Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-261/2022 28.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə. İddiaçı1 cavabdeh “Tağıyev Şirkəti”nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti cəlb edilməklə) qarşı malın geri götürülməsi və pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehin ona satdığı 4 ədəd otaq qapılarının ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehin hesabına 2 gün müddətində götürülməsi və 1360 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehin ona satdığı 4 ədəd otaq qapılarının ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehin hesabına 2 gün müddətində götürülməsi və ödədiyi 1360 manat pulun, mənəvi ziyana görə əlavə olaraq 1360 manat, başqa qapı aldığına görə 1000 manat, cəmi 3720 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə iddiaçı cavabehə onun təqdim etdiyi materiallarla 4 ədəd otaq qapılarının hazırlanmasını sifariş vermişdir. Tərəflər arasnda razılaşma şifahi formada olmuş və razılığa əsasən qapıların hazırlanmasından və təqdim edilməsindən ibarət işin (xidmətin) yerinə yetirilməsi haqqı 1460 manat olmaqla razılaşdırılmışdır. Həmçinin, razılaşmaya əsasən, xidmət haqqının 1360 manat hissəsi sifariş verilərkən ödənilməli, qalıq 100 manat hissəsi isə qapılar təhvil veriləndə ödənilməli idi. 1360 manat sifariş verilərkən iddiaçı tərəfindən ödənilmişdir. Qapılar iddiaçıya təhvil verilmiş, lakin tərəflər arasında qapıların hazırlandığı materialla bağlı mübahisə yaranmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, cavabdehə 4 ədəd qapı sifariş etmiş və görülən işin (xidmətin) ümumi dəyəri 1460 manat olmaqla razılaşdırılmışdır. Sifariş verilən vaxt onda 1360 manat pul olduğundan həmin hissəni ödəmişdir. Qalıq pul isə qapılar təhvil veriləndə ödənilməli idi. Malın çatdırılmasının qısa müddət ərzində olacağı vəd edilsə də, gecikmə ilə çatdırılmışdır. Həmçinin, qapılar hazırlanıb təhvil verilən zaman mehem ptoblemlər ortaya çıxmışdır. Qapılar əvvəlcədən şərtləşdirilmiş və bunun müqabilində gözlədiyi vəziyyətdə olmamış, cavabdeh tərəfindən müqayisə üçün (yəni nümunə) göstərilən qapılardan əsaslı şəkildə fərqlənmişdir. Bununla əlaqədar olaraq cavabdehin nümayəndələri ilə əlaqə saxlamış, lakin müxtəlif uzun müddətli vədlər verməkdən başqa yaranmış problemin həllinə dair hər hansı bir müsbət irəlləyiş əldə edə bilməmişdir. Bununla əlaqədar cavabdehdən istədiyi yəni müqavilədə nəzərdə tutulmuş qapını ala bilmədiyindən başqa mağazadan arzu olunan qapıları əldə etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçıya amrikan tekstilli (bəzəkli) təbii şpon materialından ibarət qapıların hazırlanması bildirilmişdir. İddiaçı materiala baxaraq bəyənmişdir. İddiaçının sifariş etdiyi qapıların materialı təbii şpon deyil, onlar həmin materialı amerikan tekstilli təbii şpon adlandırırlar. Türkiyədən gətirilən üzlükdür. Fərq yalnız rəngdə ola bilər. Təbii şpon palıd ağacındandır və bir qapının qiyməti 800 manatdır. Sifariş blankında da amerikan teksturalı təbii şpon qeyd olunub və iddiaçının da imzası ilə təsdiq etdiyi nümunə həmin materialdır. Biz iddiaçıya təbii şpon satmamışıq. Ola bilər ki iddiaçı düzgün başa düşməyib. Üçüncü şəxsin nümayəndəsi izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, tərəflər şiahi formada podrat müqaviləsi bağlamışdır. Belə ki, Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göstərilən müddəadan da göründüyü kimi, podrat müqaviləsi konsensual müqavilədir və tərəflər müqavilədə göstərilən şərtlər (göstəriləcək xidmət və muzd) barədə razılaşdıqda müqavilə bağlanmış sayılır. İşin yuxarıda qeyd edilən faktiki hallarından da görünür ki, iddiaçı (sifarişçi) ölçüləri və digər xüsusiyyətləri göstərilməklə, cavabdehə mənzil üçün otaq qapıları hazırlamağı sifariş vermiş, cavabdeh həmin sifarişi qəbul etmiş və tərəflər görüləcək işlə bağlı muzd barədə də razılığa gəlmişlər. Beləliklə, tərəflər arasında şifahi formada podrat müqaviləsinin bağlanması və müqavilə əsasında iddiaçının sifarişi əsasında mənzil üçün 4 ədəd otaq qapılarının sifariş edilməsi, qapıların hazırlanaraq iddiaçıya təhvil verilməsi və muzdun bir hissəsinin ödənilməsi işin mübahisəsiz hallarıdır. Tərəflər arasında mübahisə isə hazırlanmış qapıların materialı ilə bağlı yaranmışdır. İddiaçı cavabdehin ona göstərdiyi materiallardan 4 ədəd təbii şpondan ibarət qapıların hazırlanmasını sifariş etdiyini iddia edir. Cavabdehin nümayəndəsi isə iddiaçıya qapıların hazırlandığı materialın nümunəsini əvvəlcədən təqdim edilməsini, iddiaçının həmin nümunəni bəyəndiyini və həmin materialın amerikan teksturalı (bəzəkli) materialdan hazırlanması barədə razılaşdıqlarını bildirir. Cavabdehin nümayəndəsi bu dəlilinin əsası kimi məhkəməyə 25.07.2021-ci il tarixli, 184 nömrəli sifariş blankı və 2 parçadan ibarət üzlük təqdim etmişdir. Cavabdehin nümayəndəsinin göstərdiyi və iddiaçının adı da qeyd edilməklə işə əlavə edilmiş 25.07.2021-ci il tarixli, 184 nömrəli sifariş blankında 4 ədəd – 1 ədəd mətbəx, 2 ədəd yataq və 1 ədəd qonaq otağı üçün hazırlanacaq qapıların sayı, ölçüləri və s. barədə məlumatlar əks olunmuşdur. Sifariş blankının “rəng” bölümünün qarşısında isə “Amerikan təbii şpon” sözləri qeyd edilmişdir. Həmçinin, cavabdehin nümayəndəsi tərəfindən 2 yerə bölünmüş formada məhkəməyə təqdim edilmiş üzlüklərin üzərində isə “müştəri – İddiaçı1 rəng üçün bunu seçirəm və s.” sözləri yazılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı özünün şəxsi tələbatını ödəmək məqsədilə cavabdehə mülki hüquq münasibətlərinə daxil olmaqla bərabər, həm də bu münasibətdə istehlakçı qismində iştirak etmişdir. Bu halda, tərəflər satıcı və istehlakçı (alıcı) olaraq üzərlərinə qanunla nəzərdə tutulmuş hüquq və vəzifələr götürmüş olurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanununa əsasən istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçının hüququdur. Həmin Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Qeyd edilən müddəlardan da göründüyü kimi, istehlakçı öz şəxsi tələbatını ödəmək üçün satıcı ilə hər hansı münasibətə daxil olmazdan əvvəl satıcının istehlakçı qarşısında Qanunun 13-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş vəzifələri yaranmış olur. Konkret mübahisəyə gəldikdə isə, məhkəmə araşdırması müəyyən edilmişdir ki, cavabdeh Qanunun qeyd edilən müddəasını pozaraq iddiaçıya hazırlayacağı qapıların hansı materialdan hazırlanması barədə dolğun məlumat verməmişdir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddiaçının sifarişi əsasında “amerikan bəzəkli (teksturalı) təbii şpon” materialından qapıların hazırlandığını bildirsə də, əslində həmin qapıların təbii şpondan deyil, başqa bir materialdan hazırlanması məlum olmuşdur. Çünki, cavabdehin nümayəndəsi təbii şponun palıd ağacından hazırlandığını, qiymətinin isə iddiaçıya təqdim edilmiş qapının qiymətindən iki dəfə baha olduğunu, özlərinin qəbul etdikləri anlamda iddiaçı üçün hazırlanmış qapıların materialını “amerikan teksturalı təbii şpon” adlandırdıqlarını, lakin iddiaçıya təqdim edilmiş həmin qapıların həqiqi təbii şpondan hazırlanmadığını bildirmişdir. Hətta, cavabdehin nümayəndəsi iddiaçının seçdiyi materialın məhkəməyə təqdim edilmiş 2 parça (hissə) üzlük material olduğunu israr etsə də, həmin üzlüklərin üzərində yalnız qapıların rəngi barədə yazılı qeydlər aparılmış, qapıların məhz həmin materialdan hazırlanması barədə isə heç bir qeyd aparılmamışdır. Göründüyü kimi, cavabdehin sifariş blankında qapıların “amerikan təbii şpon”dan hazırlanması barədə məlumat əks olunsa da, əslində həmin materialın təbii şpon olmadığı cavabdehin nümayəndəsi tərəfindən məhkəmə baxışı zamanı etiraf edilmişdir. İşin şərh edilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya təbii şpon materialından 4 ədəd otaq qapısı hazırlanmasını öhdəsinə götürsə də, bu öhdəliyini pozmuş, iddiaçının sifariş etdiyi qapıların təbii şpondan hazırlanacağı görüntüsü yaratmaq üçün sifariş blankında “Amerikan təbii şpon” sözlərini yazsa da, əslində isə qapıları başqa tikinti materialından hazırlamaqla, iddiaçıya aldığı malın xüsusiyyətləri və keyfiyyəti barədə dolğun və ətraflı məlumat verməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanunun 5-ci maddənin 3-cü bındində deyilir ki, satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 13-cü maddəsinin 4-cü bəndində Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh edilən xüsusatları, eləcə də qeyd edilən qanunvericilik müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh müqavilədə nəzərdə tutulan öhdəliyini, yəni iddiaçı tərəfindən sifariş verilən mənzil üçün qapıları müqavilədə nəzərdə tutulmayan materialdan hazırlayaraq öhdəliyini pozduğundan, iddia cavabdehin ona satdığı 4 ədəd otaq qapılarının ünvan 1 ünvanında yerləşən mənzildən cavabdeh tərəfindən öz hesabına 2 gün müddətində götürülməsi və 1360 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi hissəsində təmin edilməlidir. İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona müqavilədə şərtləşdirilmiş deyil, başqa materialdan qapı hazırlamasının şüuruna necə təsir göstərməsi, yaxud sarsıntı və iztirab keçirməsi, bunula da ona mənəvi zərərin dəyməsini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi tələb edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi başqa qapı aldığına görə 1000 manat pulun cavabdehdən tələb edilməsi hissəsində də əsassızdır. Belə ki, iddiaçı cavabdehə sifariş etdiyi qapılardan imtina edərək şəxsi tələbatını ödəmək məqsədilə başqa qapılar almışdır. Bu halda, iddiaçı hər hansı formada maddi zərər çəkməmiş, başqa bir satıcıdan dəyərini ödəməklə qapı əldə etmişdir. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.2-ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1360 manat məbləğində pul vəsaiti “Tağıyev Şirkəti”dən alınaraq İddiaçı1 ödənilsin. Cavabdeh tərəfindən hazırlanmış 4 ədəd otaq qapısı iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən “Tağıyev Şirkəti” tərəfindən cavabdehin hesabına 2 gün müddətində götürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinın mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-261/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-261/2022
28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver