Məhkəmə qərarları › İş №2(011)-2733/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2733/2022

24.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2733/2022 24.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququnun itirilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, 3 saylı evin, 16 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, 3 saylı evin, 16 saylı mənzilinə (bundan sonra – Mənzil) dair iddiaçı ilə Cavabdeh1 arasında 10.11.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının Mənzilə dair mülkiyyət hüququ 11.11.2021-ci il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmış və bu barədə ona Dövlət reyestrindən Çıxarış verilmişdir. Keçmiş mülkiyyətçi Cavabdeh1 Mənzilə dair mülkiyyət hüququ 16.12.2014-cü il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmışdır. Cavabdehlər – Cavabdeh2 Mənzilin əvvəlki mülkiyyətçisinin arvadı, digər cavabdehlər isə övladlarıdır. Cavabdehlər halhazırda mübahisəli mənzildə qeydiyyatdadırlar. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, o, Mənzili keçmiş mülkiyyətçi Cavabdeh1, onun təmsilçisi (X1 ilə) 10.11.2021-ci il tarixdə Bakı şəhəri 52 saylı Notariat Kontorunda bağlanılmış AN - İ № ******* saylı yaşayış sahəsini alqı-satqı müqaviləsinə əsasən almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 11.11.2021-ci il tarixli (Qeydiyyat nömrəsi **********) çıxarışa əsasən onun adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Alqı-satqı müqaviləsinin 13-cü maddəsinə əsasən cavabdehlər 10 gün müddətinə həmin mənzildən qeydiyyatdan çıxamğı öhdələrinə götürsələr də, yaşayış sahəsinin ona satdıqları vaxtdan köçüb getmələrinə baxmayaraq qeydiyyatdan çıxmamışlar. Bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarınıpozur. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının onların həmin mənzildə yaşamamalarına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında Mənzilin alqısatqı barədə müqavilə bağlanmış və həmin müqavilə əsasında iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alındığı andan Cavabdeh1 Mənzilə dair mülkiyyət hüququnu itirmişdir. Mülkiyyət hüququ əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və əmlaka dair sərəncam vermək hüququnu özündə cəmləşdirir (AR MM-nin 152.1-ci maddəsi). Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (MM-nin 178.1-ci maddəsi). Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir (MM-nin 203.1-ci maddəsi). Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 Mənzilə dair mülkiyyət hüququ artıq mövcud olmadığından, istifadə hüququ da saxlanıla bilməz. Həmçinin, işin mübahisəsiz hallarından o da müəyyən olunur ki, Cavabdeh2 Mənzilin əvvəlki mülkiyyətçisinin arvadı, digər cavabdehlər isə onun övladlarıdır, yəni Mənzilin əvvəlki mülkiyyətçinin ailə üzvləridir. Mənzilə dair əvvəlki mülkiyyətçinin mülkiyyət hüququ isə 16.12.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bu halda, məhkəmənin qənaətinə görə cavabdeh onların Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə əsasən Mənzildə istifadə hüququ yaranmışdır. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əvvəlki mülkiyyətçisinin ailə üzvü olduqlarından onların da Mənzildən istifadə hüquqları yaranmışdır. Lakin onlar da Mənzil satıldıqdan sonra əvvəlki mülkiyyətçi ilə birlikdə köçüb başqa yaşayış yerinə getdiklərindən onlar Mənzildən istifadə hüquqları ilə bağlılığını daimi olaraq kəsmişlər. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 aid hissədə də təmin edilməlidir. Mülki Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. İşin hallarından göründüyü kimi, iddiaçı həmin şəxslərin Mənzili ona təhvil vermələrinə və onların qeydiyyatdan çıxmalarına əmin olaraq Mənzili əldə etmişdir. İddiaçı ilə həmin cavabdehlər arasında hər hansı yaxın qohumluq əlaqələri mövcud deyil, habelə onlar iddiaçının ailə üzvləri deyil. Ona görə də, məhkəmə işin faktiki hallarını müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddiaçı Mənzili alarkən digər şəxslərin hüquqları ilə yüklü olan Mənzilin əldə edilməsini arzu etməmişdir və o, Mənzilin cavabdehlərin hüquqları ilə yüklülüyünün olmamasına münasibətdə vicdanlı olmuşdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, 3 saylı evin, 16 saylı mənzilinə dair istifadə hüquqları itirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar