Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2478/2022 24.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehdən onun xeyrinə 3500 manat tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (bundan sonra – Qeyri-yaşayış sahəsi) iddiaçının sahibliyindədir. İddiaçı ilə cavabdehin arasında 2020-ci ilin sentyabr ayında Qeyri-yaşayış sahəsinin cavabdehə icarəyə verilməsi barədə şifahi razılaşma olmuşdur. Şifahi razılaşmaya əsasən cavabdeh hər ay 1000 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinə görə icarə haqqının bir hissəsi cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdır ki, cavabdehlə aralarında şifahi razlaşma əsasında, mülkiyyətində olan Qeyri-yaşayış sahəsini aylıq 1000 manat dəyərində, cavabdehə icarəyə vermişdir. Cavabdeh bir-iki ay icarə haqqını ödəmiş, sonralar müxtəlif bəhanələrlə icarə haqqını ödəməkdən boyun qaçırmışdır. Tərəfindən dəfələrlə telefon və ya votsap vasitələri ilə cavabdehlə əlaqə saxlamağına baxmayaraq cavabdeh kirayə borcunu ödəməkdən müxtəlif yollarla boyun qaçırmışdır və nəticədə telefon zənglərinə və vatsap mesajlarına cavab verməmişdir. 2021-ci ilin noyabr - dekabr aylarında ərazi üzrə, Bakı şəhər Xətai rayon 17-ci polis bölməsinə mürciət etmiş, polis bölməsində ona izah etmişlər ki, cavabdehlə aralarında olan mübahisə mülki xarakter daşıyır və məhkəməyə müraciət etməlidir. Eyni zamanda, 30 dekabr 2021-ci il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-il tarixli qərar ona təqdim edilmişdir. Qərarda cavabdeh icarə haqqını 7-8 ay ardıcıl ödəmədiyini etiraf etmişdir. Pandemiya ilə əlaqədar, o cavabdehə müvafiq güzəştlər etmiş və razılaşaraq ondan ödənişin yarısını, yani 3500 manat məbləğində borcun yaranmasını bildirmişdir. Cavabdeh tərəfindən laqeyd münasibətlər nəticəsində ofisin döşəmə örtüyü xarab olmuş və yenidən döşənməsi tələb olunur. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, bildirdi ki, mübahisəli qeyri-yaşayış sahəsi balaca yer olsa da, bir gündə boş qalmıyıb. O, dəfələrlə cavabdehə bildirib ki, əgər icarə haqqını ödəmək imkanı yoxdusa, obyekti boşaltsın. Çünki onun yeganə gəlir yeri ora olub, Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, qeyriyaşayış sahəsinə heç bir ziyan vurmayıb. O, qeyri-yaşayış sahəsindən cəmi 2 ay istifadə edib ancaq 6 aylıq ödəniş edib. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə hesab edir ki, əvvəlcə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasının aydınlaşdırılmasına zərurət vardır. İşin faktiki hallarından da göründüyü kimi, "xxxx" MMC ilə iddiaçı arasında xx.xx.2014-cü il tarixdə Mənzil Tikintisinə və satışına dair müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55,0 m2 olan qeyri-yaşayış sahəsini inşa edib iddiaçıya təhvil verməyi, iddiaçı da qeyri-yaşayış sahəsinin dəyəri olan 105 000 manatı "xxxx" MMC-ya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nın xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən Qeyri-yaşayış sahəsinə dair iddiaçının maliyyə borcu yoxdur. İş materialları ilə müəyyən olunur ki, iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Lakin məhkəmə hesab edir ki, iddiaçı sahibliyində olan Qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququna gözləntisi vardır. Mülki Məcəllənin 152-ci maddəsi müəyyən edir ki, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.2 və 152.3). İddiaçının Mənzilin tək sahibi olması işin mübahisəsiz halıdır. Eləcə də, iddiaçı özünün yaşayış sahəsinə, mənzilə olan tələbatını təmin etməklə Mənzilin təbii xassələrindən istifadə etmiş olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycan qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının milli qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, beynəlxalq qanunvericilik baxımından onun Qeyri-yaşayış sahəsinə dair mülkiyyətə gözləntisi olduğundan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Konkret iddia tələbinə gəldikdə isə, məhkəmə tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir, çünki cavabdeh də iddiaçıya məxsus Qeyri-yaşayış sahəsini aylıq icarə haqqı müqabilində isfiadə etdiyini bildirmişdir. Həmin maddəyə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə görə əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsinə verilən bu anlayışdan da göründüyü kimi, icarə müqaviləsi real müqavilədir və bu müqavilə icarə obyekti icarəçinin isitifadəsinə verildikdən sonra bağlanmış sayılır. İcarəyə verənin əsas öhdəliyi əmlakın icarəçinin istifadəsinə vermək, icarəçinin əsas öhdəliyi isə əmlakı qəbul edərək razılaşdırılmış vaxtda icarə haqqını ödəməkdən ibarətdir. İşin yuxarıda qeyd edilən faktiki hallarından da görünür ki, iddiaçı (icarəyə verən) icarə haqqı müəyyən edilməklə Qeyri-yaşayış sahəsini cavabdehin istifadəsinə vermiş, cavabdeh (icarəçi) hər ay Qeyri-yaşayış sahəsindən istfadəyə görə 1000 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsinin formasına gəldikdə isə, məhkəmə qeyd edir ki, qanunvericilikdə bu torpaq icarəsi müqavilə istisna olmaqla, digər növ icarə müqaviləsinin yazılı formada bağlanmalı olması barərə imperativ göstəriş yoxdur. Odur ki, icarə müqaviləsi (torpaq icarəsi istisna olmaqla) şifahi formada da bağlana bilər. Tərəflər arasında şifahi formada Qeyri-yaşayış sahəsinin icarəsi barədə müqavilənin bağlanması isə məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh məhkəmə baxışı zamanı Qeyri-yaşayış sahəsini icarəyə götürdüyünü və buna görə iddiaçıya pul ödədiyini etiraf etmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı şikayət ərizəsi ilə Bakı şəhəri Nərimanov RPİ-nin 17-cı PŞ-nə müraciət etmişdir. Cavabdah Nərimanov RPİ-nin 17-cı PŞ-də verdiyi izahatında göstərmişdir ki, Qeyri-yaşayış sahəsini hər ay 1000 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürmüşdür. 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq işləri dayanmış və ofisə giriş qadağan olunduğundan ofisə gedə bilməmiş və bu səbəbdən aylıq icarə haqqını ödəməmişdir. 7-8 ay ofisdə işləmədiyindən icarə haqqını ödəməmiş, bununla da öhdəliyini pozmuşdur. Beləliklə, iş materialları və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında Qeyri-yaşayış sahəsinə dair şifahi formada icarə müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini yerinə yetirərək əmlakı cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh öhdəliyini pozaraq razılaşdırılmış icarə haqqını tam ödəməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsində də göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə, 3500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 3500 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildikdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-2478/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2478/2022
24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver