Məhkəmə qərarları › İş №2(011)-2693/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2693/2022

08.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2693/2022 08.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 28 saylı binanın 9 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 28 saylı binanın 9 saylı mənzili Cavabdeh1 məxsus olmuş adına çıxarış verilmişdir, Cavabdeh1 həmin mənzili 1 avqust 2012-ci il tarixdə ona satmış, alqı-satqı müqaviləsinə əsasən öz adına çıxarış verilmişdir, mənzil xüsusi mülkiyyət hüququ əsasında özünə məxsusdur, cavabdeh ailə üzvləri mənzilin satılmasın razı olmaları barədə ərizə ilə notariat kontoruna ərizə yazmışlar və qeydiyyatdan çıxmaq barədə öhdəlik götürmüşdürlər, cavabdehlər mənzili satdıqları vaxtdan özlərinə məxsus əmlaklarını apararaq mənzildən çıxsalar da, bu günə kim qeydiyyatdan çıxmamışlar, hazırda mənzil üzərində sərbəst sərəncam verə bilmir, əlavə kommunal xərcləri ödəməli olur. Sonda İddiaçı qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, onlar, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, cavabdehlərin qeydiyyatda olmalarına baxmayaraq, alqı-satqı müqaviləsinə əsasən mənzili satdıqları və həmin ünvanda faktiki olaraq yaşamadıqlarına dair 94 №-li MTK-nın rəisi tərəfindən qeyd aparılmış bildirişlər məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, ünvan 2 tam paylı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəəri 46 saylı Notariat kontoru Yaşayış sahəsinin alqısatqı və ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilənin 1-ci bəndinə əsasən, satıcı Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzili İddiaçı mülkiyətinə verməyi, həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən, müqavilə notariat qaydasında təsdiq olunduqdan 1 ay müddətinə ipoteka predmetindən qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, ünvan 2-də qeydiyyatda olan digər şəxslər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dur. İş materiallarında olan xx.xx.2022-ci l tarixli Arayışdan görünür ki, İddiaçı Vətən müharibəsi iştirakçısı olmasına görə 80 manat təqaüd təyin edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 2 tam paylı xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzilin keçmiş sakinləri olmaqla, iddiaçının ailə üzvü deyildirlər, hal-hazırda həmin ünvanda rəsmi qeydiyyatda olmalarına baxmayaraq faktiki olaraq orada yaşamırlar və mənzildən istifadə etmirlər, iddiaçı müharibə veteranıdır. Bununla belə, cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus ünvan 2-dən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməlidir. Bununla bərabər məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2-dən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2-dən istifadə hüquqlarına xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar