinə 13 100 manat məbləğində borcu tam ödədi, bildirdi ki, pulu cavabdehdən özü tələb edəcək.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

10. Maddə 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. Maddə 430.1 Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

12. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.

13. Maddə 431.3 Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

21. İşin hallarından da göründüyü kimi, cavabdehlə Şahid arasında bağlanmış şifahi razılığa əsasən cavabdeh Şahid ümumi dəyəri 14 800 manat məbləğində olan 4 ədəd şkaf tipli soyuducu almış, əşyaların dəyərini xx.xx.2023-cü il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Sonradan cavabdeh tərəfindən Şahid olan borcundan 1700 manat məbləğində ödəniş olmuş, qalan 13 100 manat məbləğində pul vəsaiti isə bugünədək ödənilməmişdir. İşin bu halı, iş materiallarında olann cavabdehin Nizami RPİ-nin 23-cü PBdə verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh verdiyi izahatında şkaf tipli 4 ədəd soyuducunu aldığını, əşyaların dəyərinə görə 1700 manat ödəniş etdiyini, lakin qalıq 13 100 manat məbləğində borcu maddi imkanı yaxşı olmadığından ödəyə bilmədiyini qeyd etmişdir.

22. Həmçinin iş materialları ilə müəyyən olunmuşdur ki, cavabdehin Şahid olan 13 100 manat məbləğində borcu iddiaçı tərəfindən tam ödənilmişdir. Bu hal həm məhkəmə iclasında şahid qismində dinlənilən Şahid izahatı ilə, həm də onun Nizami RPİ-nin 23-cü PB-də verdiyi izahatı ilə təsdiq olunur. Belə ki, Şahid cavabdehin ona olan 13 100 manat məbləğində borcunu iddiaçının tam şəkildə ödəməsini etiraf etmişdir.

23. Göründüyü kimi, cavabdehin Şahid qarşısında öhdəliyi üçüncü şəxs, yəni iddiaçı tərəfindən icra olunduğundan iddiaçının reqres hüququ yaranmışdır.

24. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 13 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.

25. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 150 manat məbləğində pul vəsaitinin tutulması hissəsində də əsaslıdır.

26. İş materiallarında olan iddiaçı ilə “X4” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, iddiaçı həmin hüquq mərkəzinə 150 manat məbləğində hüquqi xidmət xərci ödəmişdir. İddiaçının ödədiyi həmin pul vəsaiti hüququnun məhkəmədə müdafiə olunması üçün çəkdiyi xərcdir.

27. Məhkəmə iddia tələbinin dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə bildirir ki, iddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 130 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh üzərinə götürdüyü vəzifələrini icra etməməsi nəticəsində iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəmədə iddia qaldırması üçün dövlət rüsumu ödəməklə ilə əlavə xərc çəkmişdir. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. 13 100 manat məbləğində pul vəsaiti, 150 manat məbləğində hüquqi xidmət üçün xərci və ödənilmiş 130 manat dövlət rüsumu olmaqla, cəmi 13 380 manat məbləğində pul vəsaiti X1 tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar