Məhkəmə qərarları › İş №2(011)-267/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-267/2023

11.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-267/2023 11.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “əmlakdan düşən payın ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq pulun verilməsi” barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, miras qalmış ünvan 1, 70 saylı mənzildən payının ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq iddiaçıya düşən pulun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X2 01 dekabr 2017-ci il tarixdə vəfat etmişdir. Hazırkı iddia üzrə iddiaçı və cavabdehlər atalarının qanun üzrə vərəsələridirlər. Atalarından onlara ünvan 1, 70 saylı mənzil miras olaraq qalmışdır. Həmin mənzil üzrə 03 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının 1/5 hissədə payı müəyyən edilmiş, qalan hissə isə çıxarış üzrə açıq qalmışdır. İddiaçı dəfələrlə digər vərəsələrə müraciət edərək, ya əmlakdan ona düşən pay üzrə pulun verilməsini, bu mümkün olmadıqda əmlakın açıq hərracda satılaraq ona düşən payın verilməsini tələb etsə də, cavabdehlər buna məhəl qoymamışlar. Həmin mənzil atası vəfat etdikdən sonra iddiaçının qardaşı tərəfindən kirayəyə verilmişdir, kirayə haqqını da onlar alır və yenə də mənzilin iddiaçıya düşən hissəsindən ona pay vermirlər. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 11 may 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə cavabdehlərin siyahısından Cavabdeh2 xaric digər cavabdehlərin çıxarılmasını, iddianın yalnız Cavabdeh2 qarşı təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, ünvan 1, 70 saylı mənzil iddiaçı və cavabdehin atası X1 mülkiyyətində olmuşdur. X2 01 dekabr 2017-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı və cavabdeh onun qanun üzrə vərəsələri hesab edilmiş və onlara qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1, 70 saylı mənzil 1/5 hissədə İddiaçı, 4/5 hissədə isə Cavabdeh2 paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən mənzilin tərkibində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə, tərəflərin paylarına uyğun olaraq İnşaat Norma və Qaydalarının 2.08.01.89*nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Tədqiq olunan mənzilin ümumi sahəsinin 81.92 kv.metr təşkil etdiyini nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri 111.600 manat məbləğində müəyyən olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220.1, 220.2 və 220.3-cü maddələri) 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarı: Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı: Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan, iş materiallarından və tərəflərin izahatından aydın olur ki, qeyd edilən əmlak ümumi paylı mülkiyyətdədir. Hazırkı iş üzrə tərəflərin mənzilə payları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının ona aid payının cavabdeh tərəfindən alınmasına dair hissəyə qiymət verərək hesab edir ki, həm məhkəmə iclasına qədər, həm məhkəmə iclasında iddiaçı ona aid olan payın dəyəri ödənilməklə cavabdeh tərəfindən alınmasını təklif etmişdir. Lakin cavabdeh təklifi qəbul etməmişdir. Beləliklə, məhkəmə hazırkı iş üzrə tərəflərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa əməl etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mübahisəli mənzil açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflərin paylarına müvafiq olaraq onların arasında bölünməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş eksperiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia qismən təmin edildiyindən, cavabdehdən 50 manat dövlət rüsumun 25 manatı alınıb iddiaçıya ödənilməli, qalan 25 manat rüsum iddiaçının özünə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş eksperiza tədqiqatının dəyəri 50 manatın 25 manatı iddiaçıdan, qalan 25 manatı isə cavabdehdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı və Cavabdeh2 paylı mülkiyyətində olan ünvan 1, 70 saylı mənzil açıq hərracdan satılsın. İddiaçı və Cavabdeh2 paylı mülkiyyətində olan ünvan 1, 70 saylı mənzilin satılmasından əldə edilən vəsait tərəflərin paylarına mütənasib surətdə İddiaçı və Cavabdeh2 arasında bölünsün. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh2 25 (iyirmi beş) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin, qalan 25 (iyirmi beş) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş eksperiza tədqiqatının dəyəri 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı, qalan 25 (iyirmi beş) manatı isə Cavabdeh2 alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar