Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2371/2022 02.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərin məcburi qeydiyyatdan çıxarılması barədə qətnamənin çıxarılması və məhkəmə qərarının iddiaçının lehinə həll edilməsi halında, müvafiq məhkəmə xərclərinin də əlavə olaraq cavabdehlər tərəfindən qarşılanması ilə bağlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1.-ci maddəsinə əsasən məhkəmə, ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddia ərizəsini qəbul etməkdən imtina edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cü maddəsinin birinci hissəsinə əsasən şəxs yaşayış yerini dəyişdikdə, başqa ölkədə yaşayış yeri seçdikdə ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında və ya qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nöməli Fərmanının 2.3-cü, 2.4-cü və 2.5-ci bəndlərinə əsasən həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti orqanları yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirirlər. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırkı ərizəyə məhkəmədə baxıla bilməz. Odur ki, hazırki iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməli, iddiaçıya cavabdehlərin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq inzibati orqana müraciət etməsi izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı cavabdehlərin məcburi qeydiyyatdan çıxarılması barədə qətnamənin çıxarılması və məhkəmə qərarının iddiaçının lehinə həll edilməsi halında, müvafiq məhkəmə xərclərinin də əlavə olaraq cavabdehlər tərəfindən qarşılanması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya müvafiq inzibati orqana müraciət etmək hüququ izah edilsin. Qərardad və ərizəyə əlavə olunmuş sənədlər iddiaçılara rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbasova Əminə
Məhkəmə qərarları › İş №2(011)-2371/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2371/2022
02.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver