Məhkəmə qərarları › İş №2(011)-2453/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2453/2022

07.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2453/2022 07.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlərin ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33.26 kv.metr olan 51 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdehlər arasında Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 2 saylı evin 51 saylı mənzilinin (bundan sonra - Mənzil) alqı-satqısına dair xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nöməsi: **********) bu barədə ona Çıxarış verilmişdir. Cavabdehlər hal-hazırda mübahisəli mənzildə qeydiyyatdadırlar. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə 18 saylı notariat ofisində Mənzilin alınmasına dair AN-l № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehlər onun xüsusi mülkiyyətində olan Mənzildə pasport qeydiyyatındadır. Cavabdeh1 ona məxsus mənzilin keçmiş mülkiyyətçisi, digər cavabdehlər Cavabdeh2 və onların uşaqları Cavabdeh3 və X1 isə onun ailə üzvləridir. Müqavilə bağlanıldıqdan sonra ona məxsus mənzildə pasport qeydiyyatından çıxacaqlarına dair öhdəlik götürsələrdə bu günədək mənzildə pasport qeydiyyatında qalmaqdadır. Cavabdehlərin qeyd olunan ünvanda yaşamamasına baxmayaraq, ona məxsus olan mənzildə pasport qeydiyyatından çıxmamışdır. Hazırki iş üzrə cavabdehlər onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatı formal xarakter daşıyır. Bundan başqa, cavabdehin formal olaraq onun mənzilində qeydiyyatda olması bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını pozur və o onun yerinə əlavə kommunal xərcləri ödəməli olur. İddiaçı məhkəmə iclasının vaxtı barədə məlumatlandırılsa da, məhkəməyə gəlməmiş, cavabdehlər isə işə mahiyyəti üzrə baxılmasını tələb etdilər. Cavabdehlər məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək, bildirdilər ki, iddiaçı evin alqı-satqısına görə ödəməli olduğu pulun 600 manat hissəsini qəsdən ödəmir. Buna görə də, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə cavabdehlərin izahatını, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşin mübahisəsiz hallarından göründüyü kimi, tərəflər arasında Mənzilin alqı-satqısı barədə müqavilə bağlanmış və həmin müqavilə əsasında iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmaqla onun Mənzilə dair mülkiyyət hüququnu əldə etdiyi andan cavabdehlərin həmin Mənzilə dair mülkiyyət hüquqları itirilmişdir. Azərbaycan Respublikası MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzilə mülkiyyət hüququ yarandığı andan cavabdehlərin mənzilə dair mülkiyyət hüququnu itirilmişdir. Bu halda onların Mənzilə dair istifadə hüquqları da saxlanıla bilməz. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5-ci maddəsi). Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək cavabdehlərin iddiaçıya məxsus Mənzildən istifadə hüquqları itirilməlidir. Cavabdehlərin iddiaçının Mənzilin pulunun bir hissəsinin verməməsi səbəbindən qeydiyyatdan çıxmamaları ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin 13-cü bəndinə əsasən cavabdehlər hər hansı şərt qoyulmadan xx.xx.2022-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmaları barədə öhdəlik götürmüşlər. Bu halda, cavabdehlərin həmin əsasla Mənzildən qeydiyyatdan çıxmaqdan imtina etmələri əsassızdır. Məhkəmə qeyd edir ki, iddiaçının Mənzilin pulunun bir hissəsini ödəməkdən imtina etdikdə, cavabdehlərin hüququ var ki, həmin pulun tələb edilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etsinlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 2 saylı evin, 51 saylı mənzilinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqları itirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar