Məhkəmə qərarları › İş №2(011)-2661/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2661/2021

30.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2661/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili X7, İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh X3 qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və qeyriləri cavabdeh X3 qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabdehin Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 4A saylı evin 70 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 4A saylı evin 70 saylı mənzili xx.xx.1996-ci il tarixli, 151246 saylı orderə əsasən Bakı şəhər İcraiyyə Komitəsi tərəfindən İddiaçı1 atası X8 verilmişdir. Hal-hazırda qeyd olunan yaşayış sahəsində 5 nəfər pasport qeydiyyatındadır. X6 ilə cavabdeh X5 arasında olan nikah xx.xx.1993-cü ildə pozulmuşdur. Nikah pozulduqdun sonra cavabdeh başqa şəxslə ailə həyatı qurmuş və mənzili tərk edərək daimi yaşamaq üçün İran İslam Respublikasına köçmüşdür. X6 isə xx.xx.2010-cu ildə vəfat etmişdir. Cavabdehin 1993-cü ildən mübahisəli mənzildə yaşamaması, onun formal olaraq qeydiyyatda qalması iddiaçıları artıq kommunal xərclərin ödənilməsi məcburiyyətində qoyur. Məhkəmə iclasında iddiaçı İddiaçı1, onun nümayəndəsi və vəkili X10 və İddiaçı4 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X2 axırıncı qeydiyyat yeri üzrə bildiriş göndərilmiş, bildiriş poçt müəssisəsi tərəfindən məhkəməyə qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehin axırıncı qeydiyyat yeri üzrə Bakı şəhəri Xətai rayonu 100 saylı MKİC-nə göndərilmiş, MKİS-nin qeydindən müəyyən olmuşdur ki, cavabdeh göstərilən ünvanda qeydiyyatda olsa da, lakin həmin ünvanda yaşamadığı üçün məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, iddiaçılarla eyni ünvanda yaşayır. Cavabdeh X1 dəfə həmin ünvanda 20 il əvvəl görmüşdür. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər XDS tərəfindən verilmiş xx.xx.1969-cu il tarixli, 9490 saylı orderin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 4A saylı evin 70 saylı mənzili ailə üzvləri ilə birlikdə yaşamaları üçün X8 verilmişdir. Orderdə cavabdeh X5 ailə üzvü kimi göstərilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 74 saylı Forma 2 arayışından görünür ki, cavabdeh X5 xx.xx.1989-cu ildən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 4A saylı evin 70 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan hüquq münasibətlərinə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinin qaydaları tətbiq olunmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60cı maddəsində təsbit edilmişdir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başda yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququ itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər istifadəçılərin iddiası üzrə məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarına görə Mənzil Məcəlləsinin 60-cı mddəinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqdarından məhrum etmir. Həmin Qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddət yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada təlqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən çıxarılır. Beləliklə, məhkəmə işin araşdırılmış hallarına qiymət verib hesab edir ki, cavabdehin yaşayış üçün İran İslam Respublikasına köçməsi, iddiaçılara məxsus olan mənzildə yaşamaması, həmin mənzildə formal olaraq qeydiyyatda qalması təsdiq edildiyindən iddia tələb təmin edilməli, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh X2 Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 4A saylı evin 70 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamə cavabdehin qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar