Məhkəmə qərarları › İş №2(011)-2613/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2613/2023

02.06.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2613/2023 02.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X2 Cavabdeh Firmaısna qarşı “müqavilənin bağlanması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. ünvan 1 ünvanında Cavabdeh Firmasının inşa etdiyi binanın “B” girişi, 7-ci mərtəbədə yerləşən 27 saylı mənzilə (Bundan sonra – Mənzil) dair iddiaçının atası Livi Abramovla cavabdeh arasında xx.xx.2016-cı il tarixdə mənzil tikintisi haqqında podrat müqaviləsi bağlanmış, Mənzilin pay dəyəri olan 56 000 manat (1 kv.m.-in qiyməti 700 manat) məbləğində pul vəsaiti Livi Abramov tərəfindən cavabdehə tam ödənilmiş, Mənzilə dair heç bir borcu qalmamış və Mənzil Livi Abramova təhvil verilmişdir.

2. İddiaçının atası Livi Abramov xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Onun ölümündən sonra Livi Abramovun qardaşı Rəşpil Abramov 23 saylı Notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, həmin şəhadətnamə əsasında isə Livi Abramovun adına Mənzilə dair xx.xx.2019-cu il tarixli Çıxarış əldə etmişdir.

3. Sonradan, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-6398/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Rəşpil Abramovun adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-6398/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır.

4. Bundan başqa, iddiaçının qardaşı Abramov Vitaliy xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək atasından qalmış miras payından iddiaçının xeyrinə imtina etmişdir. Hazırda iddiaçı atası Livi Avromovun qanun üzrə yeganə vərəsəsidir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

5. İddiaçı xx.xx.2016-cı il tarixdə cavabdehlə X10 arasında bağlanmış mənzil tikintisi haqqında müqavilənin iddiaçı ilə bağlanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı sonradan iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Mənzilin müvafiq sənədləşmə işləri ilə aparılmaqla iddiaçıya təhvil verilməsi, mənzilə daxil olma ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, 1997-ci ildə İsrail Respublikasına köçmüş və həmin vaxtdan etibarən orada Hayfa şəhərində yaşamışdır. O, İsrail vətəndaşıdır. Atası Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı daimi əsaslarla ünvan 2 ünvanında yaşamışdır. Həmin mənzili iddiaçının atası xx.xx.2016-cı il tarixdə cavabdehdən “Mənzil tikintisi haqqında müqavilə” əsasında əldə etmişdir. 2018-ci ilin sonlarında atası Azərbaycandan İsrailə getmiş, orada səhhəti pisləşmiş, ağır formalı infarkt keçirmiş, 1 yanvar 2019-cu il tarixdə vəfat etmiş və İsraildə dəfn olunmuşdur. X3 qardaşının ölümündən sonra Almaniyadan Bakı şəhərinə qayıtmış, müəyyən sənədlər (dəfn haqqında şəhadətnamə) düzəldərək 23 saylı Notariat Ofisinə müraciət edib onun tək vərəsə olduğunu, başqa vərəsə olmadığını bildirməklə hansısa qanunsuz əməllərlə vərəsəlik şəhadətnaməsi alaraq iddiaçının atasına olan bütün əmlakları ələ keçirməyə çalışmış və qismən buna nail olmuşdur. Belə ki, əmisi mərhum atasına məxsus olmuş Mənzili Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən reyestrdə 2V-104 nömrə ilə qeyd olunaraq 25 may 2019-cu il tarixdə X6 adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi əsasında qeydiyyat nömrəsi ********** olan 29 may 2019-cu il tarixli Çıxarış əldə etməklə həmin mənzili xx.xx.2019-cu il tarixdə X1. Tamara Manaşirova bundan xəbər tutan kimi Xətai Rayon Məhkəməsinə “şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Aygün Həsənova) xx.xx.2019-cu il tarixli 2(011)-6398/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən X6 adına verilmiş 25 may 2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamə əsasında X6 adına qeydə alınmış 29 may 2019-cu il tarixli Çıxarış ləğv edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Əmisinin adına verilmiş Vərəsəlik şəhadətnaməsi etibarsız hesab edildikdən sonra Bakı şəhəri 23 Saylı Notariat Ofisi tərəfindən o, X8 tək vərəsəsi kimi tanınmışdır. Mənzilə dair xx.xx.2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin onunla yenidən bağlanmasını şifahi qaydada xahiş etmişdir. Bununla yanaşı, Bakı şəhəri 23 Saylı Notariat Ofisi tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli 166 nömrəli məktubla müraciət olunaraq onun atası X8 tək vərəsəsi kimi iddiaçının müəyyən edilməyi barədə məktub da göndərilmişdir. Lakin, cavabdeh onunla yenidən müqavilə bağlanılmasından yayınır və icra etməli olduğu işi icra etmir. Mənzilə mülkiyyət hüququnun tanınması üçün müqavilənin adına olması şərtdir. Bu səbəbdən də, xx.xx.2022-ci il tarixdə cavabdehə rəsmi şəkildə yazılı müraciət edərək müqavilənin onunla yenidən bağlanmasını xahiş etmişdir. Ötən müddət ərzində qarşı tərəfdən heç bir cavab məktubu almamışdır. Bu istiqamətdə aparılmış danışıqları isə baş tutmamışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi.

10. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

16. Maddə 752.1. podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

17. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

18. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

19. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

25. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

26. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

27. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi şərti olaraq 3 hissədən ibarətdir: 1) xx.xx.2016-cı il tarixli mənzilin tikintisi haqqında müqavilənin onunla bağlanması; 2) Mənzilin iddiaçıya təhvil verilməsi; 3) Mənzilə daxil olma ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması.

28. Məhkəmə iddiaçının birinci tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmənin qənaətinə görə öncə Mənzilin iddiaçının mülkiyyətinə keçməsi üçün əsasların olub-olmaması müəyyənləşdirilməlidir. İş materialları əsasında müəyyən olunur ki, cavabdehlə Livi Abramov arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Mənzilin tikintisi müqaviləsi bağlanmışdır, həmin əmlakın ümumi dəyəri 56 000 manat müəyyən edilmiş və mənzilin pay dəyəri tam olaraq iddiaçının atası tərəfindən ödənilmişdir. Livi Abramov xx.xx.2019-cü il tarixdə ölmüşdür. Həmçinin iş materialları əsasında müəyyən olunur ki, iddiaçının qardaşı atasından qalan miras paydan iddiaçının xeyrinə imtina etmiş, 23 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 166 nömrəli məktubuna əsasən isə Livi Abramovun adına açılmış vərəsəlik işi üzrə sonuncunun yeganə vərəsəsi iddiaçıdır.

29. Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsində göstərilir ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixlİ qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

30. Qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Mənzil miras əmlak olduğundan ölən şəxsin vərəsələrinin əmlakı sayılır. Livi Abramovun digər vərəsəsi olan oğlu isə öz vərəsə payından iddiaçının xeyrinə imtina etdiyindən iddiaçı atası - Livi Abramovun yeganə vərəsəsi kimi ondan miras qalan əmlakın tək sahibidir. Göründüyü kimi, Mənzilin iddiaçıya məxsus olması üçün əsaslar iş materialları ilə müəyyən olunur.

31. Lakin məhkəmə qeyd edir ki, sadalanan hallar müqavilənin iddiaçı ilə yenidən bağlanması üçün yox, mövcud xx.xx.2016-cı il tarixli müqavilənin alıcı qismində onun adına dəyişdirilməsi üçün əsasdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, X10 ilə cavabdeh arasında Mənzilin tikintisinə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə qanun üzrə onun vərəsə olan iddiaçının adına dəyişdirilməlidir.

32. Məhkəmə həm də qeyd edir ki, cavabdehin üzərinə iddiçı ilə müqavilə bağlamaq öhdəliyinin qoyulması müqavilə azadlığı prinsipinə ziddir. Müqavilə azadlığı müqavilənin məzmununu və tərəflərin öhdəliyinin hədlərini (müqavilə şərtlərini) müqavilənin bağlanması anında (yaxud bundan sonra yenə də tərəflərin razılaşması formasında) müəyyən etməkdə tərəflərə iradə sərbəstliyi verir. Bu ona dəlalət edir ki, heç bir tərəf müqavilədə nəzərdə tutulmayan öhdəliyi digər tərəfdən tələb edə bilməz, yaxud əvvəlcədən müəyyənləşdirilməmiş öhdəliyin icra edilməməsinə istinad edərək müqaviləni poza bilməz. Əks halda, bu müqavilənin məzmununun müəyyən edilməsi ilə bağlı həm də iradə (müqavilə) azadlığını heçə endirmiş olar və mülki hüquq subyektlərinin bərabərliyi, eləcə də iradə sərbəstliyini nəzərdə tutan mülki qanunvericiliyin prinsiplərinə zidd olardı (Mülki Məcəllənin 6.1 və 6.2-ci maddələri).

33. Məhkəmə hesab edir ki, iddiaçının ikinci və üçüncü tələbləri əsaslı olduğundan təmin edilməlidir.

34. İşin faktiki hallarından görünür ki, tərəflər arasındakı podrat müqaviləsi bağlanmışdır. Podrat müqaviləsinə verilən anlayışdan da görünür ki, bu müqavilə konsensual müqavilədir, tərəflər sifarişin qəbul edilməsi və muzd barədə razlığa gəldikləri andan müqavilə bağlanmış sayılır.

35. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçının mərhum atası ilə cavabdeh yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri göstərilməklə, xx.xx.2016-cı il tarixdə başlanmış müqavilədə göstərilən Mənzilin tikilərək iddiaçıya təhvil verilməsi barədə razılığa gəlməklə, yazılı formada podrat müqaviləsi bağlamışlar. Mənzillərin tikintisinə görə muzd da, iddiaçının mərhum atası ilə cavabdeh arasında bağlanmış müqavilənin 3-cü bəndinə uyğun olaraq tam şəkildə ödənilmişdir. Beləliklə, iddiaçının mərhum atası ilə cavabdeh "xxxx" MMC müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldiklərindən müqavilə bağlanmış sayılır.

36. İşin halları ilə müəyyən edilir ki, iddiaçının mərhum atası öhdəliyini yerinə yetirərək müqavilənin bağlandığı gün görüləcək işin dəyərini (tikiləcək mənzilin dəyərini) tam ödəməklə müqavilə üzrə öhdəliyini yerini yetirsə də, cavabdeh Mənzili iddiaçıya təhvil verməməklə öhdəliyini pozmuşdur.

37. Məhkəmə qeyd edir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir.

38. Qanun da imkan verir ki, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. X10 ilə Cavabdeh Firması arasında bağlanmış xx.xx.2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilə “Alıcı” qismində X4 adına dəyişdirilsin. ünvan 1, Cavabdeh Firmasının binasının “B” girişində, 7-ci mərtəbədə yerləşən 27 saylı mənzil X5 təhvil verilsin və X4 mənzilə daxil olması ilə bağlı yaradılan bütün məhdudiyyətlər Cavabdeh Firmasına qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar