Məhkəmə qərarları › İş №2(011)-2402/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2402/2023

15.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2402/2023 15.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989cu il tarixdə Sədərək rayonu, Dəmirçi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 54 saylı akt qeydində dəyişiklik edərək adının "Mirrahim" kimi qeyd edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 09 mart 1989-cu il tarixdə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində, hərbi biletində, nikahı haqqında şəhadətnamədə, orta təhsil haqqında attestatında, ali təhsil haqqında diplomunda, pasportunda və övladlarının doğum haqqında şəhadətnamələrində adı "Mirrahim" kimi qeyd edilmişdir. Lakin doğum haqqında xx.xx.1989-cu il tarixdə Sədərək rayonu, Dəmirçi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 54 saylı akt qeydində adı "Mirrahib" kimi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə 6 saylı Bakı Asan Xidmət X1 müraciət edərək doğum haqqında akt qeydinə düzəlişin edilməsni xahiş etmişdir. Bundan imtina olunmuşdur. Buna görə də hesab edirər ki, Sədərək rayonu, Dəmirçi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 54 saylı akt qeydində dəyişiklik edilərək adı "Mirrahim" kimi qeyd edilməlidir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Ərizəçi əlavə olaraq bildirmişdir ki, Sədərək rayonu, Dəmirçi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 54 saylı akt qeydində dəyişiklik edilməsi ilə bağlı həmin dövlət orqanına rəsmi müraciət etməmişdir. Lakin ehtimal edir ki, həmin qurum tərəfindən qeyd edilmiş düzəlişin icra edilməsi mümkün olmayacaqdır və buna görə də məhkəməyə müraciət etmişdir. Doğum haqqında şəhadətnamə tələb olunduğu hallarda Sədərək rayonu, Dəmirçi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 54 saylı akt qeydinə dair iş materiallarına əlavə etdiyi arayışı təqdim edir. Lakin həmin sənədlə şəxsiyyətini təsdiq edən digər sənədlərdən fərqli olaraq adının “Mirrahib” kimi qeyd olunduğuna görə çoxsaylı problemlər yaşayır. Maraqlı şəxs 6 saylı Bakı Asan Xidmət X2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla, məhkəmə iclasına çağırılsa da, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını və ərizəçinin məhkəmədə verdiyi izahatını nəzərdən keçirərək, məhkəmə hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı qərarının 2.2-ci bəndinin mənasına görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərin (adın, ata adının, soyadın təhrifi və sair) aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 4 və 4.1-cü bəndlərinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi müraciəti vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda doğum haqqında müvafiq qeydlərin saxlanılmaması və onların bərpasının mümkün olmaması və belə qeydin yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi ilə bağlı olmadığından işə mülki məhkəmə icraatı qaydasında xüsusi icraatda baxılmalı deyildir. Ərizəçinin müraciəti vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında aparılmış qeydlərdə düzəlişlərin edilməsi və həmin qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı olduğundan ərizəçinin müraciətinə inzibati icraat qaydasında baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsini rəhbər tutaraq qəraraaldı: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi’’ barədə ərizəsi üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilsin. Ərizəçiyə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar