Məhkəmə qərarları › İş №2(011)-2610/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2610/2023

04.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2610/2023 04.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X7 qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X3 qarşı “kənar şəxslərin yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X1 iddiaçının qanuni sahibliyində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, General Şıxlinski küçəsində yerləşən 1 saylı evin 18 nömrəli mənzilindən əşyaları ilə birlikdə çıxarılaraq həmin mənzilin iddiaçının sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, General Şıxlinski küçəsində yerləşən 1 saylı evin 18 nömrəli mənzili Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 13 iyul 1992-ci il tarixli 305 nömrəli sərəncamına əsasən İddiaçı və onun ailə üzvlərinin istifadəsinə verilmiş, həmin şəxslər qeyd olunan mənzilə pasport qeydiyyatına alınmışdırlar. Sərəncam verilən zaman binanın tikintisi yekunlaşmadığından İddiaçı ailə üzvləri sahibliklərinə verilmiş mənzilə dərhal köçə bilməmişlər. 1992-ci ilin sentyabr ayında iddiaçıya məlum olmuşdur ki, dövlət tərəfindən ona verilmiş mənzilə Şuşa şəhərindən məcburi köçkün olan bir ailə məskunlaşmışdır. İddiaçı həmin şəxslərin onun mənzilində yaşamalarına etiraz etməmişdir, bu şərtlə ki, həmin şəxslər dövlət tərəfindən mənzillə təmin olunduqları və ya torpaqlar işğaldan azad olunacağı və bu şəxslərin öz doğma evlərinə köçürüləcəyi təqdirdə iddiaçının mənzilini özünə təhvil verəcəkdilər. 1992-ci ildən 2022-ci ilədək iddiaçı öz mənzilinə getməmişdir, həmin şəxslərin özlərinin köçəcəklərini gözləmişdir. Şuşa şəhəri işğaldan azad olunduğu üçün iddiaçı 2022-ci ilin dekabr ayında onun evində müvəqqəti yaşayan şəxslərlə maraqlanmaq istəmiş, lakin mənzilə gedərkən ona məlum olmuşdur ki, mənzildə başqa şəxslər, yəni cavabdehlər yaşayır. Onların kim olduğunu soruşanda Cavabdeh2 bildirmişdir ki, bu mənzili o, 2007-ci ildə pul qarşılığında X9 adlı şəxsdən almışdır. İddiaçı mənzilin ona məxsus olduğunu, alğı-satqının sənədlər olmadan həyata keçirilməsinin mümkün olmadığını bildirsə də, cavabdehlər heç bir məhəl qoymamışlar. İddiaçının mənzilində kənar şəxslərin yaşaması onu mülkiyyət hüquqları ilə bağlı bir çox hüquqlardan məhrum edir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər və iddianın məzmununa uyğun izahat verdilər. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, X8 iddiaçının əridir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 13 iyul 1992-ci il tarixli 305 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, General Şıxlinski küçəsində yerləşən 1 saylı evin 18 nömrəli mənzili 14 iyul 1992-ci il tarixli order əsasında İddiaçı istifadəsinə verilmişdir. Cavabdehlər hal-hazırda mübahisəli ünvanda qeydiyyatsız yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Xətai Rayon Sektoru tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsinə verilmiş 27 fevral 2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan yoxdur. Kəlbəcər rayonundan məcburi köçkün 1979-cu il təvəllüdlü Cavabdeh3, 1969-cu il təvəllüdlü Cavabdeh2, 2007-ci il təvəllüdlü Cavabdeh1 və 2001-ci il təvəllüdlü X1 adları Dövlətqaçqınkomun Xətai rayon sektorunun adlı siyahılarında mövcud deyildir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123– cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001–ci il tarixli qərarı: 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 52–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. 54-cü maddəsinin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 1–ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007–ci il tarixli qərarı: 1 saylı Protokolun 1–ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fıziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün "mülkiyyət" kimi qəbul edilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, 2 iyun 1993–cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafıq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda Məhkəmə razılaşmışdır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1–ci maddəsinin tətbiq dairəsinə düşən "mülkiyyət" hesab etmək üçün kifayət qədər əsaslar var. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1–ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. 5–ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 157-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyində öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 69.1-1-ci maddəsinə görə, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. İşə baxan məhkəmənin mövqeyi: İşin müəyyən olunmuş hallarından görünür ki, 14 iyul 1992-ci il tarixli 012936 saylı orderə əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, General Şıxlinski küçəsində yerləşən 1 saylı evin 18 nömrəli mənzili iddiaçıya verilmişdir. İddiaçı mübahisəli mənzilə yaşayış orderi əsasında sahiblik və ondan istifadə etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istinad edilən əmlaka münasibətdə qanuni sahib olmaqla yanaşı, mənzilə dair gözləntisi olan şəxsdir. Hazırkı iş üzrə iddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddir-əmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin qanunsuz istifadəsində olması. Yuxarıda istinad olunanlardan məhkəmə tərəfindən müəyyən edilmişdir ki, istinad olunan əmlakın qanuni sahibi iddiaçıdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınan cavabdeh X6 izahatında mənzili 2007-ci ildə atası Natiqin xalasının əri X4 pul qarşılığında aldığını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı cavabdehlərin istinad edilən mənzilə dair hər hansı qanuni əsasının olmasını aydın etmək mümkün olmamışdır. Belə ki, cavabdehlərə məhkəmə iclasları ilə bağlı məlumat verilsə də onlar iclaslarda iştirak etməmiş, hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər iddiaçının qanuni sahibliyinə verilmiş mənzildə hər hansı qanuni əsas olmadan yaşamaqla iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmuşlar. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X6 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, General Şıxlinski küçəsində yerləşən 1 saylı evin 18 nömrəli mənzilindən çıxarılmalı, həmin mənzil iddiaçı sahibliyinə qaytarılmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X6 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, General Şıxlinski küçəsində yerləşən 1 saylı evin 18 nömrəli mənzilindən çıxarılsınlar, həmin mənzil İddiaçı sahibliyinə qaytarılsın. İddiaçı ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar