Məhkəmə qərarları › İş №2(011)-2629/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2629/2025

08.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2629/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 26 saylı evin 34 saylı mənzilindən Cavabdeh1 ailə üzvüləri və əşyaları ilə birlikdə məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 şəxsi əşyaları ilə birlikdə ona məxsus Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 26 saylı evin 34 saylı mənzilindən məcburi qaydada çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 26 saylı evin 34 saylı mənzili onun xüsusi mülkiyyətindədir, cavabdehlər onun tanışı olduğu üçün onları ailəlikcə mənzilə buraxmışdır. Mənzili cavabdehlərə verərkən onlardan tələb etdiyi vaxt mənzili boşaldacaqlarına razılıqları olmuşdur. Hazırda ona gərək olduğu üçün mənzilin boşaldılmasını tələb etmiş, cavabdehlər bundan imtina etmişdir. Cavabdeh və ailə üzvüləri girişdə yaşayan qonşularla mübahisə edib dalaşdığı üçün ona bir neçə dəfə şikayətlər olmuş, bu səbəbdən də o, cavabdehlərin razılığa əsasən mənzilini boşaltmalarını tələb etsə də, cavabdehlər imtina etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 26 saylı evin 34 saylı mənzili ona məxsusdur. Cavabdehlərə mənzilini yaşamaq üçün əmisi oğlu vermişdir. Mənzili verdikdə 2024-cü ilin sonunda mənzili boşaldacaqlarına dair şifahi razılaşmışlar. Mənzili yaşamaq üçün cavabdehlərə əmisi oğlu verdiyindən elə hesab etmişdir ki, əmisi oğlu onlarla yazılı müqavilə bağlamışdır, lakin sonradan bilmişdir ki, yazılı müqavilə olmamış, onun mənzili şifahi razılaşmaya əsasan cavabdehlərə müvəqqəti yaşamaq üçün verilmişdir. O, hazırda mənzili boşaltmağı tələb etsə də, cavabdehlər mənzili boşaltmaqdan imtina etmişlər, indi hər dəfə məhkəmə iclasına gəlməməklə prosesi üzürsüz səbəbə uzadaraq mənzildə daha artıq qalmalarını təmin etməyə çalışırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində kirayə müqaviləsinin ləğvi barədə müddəalar mövcuddur.Belə ki,MM-nin: 692.1. Kirayəyə verən bu Məcəllənin 692.4-cü maddəsinin müddəalarını gözləmək şərti ilə yaşayış otağının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərini yalnız o halda ləğv edə bilər ki, bu hüquq münasibətlərinə xitam verilməsində onun əsaslı marağı olsun. 692.2. Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır: 692.2.1. kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda; 692.2.2. kirayəyə verənin otaqlara özü və ya ailə üzvləri üçün mənzil kimi ehtiyacı olduqda; 692.2.3. kirayə hüquq münasibətlərinin davam etməsi nəticəsində kirayəyə verən torpaq sahəsindən iqtisadi cəhətdən sərfəli istifadə edə bilmədikdə və buna görə xeyli zərərə düşə bildikdə. Bu halda yaşayış otağının başqa şəxslərə kirayəyə verilməsi zamanı əmlak kirayəsi üçün daha yüksək haqq almaq imkanı hesaba alınmır. Kirayəyə verən həmçinin buna istinad edə bilməz ki, kirayəlik otaqlar kirayəçiyə verildikdən sonra nəzərdə tutulmuş və ya həyata keçirilmiş mənzil mülkiyyətinin təsis edilməsi ilə əlaqədar, o, həmin otaqları satmaq istəyir; 692.2.4. kirayəyə verən binanın yardımçı qeyri-yaşayış otaqlarını kirayəyə vermək məqsədilə yeni avadanlıqla təchiz edərək yol verilən şəkildə yaşayış otaqlarına çevirmək niyyətində olduqda və müqavilənin ləğvini yalnız bu otaqlar üçün məhdudlaşdırdıqda. Bu halda kirayəçi kirayə haqqının ağlabatan dərəcədə azaldılmasını tələb edə bilər. Əgər həmin otaqların yeni avadanlıqla təchiz edilməsi işlərinin başlanması uzadılırsa, kirayəçi yardımçı otaqlar barəsində kirayə hüquq münasibətlərinin müvafiq müddətə uzadılmasını tələb edə bilər. 692.3. Kirayəyə verənin əsaslı mənafeləri kimi yalnız müqavilənin ləğvinə dair bildirişdə göstərilmiş əsaslar qəbul edilir, bu şərtlə ki, onlar sonradan əmələ gəlməsin. 692.4. Kirayəyə verən özünün yaşadığı və ən çoxu iki mənzildən ibarət olan yaşayış binasında mənzilin kirayəsi haqqında müqavilə üzrə hüquq münasibətlərini bu Məcəllənin 692.1-ci maddədə nəzərdə tutulan şərtlər olmadıqda da ləğv edə bilər. Bu halda müqavilənin ləğvinə dair xəbərdarlıq müddəti üç ay uzadılır. Bu, kirayəyə verənin özünün yaşadığı mənzil çərçivəsində yaşayış otağının kirayəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinə müvafiq surətdə tətbiq edilir. Yuxarıda göstərilən əsaslardan heç biri iddiaçının kirayə müqaviləsini ləğv etməsinə əsas vermir. Bundan əlavə 692.4-cü maddəsindən də göründüyü kimi kirayə verən 3 ay müddətində cavabdehə evdən çıxması üçün xəbərdarlıq etməli idi. Lakin iş materialalrından da göründüyü kimi belə bir müraciət iddaçı tərəfidən edilməmişdir. İddiaçı məhkəmə iclası zamanı da etiraf etmişdir ki, cavabdehlə aralarında kirayə müqaviləsi yazılı qaydada bağlanılmış və növbəti məhkəmə iclasında onu təqdim edəcəyini bildirmişdir. Bunu məhkəmə prosesi zamanı gedən audio video çəkilişindən də görmək olar. Lakin həm məhkəmə həm də cavabdeh tərəfindən həmin müqavilənin məhkəməyə təqdim edilməsi barədə tələbinə baxmayaraq növbəti iclas zamanı iddiaçı həmin müqavilənin ümumiyyətlə olmadığını bildirmişdir. Müqavilənin bilərəkdən təqdim edilməməsi bir daha sübut edir ki, iddiaçı tərəf iddia tələbində haqlı deyildir. Belə ki, həmin müqavilənin qiyməti hazırki ödənilən məbləğdən çox aşağı məbləğ yazılmış və digər mühüm şərtlər mövcuddur. Bundan ələvə olaraq MM-nin müqavilənin ləğvi bölməsində göstərilir ki, tərəflərdən biri müqaviləni ləğv etmək istəyirsə bu barədə digər tərəfə yazılı bildiriş göndərməlidir.Lakin belə bir bildiriş cavabdehə təqdim edilməmişdir.Yəni, müqaviləni təqdim etməmiş olsalar belə, qanuna uyğun olaraq tərəflər araındakı hüquq münasibətləri kirayə müqaviləsi münasibətləridir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, xx.xx.2004-cü il tarixli, ÖM № 192443 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 26, mənzil 34 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli mənzilin İddiaçı mülkiyyətində olması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildə yaşamaları işin mübahisəsiz halıdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlərlə bağlanmış yazılı kirayə müqaviləsi olmamış, şifahi razılığa əsasən 2024-cü ilin sonunadək cavabdehlərə mənzilində yaşamaq üçün icazə vermiş, hazırda cavabdehlərdən mənzildən çıxmalarını tələb etməsinə baxmayaraq cavabdehlərin heç bir qanuni əsas olmadan mənzildə yaşamağa davam etmələri onun mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı müqaviləni məhkəməyə təqdim etməkdən imtina etsə də, əslində iddiaçı ilə Cavabdeh1 arasında yazılı kirayə müqaviləsi olmuşdur. Cavabdehlər hazırda mənzildə məhz həmin kirayə müqaviləsi əsasında yaşadıqları üçün onların mənzildən çıxarılmasına dair iddia tələbi əsassızdır. Digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iddiaya münasibət bildirməmiş və məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qanuni əsaslarla yaşamaları halını sübutetmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Hətta, daha əvəllər tərəflər arasında kirayə müqaviləsi olmuş olsa belə, hazırda həmin müqavilənin qüvvədə olmasını və həmin müqavilə əsasında cavabdehlərin mənzilə istifadə hüquqlarının qanuni əsaslarla davam etməsini sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin, iş materiallarında cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 26 saylı evin 34 saylı mənzilinə istifadə hüququnun mövcudluğunu təsdiqləyən heç bir sübut aşkar edilməmişdir. Odur ki, cavabdehlərin hazırda hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 şəxsi əşyaları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 26, 34 saylı mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar