Məhkəmə qərarları › İş №2(011)-2425/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2425/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2425/2023 04.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “Mustafa Topaloğlu” Stomatoloji Diş klinikasına və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı cavabdehlər “Mustafa Topaloğlu” Stomatoloji Diş klinikasına və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3.800 manat pulun və ödədiyi 58 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, təmir işləri ilə məşğul olur. O, müxtəlif tikililərdə adətən səlahiyyətli şəxslərin tapşırığı ilə şifahi podrat müqaviləsi əsasında təmir işlərini həyata keçirir. 2020-ci il tarixdə aprel ayında Bakı şəhəri Xətai rayonunda yerləşən “Mustafa Topaloğlu” Stomatoloji Diş klinikasının adından Cavabdeh2 iddiaçı ilə əlaqə saxlayaraq qeyd olunan klinikada müvafiq təmir işlərini görməsini iddiaçıya sifariş etmişdir. “Mustafa Topaloğlu” Stomatoloji Diş klinikasının adından Cavabdeh2 iddiaçıya sifarişi tamamladıqdan sonra təmir ləvazimatlarını almaq məqsədilə çəkdiyi xərcləri və müvafiq işlərin görülməsi qarşılığında ödəniş ediləcəyini bildirmişdir. Aralarında bağlanmış şifahi podrat müqaviləsinə əsasən, iddiaçı təmir işlərini sentyabr ayına qədər yekunlaşdırmalı, rəhbərlik isə işlər bitdikdən sonra iddiaçıya ödəniş etməli idi. İddiaçı sentyabr ayında bütün işləri tamamladıqdan sonra Cavabdeh2 ilə əlaqə saxlayaraq ödənişi tələb etmiş, o isə müxtəlif bəhanələrlə bir neçə gün ərzində etdiyi işlərin siyahısına uyğun olaraq iddiaçıya ödəniş ediləcəyini bildirmişdir. Artıq uzun müddətdir ki, iddiaçıya təmir işlərinin nəticəsində ödənilməli olan 3.800 manat məbləğində pul vəsaiti ödənilməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Mustafa Topaloğlu” Stomatoloji Diş klinikasından və Cavabdeh2 3.972 manat pulun və ödədiyi 58 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İddiaçı ilə Cavabdeh2 arasında şifahi podrat müqaviləsi bağlanmış, iddiaçı “Mustafa Topaloğlu” Stomatoloji Diş klinikasında təmir işlərinin aparılmasını öhdəsinə götürmüşdür. Təmir işlərinin nəticəsində ona ödənilməli olan pul vəsaiti 3.972 manat olmuşdur. İddiaçıya gördüyü işlərin haqqı ödənilmədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki- Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi Cavabdeh2 ilə aralarında şifahi podrat müqaviləsinin bağlanmasına, həmin müqaviləyə əsasən ona klinikada görəcəyi təmir işlərinin əvəzində pul vəsaitinin ödənilməli olmasına, lakin təmir işlərinin bitməsinə baxmayaraq cavabdeh tərəfindən ona heç bir vəsaitin ödənilmədiyinə istinad etmiş, cavabdeh tərəfindən təmir işlərinin əvəzi olaraq 3.972 manat məbləğin oa ödənilməsini tələb etmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçı cavabdeh ilə aralarında hər hansı müqavilənin olması, onun klinikada təmir işlərini aparıb başa çatdırması, cavabdehin onun qarşısında pul öhdəliyinin olması barədə mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. İddiaçı cavabdeh ilə arasında “whatsapp” proqramı vasitəsilə aparılan yazışmanı təqdim edərək məhkəmə tərəfindən onun sübut kimi qəbul olunmasını xahiş etmişdir. İstinad olunan yazışma məhkəmə tərəfindən təhlil edilərək həmin yazışmalardan iddiaçının istinad etdiyi halların həqiqiliyinə dəlalət edən yazışmanı aşkar etmək mümkün olmamışdır. Eyni zamanda, iddiaçı məhkəməyə öz əlyazması ilə tərtib edilmiş 2020-ci il mart-sentyabr aylarında görülən təmir işləri ilə bağlı smetanı təqdim edərək bunun da sübut kimi qəbul olunmasını xahiş etmişdir. Lakin məhkəmə qeyd edir ki, əlyazmada əks olunanların cavabdehlə razılaşdırılması, həqiqətən də oradakı işlərin icra edilməsi, görülmüş işlərin dəyərinin orada göstərilən miqdarda olması ilə bağlı hər hansı bir sübut mövcud olmamışdır. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 58 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbi rədd olunduğundan 58 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı- cavabdehlər “Mustafa Topaloğlu” Stomatoloji Diş klinikasından və Cavabdeh2 3.972 manat pulun və ödədiyi 58 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar