Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2638/2022 16.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.Nərimanov küçəsi, 21/23 saylı evin, 56 saylı mənzilinə dair istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələrinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçı iddia ərizəsini özünün faktiki yaşayış yeri üzrə (Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Levanevski küçəsi 8/6) versə də, iddia tələbinin xarakteri həmin mübahisəyə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxmağa imkan vermir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.Nərimanov küçəsi, 21/23 saylı evin 56 saylı mənzilinə dair istifadə hüququnun tanınması və həmin mənzilə kökürülmə ilə bağlı olduğundan mübahisəyə Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsinə əsasən müstəsna aidiyyət qaydasında əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddiaçının iddia tələbi də, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaqla bağlı olduğundan, məhkəmənin qənaətinə görə mübahisəyə Bakı şəhəri Xətai Rayon Məhkəməsində deyil, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Bundan başqa, iddia ərizəsindən müəyyən edilir ki, iddiaçı iddanı verdiyi məhkəmənin adını Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi olaraq göstərmişdir. Bundan başqa, iddiaçı dövlət rüsumunu da Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin adına ödəmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı aidiyyət qaydalarını pozaraq iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etdiyindən onun iddiasına həmin məhkəmədə baxıla bilməz. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra, 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-2638/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2638/2022
16.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver