Məhkəmə qərarları › İş №2(011)-2437/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2437/2021

29.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2437/2021 29.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X2 Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və “X3 LTD” Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin giriş-çıxış qapısının istiqamətinin dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və “X3 LTD” Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin giriş-çıxış qapısının istiqamətinin dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29, XXİ blok, İİ mərtəbə, 695 saylı mənzilin giriş-çıxış qapısının binanın ümumi layihəsinə uyğun olaraq içəri açılmasının cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanda yerləşən “X3 LTD”-nin sələfi "xxxx" MMC-yə məxsus olan binadan 696 saylı mənzili əldə etmişdir. Cavabdeh1 həmin binanın 695 saylı mənzilinin sahibidir. Həmin mənzil onun mənzilinin yaxınlığında yerləşir. Hər iki mənzilin giriş qapısı bir-birinə çox yaxın vəziyyətdə yerləşir, belə ki, onlar bir-birinə nisbətdə 90 dərəcədə yerləşir və onlar arasında məsafə 30 sm-dir. Onların hər ikisi çölə (ümumi foyeyə) açılır. Bu isə onun mənzilə sərbəst daxil olmasına maneə yaradır. Çünki qapıların hər ikisi eyni vaxtda açılsa, bir-biriylə toqquşar, yaxud o, mənzilə daxil olmaq istədikdə və ya oradan çıxdıqda, həmin mənzilin qapısı qəfildən açılsa, ona dəyə bilər. Həmin binanın layihəsində mənzillərin giriş qapılarının içəri açılması nəzərdə tutulub. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin 19.08.2016-cı il tarixli məktubunda göstərilib ki, "xxxx" MMC tərəfindən ekspertizaya təqdim olunmuş layihəyə əsasən kompleksin bütün mənzillərində giriş qapılarının içəri istiqamətində açılışı nəzərdə tutulmuşdur. Lakin 2-ci cavabdeh binanın ümumi layihəsinin əksinə olaraq qanunsuz şəkildə mənzillərin qapısının çölə açılması vəziyyətində quraşdırıb. Şikayəti əsasında Tikintidə X1 Agentliyi araşdırma aparıb və araşdırma nəticəsində məlum olub ki, qeyd edilən ünvanda 695 nömrəli mənzilin qapısı aidiyyəti qurumlarla razılaşdırılmış layihədə göstərilən kimi deyil, əks istiqamətdə quraşdırılmışdır ki, bu səbəbdən də qonşu mənzilin qapısı açılarkən bir-biri ilə toqquşma baş verir. Agentlik "xxxx" MMC-nin rəhbərliyinə yol verilən pozuntuların aradan qaldırılmasını tapşırsa da, buna cavabdehlər tərəfindən əməl edilməmişdir. Hazırda mənzildə təmir işlərinə başlayır. Öz mənzilinin qapısının layihəyə uyğun olaraq mənzilin iç istiqamətinə tərəf açmağa razıdır. Qarşı tərəf də (2-ci cavabdeh) öz mənzilinin giriş qapısının içəri açılmasını təmin etməlidir. Mən eyni zamanda 1-ci cavabdehə məktub göndərərək mənzilin giriş-çıxış qapısının layihəyə uyğun istiqamətdə dəyişdirilməsini xahiş etmiş, lakin o, bundan imtina etdi. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, 695 saylı mənzil 6 il əvvəl alınmış və təmir edilmişdir. Təmir işlərinin aparılması zamanı, giriş qapısına heç bir dəyişiklik edilməmiş, layihəyə uyğun şəkildə quraşdırılmışdır. Ümumiyyətlə binanın bütün mənzillərinin giriş qapısı çölə açılır. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi binanın layihəsini təsdiq etmişdir. Bunun nəticəsi kimi, həmin mənzilə dair ona çıxarış verilmişdir. Hesab edir ki, iddia əsassızdır və təmin olunmamalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh “X3 LTD” MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdeh “X3 LTD” MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" MMC-nin İddiaçı ünvanladığı 24.10.2016-cı il tarixli məktubun surətindən görünür ki, iddiaçının 18.10.2016 cı il tarixli məktubuna cavab olaraq nəzərinə çatdırılmışdır ki, Bakı şəhəri, Xətai rayoni, Xocalı prospekti 29 ünvanında şirkət tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 696 saylı mənzillə bağlı 695 saylı mənzilin alıcısı Cavabdeh1 xəbərdarlıq yazılmaqla mənzil çöl qapısının içə açılmasını layihə əsasında dəyişiklik etməsi tövsiyə edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq layihə çərçivəsində eyni qaydada olaraq, çöl qapısını dəhlizə yox, mənzilin istiqamətinə açılması tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin İddiaçı ünvanladığı 19.08.2016-cı il tarixli məktubun surətindən görünür ki, kompleksin bütün mənzillərində giriş qapılarının içəri istiqamətində açılışı nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin "xxxx" MMC-yə, “X3 LTD” MTK-ya və İddiaçı ünvanladığı 24.10.2016-cı il tarixli və 09.03.2018-ci il tarixli məktublarının surətindən görünür ki, iddiaçının qonşusuna məxsus mənzilin giriş qapısı ilə onun mənzilinin giriş qapısı açılarkən bir-biri ilə toqquşması barədə müraciətlərinə baxılmış, müəyyən edilmişdir ki, sözügedən yaşayış binaları qanunvericilikdə nəzərdə tutulmuş lada istismarına icazə alınmadan qismən məskunlaşdırılmış və istismar olunur ki, bu rolverilməzdir. Həmçinin, qeyd edilən ünvanda 695 nömrəli mənzilin qapısı aidiyyəti quru razılaşdırılmış layihədə göstərilən kimi deyil, əks istiqamətdə quraşdırılmışdır ki, bu səbəbdən də qonşu mənzilin qapısı açılarkən bir-biri ilə toqquşma baş verir. Məhkəmənin 12.03.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert iddiaçıya məxsus 696 nömrəli mənzil və cavabdehə məxsus 695 nömrəli mənzilin və onun qapılarının hazırda qüvvədə olaı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti norma qaydalarına uyğun olub-olmaması, həmçinin Cavabdeh1 məxsus 695 nömrəli mənzilin İddiaçı məxsus 696 nömrəli mənzilə sərbəst girişçıxışa maneə yaradıb-yaratmaması barədə suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 08.09.2021-ci il tarixli 10/1617 saylı ekspert rəyinə əsasən, iş üzrə tərəflərlə birlikdə sözügedən mənzillərin qapılarına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 29 ünvanında yerləşən İddiaçı məxsus 696 nömrəli mənzilin qapısı içəri, Cavabdeh1 məxsus 695 nömrəli mənzilin qapısı isə çölə açılır. Bağlı vəziyyətdə qapılar arasında məsafə 1.26 metr, açıq vəziyyətdə isə 0.55 təşkil edir. Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 29 ünvanında yerləşən İddiaçı məxsus 696 nömrəli mənzil və Cavabdeh1 məxsus 695 nömrəli mənzilin qapılarının açılma istiqaməti mülki iş materialına əlavə edilmiş plan-sxemdə öz əksini tapmadığından, həmin mənzillərin qapılarının tikinti norma və qaydalarına uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 29 ünvanında yerləşən Cavabdeh1 İddiaçı məxsus 696 nömrəli mənzilə sərbəst giriş-çıxışa Elxan qızına məxsus 695 nömrəli mənzil Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 29 ünvanında yerləşən maneə yaradıb-yaratmamasını müəyyən etmək məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, “prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (Mülki Prosessual Məcəllənin 53 və 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir..” Hazırda iddiaçı ona məxsus olan 696 saylı mənzillə Cavabdeh1 məxsus 695 nömrəli mənzilin qapılarının çölə açılmasını, nəticədə qapıların eyni vaxtda açılması zamanı toqquşma ehtimalının olduğunu göstərmiş və cavabdehin mənzilinin qapısının içəri açılması vəzifəsinin onun üzərinə bir vəzifə kimi qoyulmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz halları onfan ibarətdir ki, Bakı şəhəri, Xətai rayoni, Xocalı prospekti 29 ünvanında "xxxx" MMC (“X3 LTD” MTK) tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binası müvafiq dövlət qurumu tərəfindən istismara qəbul edilmiş və mənzillərə dair sakinlərə çıxarışlar verilmişdir. Həmçinin, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində iddiaçı tərəfindən mənzilinin qapısının içəri açıldığı müəyyən olunmuşdur. Belə olduğu halda məhkəmə hesab edir ki, hazırda tərəflər arasında məhkəmə mübahisəsinə səbəb olmuş hal aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 məxsus mənzilin qapısının çölə açılması nəticəsində onun hüquqlarının pozulduğunu iddia etməsinə baxmayaraq bu barədə iddia ərizəsinə heç sübut təqdim etməmiş, məhkəmə iclasında isə məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 08.09.2021-ci il tarixli 10/1617 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 50 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməi, ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıdan tutulub dövlət nəfinə keçirilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və “X3 LTD” Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin giriş-çıxış qapısının istiqamətinin dəyişdirilməsi tələbinə dair” iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutulub dövlət büdcəsinə keçirilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar