Məhkəmə qərarları › İş №2(011)-2405/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2405/2023

11.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2405/2023 11.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Adın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mirasdan məcburi pay almaq hüququndan məhrum etmə” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi və onun miras qalan bütün əmlakdan məhrum edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğludur. Onlar ünvan 3 evdə qeydiyyatda olmaqla yaşayırlar. Yaşadıqları bütün illər ərzində cavabdeh onunla çox pis davranmış, əziyyətlə tikdiyi evi söküb dağıtmış, həmin evdə yaşasa da, ona nə maddi, nə də fiziki cəhətdən heç bir köməklik göstərməmiş, daima ailə üzvlərinin şəxsiyyətini alçaltmış, onlarla çox aqressiv davranmışdır. O, bir ata kimi üzərinə düşən vəzifələrini yerinə yetirmişdir. Cavabdehin sağlam və savadlı olması üçün əlindən gələni etmişdir. Cavabdeh bunun qarşılığını verməmiş, bir ata kimi onu saymamış, daima ona küçə söyüşləri ilə söyərək təhqir etmiş, kənar şəxslərin yanında şəxsiyyətini alçaltmış və dəfələrlə ona əl qaldırmışdır. O, ağır xəstə olub yataqda olarkən bir evdə yaşamaqlarına baxmayaraq ona baş çəkməmiş, səhhəti ilə maraqlanmamışdır. Cavabdeh dəfələrlə onun evindən ona məxsus olan müxtəlif əşyaları oğurlamışdır və onun evini, demək olar ki, soyub talamışdır. Cavabdehin dəfələrlə onun iradəsinə zidd olaraq etdiyi qanunsuz əməllərə görə ləyaqətsiz vərəsə kimi onu vərəsəlik hüququndan, o cümlədən mirasdan məcburi pay almaq hüququndan sağ ikən birdəfəlik məhrum etmək qərarına gəlmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsini deyil, sonuncunun mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh iddiaçının oğludur. Onlar bir həyətdə ayrı-ayrı evlərdə yaşayırlar. İddiaçı cavabdeh üçün əlindən gələn hər şeyi edib. O, fəhləlik edə-edə onun üçün ev tikmiş, maşın almış və toyunu etmişdir. Cavabdeh yetkinlik yaşına çatdıqdan sonra ata və anasına zülm etmişdir. Evlərində olan bütün əşyaları oğurlamış və dəfələrlə valideynlərini təhqir etmişdir. Cavabdeh narkotik vasitəyə qurşandıqdan sonra atası onu Maştağa qəsəbəsində olan narkoloji dispanserə yerləşdirmişdir, lakin bu müalicə heç bir fayda vermədikdən sonra onu özəl reabilitasiya mərkəzinə yerləşdirmişdir və reabilitasiyanın aylıq ödənişlərini öz vəsaiti hesabına etmişdir. Lakin Cavabdeh reabilitasiya mərkəzində 2 ay qaldıqdan sonra müalicəni yarımçıq qoyaraq reabilitasiya mərkəzini tərk etmişdir. Mərkəzdən qayıtdıqdan sonra dəfələrlə valideynlərinin ünvanına təhqirlər demişdir. İddiaçı bir gün ərzində 3 dəfə 102-yə zəng edərək polisə müraciət etmişdir. Hal-hazırda İddiaçı cavabdehə məcburi paydan da heç nə vermək istəmir. Belə ki, cavabdeh övladlıq borcunu yerinə yetirməmişdir. İddiaçı 2021-ci ildə özünün bütün əmlakını vəsiyyətnamə ilə xanımına vermişdir. Bundan sonra cavabdeh daha da aqresivləşmişdir. Bütün bunları nəzərə alaraq o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh həyatda hər şeydən bezmiş insandır. O, evini təmir etmək istədiyində cavabdeh bıçaqla onu hədələyərək evin təmir edilməsinə etiraz etmişdir. Daha sonra cavabdeh narkotik vasitələrdən asılı olduğu üçün onu reabilitasiya mərkəzinə yerləşdirmişdir və o, 4.000 manat ödənişi öz şəxsi vəsaiti hesabına vermişdir. Lakin cavabdeh mərkəzdə 2 ay qaldıqdan sonra müalicəni yarımçıq qoyaraq oranı tərk etmişdir. Cavabdehin yoldaşı nümunəvi ibtidai sinif müəlliməsidir. Cavabdeh öz həyat yoldaşından da 50 manat pul oğurlamışdır. Hal-hazırda 37-ci PŞ-də araşdırmalar gedir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılsa da, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərüfət Birliyinin 66 saylı MKİS-i tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi 25/31 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(010)-159/2020 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci və 68.1.1-1-ci maddələri tətbiq olunaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 02 il 05 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 9 ay 20 gün hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, 10 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası yeni hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək, üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-14-2- 1/2-İ-5610/2 saylı məktubundan görünür ki, sonuncunun Cavabdeh tərəfindən qanunazidd hərəkətlərə məruz qalmasına dair müraciətinə baxılmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar Bakı şəhəri Xətai rayon prokuroruna göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-44- 5/2-1-5610/11/23 saylı məktubundan görünür ki, sonuncunun Cavabdeh tərəfindən döyülməsinə dair müraciətinə baxılmışdır. Məlum olmuşdur ki, eyniməzmunlu müraciət xx.xx.2022-ci il tarixdə Xətai RPİ 37 PŞ-də müvafiq qaydada qeydə alınaraq araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən hadisəni törədən Cavabdeh barəsində tədbir görülməsi haqqında qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı “bizi öldürürlər” deməsi ilə bağlı Cavabdeh verdiyi şikayəti əsasında cinayət hadisəsinin mövcudluğunu təsdiq edən sübutlar əldə edilmədiyindən və toplanmış materialda cinayət işinin başlanmasına əsaslar kifayət qədər olmadığından material üzrə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PB-nin təhqiqatçısı, polis leytenantı Şahin Nurəliyev tərəfindən “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 10 fevral 2023-cü il tarixli qərarı qəbul edilmişdir. İş materiallarından görünür ki, ünvan 3 ünvanda yaşayan İddiaçı oğlu Cavabdeh ailə üzvlərini evdən çıxartması və naməlum şəxslə birlikdə narkotik maddə narkotik maddə qəbul etməsi barədə şikayəti üzrə Xətai Rayon Polis İdarəsinin 37-ci PB-nin təhqiqatçısı, polis mayoru Aqil Cəfərov tərəfindən “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 11 fevral 2023-cü il tarixli qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(011)-2733/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinib, barəsində 1 (bir) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə evlərində usta işləmiş, həmin vaxt o, evdə işləyən usta ilə mübahisə etməyə başlamışdır. Həmin vaxt Şahin evdə onunla mübahisə etməyə başlamış və onu dəmir parçası ilə vurmuşdur. Odur ki, Cavabdeh barəsində inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(011)-83/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-i tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 4 ünvanında yaşayan Cavabdeh ilə atası İddiaçı və anası X1 xx.xx.2022-ci il tarixdə münaqişəli ailə kimi Xətai RPİ-nin 37-ci PŞ-də qeydiyyata götürülmüşlər. İş materiallarından göründüyü kimi iddiaçı cavabdeh qismində çıxış edən oğlunun mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, iddia tələbini cavabdeh qismində çıxış edən oğlunun valideyn kimi ona hörmət etməməsi, alçatması, təhqir etməsi kimi hallarla əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəlləsinin 1138-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Həmin qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırki mülki iş üzrə iddia tələbinin əsası kimi qeyd edilən və mülki qanunvericilikdə şəxsin vərəslik hüququndan məhrum edilməsinin əsası qismində çıxış edən hallarla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, mülki qanunvericilikdə şəxsin vərəsəlik hüququndan məhrum edilməsinin əsasları birbaşa qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı qeyd olunan əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmiş, həmin hallar öz təsdiqini tapmamışdır. Belə ki, tərəflərin arasında münaqişənin mövcudluğu vərəsəlik hüququndan məhrumetməyə səbəb olan mütləq əsas kimi qiymətləndirilməli deyil. Məcburi paydan məhrum edilmə ilə bağlı miras qoyana qarşı yönəlmiş hərəkətlərin dairəsi qəti göstərilməsə də, onların mahiyyəti miras qoyanın mirasa dair sərəncam verməklə bağlı iradə ifadəsinə məcburi təsir etməkdən ibarət olmalıdır. Cavabdehin hərəkətlərinin miras əmlaka sərəncam verməklə bağlı iddiaçının iradə ifadəsinə qarşı yönəlməsi iş materialları ilə öz təsdiqini tapmır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mirasdan məcburi pay almaq hüququndan məhrum etmə” barədə iddia tələbləri təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar