Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-255/2022 10.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 15 mart 1993-cü il tarixli 578 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evdə yerləşən 29.43 kv.m-lik 2 yaşayış otağından ibarət 2 saylı mənzil iş yerindən ona ailə üzvlərini nəzərə alınmaqla 21 aprel 1993-cü il tarixli 015594 nömrəli order əsasında verilmişdir. Lakin ona məxsus mənzili Şuşa şəhərindən məcburi köçkün olan Cavabdeh1 ailə üzvləri ilə birlikdə zəbt etmiş və həmin vaxtdan hal-hazıradək mənzili boşaltmağa dair dəfələrlə etdiyi xəbərdarlıqlara əhəmiyyət verməyərək, bu mənzildə yaşamaqda davam edirlər. Hal-hazırda onun ailə tərkibi 5 nəfərdən ibarət olmaqla çətin şəraitdə yaşayırlar. Onun başqa yaşayış yeri yoxdur. Yeganə ümid yeri ona qanuni əsaslarla verilmiş mənzildir. Cavabdehlər onun mənzilə dair olan hüquqlarını məhdudlaşdırırlar. Belə ki, könüllü əsaslarla mənzili özəlləşdirmək istəsə də, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən mənzildə ölçü işlərinin belə aparılması üçün şərait yaratmamışlar. O, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənzilindən qanuni əsaslarla yararlana bilmir. Bununla yanaşı, o, da ona məxsus mənzilin (əmlakın) sığortalanmasından istifadə etmək qərarındadır. Cavabdehlər isə əmlakından istifadə, sahiblik və gələcəkdə qanunla qorunan mülkiyyət hüququna maneçilik törədirlər. Məhkəmədən kənar şəkildə mübahisənin həllinə dəfələrlə cəhd etsə də, nəticəsi olmamışdır. Qaçqınların və X4 üzrə Dövlət Komitəsindən bildirmişlər ki, həmin məcburi köçkünlər müvəqqəti qeydiyyata alınmışlar. Hamıya məlumdur ki, 2020-ci ildə baş verən 44 günlük müharibədə Azərbaycan Ordusunun gücü və Ali Baş Komandanın dəmir yumruğu nəticəsində Şuşa şəhəri işğaldan azad olunmuşdur. Artıq bir ilə yaxındır ki, Azərbaycan xalqı bu sevinci yaşayır. Ancaq onların ailəsində bu sevinc yaşanmır, ona görə ki, onların mənzili hələ də 28 ildir “işğal” altındadır. Şuşa şəhərinin 1 ilə yaxındır işğaldan azad olmasına baxmayaraq mənzillərində yaşayan “işğalçılar” bu xoşbəxtliyə sevinmirlər və öz evlərinə qayıtmaq fikirləri belə yoxdur. Ona görə də o, razıdır ki, məhkəmə şərait yaratsın, 2 otaqlı mənzilin 1 otağında onlar yaşasınlar. Mübahisənin məhkəmə müstəvisində həlli ilə əlaqədar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, hesab edir ki, cavabdehlər ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D.1 saylı evdə yerləşən 29.43 kv.m-lik 2 yaşayış otağından ibarət 2 saylı mənzildən çıxarılaraq Şuşa şəhərində qoyub gəldikləri evlərinə qayıtmalı və yaxud otağın birində onlarla mehriban yaşamağa razı olmalıdırlar. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evin 2 saylı mənzilindən məcburi çıxarılaraq qeydiyyatda olduqları Şuşa şəhərinə köçürülmələri və yaxud 2 otağın birində onlara şərait yaratmaq barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanından məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən verilmiş orderin surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D, ev 1, 2 saylı mənzil order əsasında İddiaçı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 15 mart 1993-cü il tarixli sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Əhmədli qəsəbəsi, Gen.Şıxlinski küçəsi, məhəllə 2942 “D”, 1 nömrəli binada yerləşən blok 1, mərtəbə 1, yaşayış sahəsi 29.7 kv.m olan 2 otaqlı 2 nömrəli mənzilin müstəsna halda verilməsi barədə Bakı qeyri parça materialları fabrikinin müdiriyyət və həmkarlar komitəsinin xx.xx.1993-cü il tarixli 83№-li qərarı təsdiq edilmiş, müəssisənin müdiriyyət və həmkarlar komitəsinin xx.xx.1993-cü il tarixli 83№-li qərarı ilə İddiaçı Əhmədli qəsəbəsi, Gen.Şıxlinski küçəsi, məhəllə 2942 “D”, 1 nömrəli binada yerləşən blok 1, mərtəbə 1, yaşayış sahəsi 29.7 kv.m olan 2 otaqlı 2 nömrəli mənzilin müstəsna halda verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 24 dekabr 2021-ci il tarixli məktubundan məlum olur ki, sorğuda adı qeyd olunan Şuşa rayonundan məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müvəqqəti qeydiyyat ünvanı Komitənin elektron bazasında ünvan 2i qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış 24 dekabr 2021-ci il tarixli məktubdan məlum olur ki, Şuşa rayonundan məcburi köçkün Cavabdeh1 həyat yoldaşı X1, habelə qızları Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə 1992-ci ildən ünvan 5 ünvanında faktiki məskunlaşmışlar və müvəqqəti qeydiyyatdadırlar. Qeyd edilən məcburi köçkün ailəsi barəsində digər məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli “Akimova Azərbaycana qarşı Qərarında” Məhkəmə qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin qərarda Məhkəmə, həmçinin, məcburi köçkünlər müstəqil surətdə özlərinə yaşayış yeri taparkən digər şəxslərin hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanlarının onları başqa yaşayış yerlərinə köçürməli olduğu barədə «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Qanunun 5-ci maddəsinin, eləcə də «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nın 4-cü maddəsinin tələblərini nəzərə alır (bax, yuxarıda § 23 və 25). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanunda nəzərdə tutulmuşdur ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxslərin yaşadıqları mənzilləri öz şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (1-ci maddə). Belə özəlləşdirmə könüllü və pulsuzdur (2-ci maddə). “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Göründüyü kimi, istinad edilən qanun normasında da məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıya order əsasında məxsus olan mənzildə heç bir qanuni əsas və hüquq olmadan yaşadıqları və bununla iddiaçının sahiblik və istifadə hüquqlarını pozduğu, mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə maneə törətdiyi üçün onlar həmin mənzildən çıxarılmalıdırlar. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D, ev 1, 2 saylı mənzildən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-255/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-255/2022
10.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver