Məhkəmə qərarları › İş №2(011)-2804/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2804/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2804/2024 19.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə İddiaçı cavabdehlər Pakistan Milli Bankının Bakı filialına, "xxxx" MMC-yə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun, əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Pakistan Milli Bankının Bakı filialına, "xxxx" MMC-yə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4n 30 saylı mənzilinin 63.750 manata Pakistan Milli Bankının Bakı filialına satılmasına dair 18 iyul 2014-cü il tarixli Y-377 saylı hərracın yekunları barədə protokolun və Pakistan Milli Bankının Bakı filialı ilə "xxxx" MMC arasında bağlanmış 18 iyul 2014-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDR Xidməti tərəfindən Pakistan Milli Bankının Bakı filialının adına verilmiş MA seriyalı, ******* nömrəli 01 mart 2012-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)-2774/2010 saylı icra sənədinə əsasən cavabdeh “Qoç-Daş- T.Ş.T X3” MMC-dən əsas kredit və faiz borcu üzrə 72.559,59 manat, ipoteka predmetlərinə tutmanın yönəldilməsi ilə əlaqədar çəkilmiş xərc kimi 40 manat, cəmi 72.599,95 manat məbləğində pul tutularaq Pakistan Milli Bankının Bakı filialına ödənilməlidir. Pakistan Milli Bankının Bakı filialı ilə “Qoç-Daş-T.Ş.T X3” MMC, X2 və İddiaçı arasında bağlanmış 5 saylı 23 yanvar 2009-cu il tarixli ipoteka müqavilələrinə və həmin ipoteka müqavilələrinə, dəyişikliklər edilməsinə dair 30 dekabr 2009-cu il tarixli razılaşmalara əsasən ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində istifadədə olan 0,81 ha torpaq sahəsində yerləşən 7a nömrəli, 5 mərtəbəli binada, 72,93 kv.m ümumi, 50,83 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 30 nömrəli mənzilə və X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində istifadədə olan 0,0715 ha torpaq sahəsində yerləşən 123 nömrəli, 9 mərtəbəli binada, 29,11 kv.m yaşayış sahəsində ibarət 2 otaqlı 36 nömrəli mənzilə tutma yönəldilərək həmin əmlaklar açıq hərracan satılmalıdır və onların satışından əldə olunmuş pul vəsaiti hesabına 72.599,95 manat məbləğində pul tutularaq Pakistan Milli Bankının Bakı filialına ödənilməlidir. Qeyd edilən icra sənədi icra olunması üçün Bakı şəhəri Yasamal Rayon icra Şöbəsinə göndərilmişdir. İcra məmuru borcun ödənilməsini təmin etmək məqsədi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 7a saylı evinin 30 saylı mənzilinə yönəldilməsi və üzərinə həbsin qoyulması barədə təqdimatla müraciət etmiş və həmin təqdimat təmin edilmişdir. Daha sonra həmin əmlak "xxxx" MMC tərəfindən 100.000 manat dəyərində qiymətləndirilmişdir. Daha sonra "xxxx" MMC tərəfindən hərrac keçirilmiş, əmlak 25 yanvar 2012-ci il tarixli Y-765 saylı hərracın yekunları barədə protokol və müqavilə əsasında Pakistan Milli Bankın Bakı filialı tərəfindən alınmış və Bankın mülkiyyətinə keçirilmişdir. Pakistan Milli Bankının Bakı filialı əmlaka dair xx.xx.2012-ci il tarixli, MA0354949 nömrəli çıxarış əldə etmişdir. Daha sonra İddiaçı tərəfindən hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsində iddia qaldırılmış, lakin həmin iddia təmin edilməmişdir. Daha sonra İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3891/2013 saylı, 19 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Yasmal rayonu, İzmir küçəsində yerləşən 7A saylı evin 30 saylı mənzilinin 100.000 manata Pakistan Milli Bankının Bakı filialına satılmasına dair 02 yanvar 2012-ci il tarixli Y-765 saylı hərracın yekunları barədə protokol və Pakistan Milli Bankının Bakı filialı ilə Yasamal rayon icra şöbəsi arasında bağlanmış 25 yanvar 2012-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Qeyd olunan məhkəmə qərarı qüvvəyə minmiş və icra edilməsi üçün Yasamal rayon icra şöbəsinə göndərilmişdir. Qeyd olunanlardan aydın olunur ki, Yasamal rayon icra şöbəsi tərəfindən hərracın keçirilməsi barədə sifariş verilmiş, həmin sifariş əsasında hərrac keçirilmiş, hərracın nəticələri borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və məhkəmə tərəfindən hərracın nəticələri etibarsız hesab edilmişdir. Daha sonra tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi verilmiş və hərracın nəticələri əsasında Pakistan Milli Bankının Bakı filialının adına verilmiş çıxarışın ləğv edilməsi xahiş edilmişdir. Həmin mübahisəyə baxılan zaman Pakistan Milli Bankın nümayəndəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3891/2013 saylı, 19 sentyabr 2013-cü il tarixli qətnaməsindən sonraki tarixdə yəni 2014-cü ilin iyul ayında mübahisəli mənzillə bağlı yeni hərracın keçirilməsinə dair sənədlər təqdim edilmişdir. Hesab edir ki, "xxxx" MMC tərəfindən keçirilmiş ünvan 4n 30 saylı mənzilinin 63.750 manata Pakistan Milli Bankının Bakı filialına satılmasına dair 18 iyul 2014-cü il tarixli Y-377 saylı hərracın yekunları barədə protokol və Pakistan Milli Bankının Bakı filialı ilə "xxxx" MMC arasında bağlanmış 18 iyul 2014-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqaviləsi etibarsız hesab edilməlidir. Ümumiyyətlə belə bir hərracın keçirilməsi və müqavilənin bağlanması barədə nəinki borclu İddiaçı, həmçinin Yasamal rayon icra şöbəsinin və Pakistan Milli Bankının belə xəbəri olmamışdır. Belə ki, icra işi materialları ilə tanış olan zaman AR ƏN Bakı şəhəri Yasamal rayon icra şöbəsinin rəisinin İcra baş idarəsinin rəisinə ünvanlandığı xx.xx.2023-cü il tarixli məktub aşkar edilmişdir. Həmin məktubda, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 103)-3891/2013 saylı, 19 sentyabr 2013-cü il tarixli icra sənədindən sonra xx.xx.2014-cü il tarixdə təkrar hərracın keçirilməsi barədə müraciətin edilməsi və nəticəsi barədə məlumatın olmaması və əmlakın təkrar qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli qərarın qəbul edildiyini və həmin qərarında nəticəsiz qaldığı qeyd edilmişdir. Bununla da aydın olunur ki, ümumiyyətlə Yasamal rayon İcra şöbəsinə hərracın keçirilməsi barədə bildiriş göndərilməmiş və ən əsası keçirilmiş hərrac Yasamal rayon İcra şöbəsi tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Hərracın keçirilməsi barədə Yasamal rayon İcra şöbəsinin məlumatın olmaması təkrar qiymətləndirmənin keçirilməsi barədə qərar qəbul edilməsi ilə də öz təsdiqini tapır. Bundan başqa, "xxxx" MMC tərəfindən xx.xx.2014-cü il tarixdə Pakistan Milli Bankına məktub ünvanlanmış və həmin məktubda ünvan 4n 30 saylı mənzilin Hərracda satılmadığına dair məlumat verilmiş, qəbul edilməsinə dair tələbkara dəfələrlə təklif edilməsi və tələbkar tərəfindən hər hansı cavab verilmədiyi göstərilmişdir. Belə olan halda, əgər əmlak hərracda satılmayıbsa onda necə ola bilər ki, 3 ay əvvəlki tarixdə Hərrac Mərkəzi ilə Pakistan Milli Bankı arasında əmlakın satılmasına dair müqavilə bağlanmışdır. Bununla da, aydın olunur ki, ümumiyyətlə "xxxx" MMC ilə Pakistan Milli Bankı arasında hər hansı müqavilə bağlanmayıb. Belə bir müqavilə mövcud olsaydı həmin müqavilə müraciətdə əks olunardı. Bundan başqa, xx.xx.2020-ci il tarixdə Pakistan Milli Bank tərəfindən Yasamal rayon İcra şöbəsinə məktub ünvanlamış və həmin məktubda ünvan 4n 30 saylı mənzil barəsində təkrar hərracın keçirilməsi xahiş edilmişdir. Əgər 2014cü ildə təkrar hərrac keçirilmişdirsə və mənzillə bağlı müqavilə bağlanmışdırsa onda təkra hərracın keçirilməsinə nə zərurət var idi. Bununla da, aydın olunur ki, Pakistan Milli Bankı hərracın keçirilməsi barədə məlumatı olmamış və ümumiyyətlə təqdim edilmiş protokol və müqavilə saxtakarlıq yolu ilə hazırlanmışdır. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlərin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2010-cu il tarixli 2(004)-2774/2010 saylı icra sənədinə əsasən cavabdeh “Qoç-Daş-T.Ş.T X3” MMC-dən əsas kredit və faiz borcu üzrə 72.559,59 manat, ipoteka predmetlərinə tutmanın yönəldilməsi ilə əlaqədar çəkilmiş xərc kimi 40 manat, cəmi 72.599,95 manat məbləğində pulun tutularaq Pakistan Milli Bankının Bakı filialına ödənilməsi, Pakistan Milli Bankının Bakı filialı ilə “Qoç-Daş-T.Ş.T X3” MMC, X2 və İddiaçı arasında bağlanmış 5 saylı 23 yanvar 2009-cu il tarixli ipoteka müqavilələrinə və həmin ipoteka müqavilələrinə dəyişikliklər edilməsinə dair 30 dekabr 2009-cu il tarixli razılaşmalara əsasən ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində istifadədə olan 0,81 ha torpaq sahəsində yerləşən 7a nömrəli, 5 mərtəbəli binada, 72,93 kv.m ümumi, 50,83 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 30 nömrəli mənzilə və X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində istifadədə olan 0,0715 ha torpaq sahəsində yerləşən 123 nömrəli, 9 mərtəbəli binada, 29,11 kv.m yaşayış sahəsində ibarət 2 otaqlı 36 nömrəli mənzilə tutma yönəldilərək həmin əmlaklar açıq hərracan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına 72.599,95 manat məbləğində pulun tutularaq Pakistan Milli Bankının Bakı filialına ödənilməsi qət edilmişdir. Daha sonra "xxxx" MMC tərəfindən hərrac keçirilmiş, əmlak 25 yanvar 2012-ci il tarixli Y-765 saylı hərracın yekunları barədə protokol və müqavilə əsasında Pakistan Milli Bankın Bakı filialı tərəfindən 100.000 manata alınmış və Bankın mülkiyyətinə keçirilmişdir. Pakistan Milli Bankının Bakı filialı əmlaka dair 01 mart 2012-ci il tarixli, MA0354949 nömrəli çıxarış əldə etmişdir. İddiaçı hərracın nəticələrini mübahisələndirmiş, lakin həmin iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3891/2013 saylı, 19 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasmal rayonu, İzmir küçəsində yerləşən 7A saylı evin 30 saylı mənzilinin 100.000 manata Pakistan Milli Bankının Bakı filialına satılmasına dair 02 yanvar 2012-ci il tarixli Y-765 saylı hərracın yekunları barədə protokol və Pakistan Milli Bankının Bakı filialı ilə Yasamal rayon icra şöbəsi arasında bağlanmış 25 yanvar 2012-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Yasamal rayon İcra şöbəsi tərəfindən təqdim edilmiş icra işi materiallarının surətindən görünür ki, 19 sentyabr 2013-cü il tarixli qərar icra olunması üçün icra şöbəsinə göndərilmiş, 14 aprel 2014-cü il tarixdən icra məmuru tərəfindən "xxxx" MMC-yə (məlumat üçün Pakistan Milli Bankının Bakı filialına, İddiaçı, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə) icra sənədinin icrasını təmin etmək məqsədilə mənzilin təkrar hərrac vasitəsilə satışının təmin edilməsi üçün məktub göndərilmişdir. Daha sonra həmin əmlaka dair "xxxx" MMC tərəfindən yenidən hərrac keçirilmiş, 18 iyul 2014-cü il tarixdə Y-377 saylı hərracın yekunları barədə protokol və Pakistan Milli Bankının Bakı filialı ilə "xxxx" MMC arasında bağlanmış 18 iyul 2014-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında ünvan 4n 30 saylı mənzili 63.750 manata Pakistan Milli Bankının Bakı filialına satılmışdır. Həmin protokoldan görünür ki, protokol icra məmuru tərəfindən imzalanmamış və möhür vurulmamışdır. İş materiallarında olan 03 noyabr 2014-cü il tarixli ipoteka predmetinin alınması ilə bağlı bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən Pakistan Milli Bankının Bakı filialına əmlakların satılmadığına görə həmin əmlakları almaq təklif olunmuş və “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbləri izah olunmaqla əmlakın bank tərəfindən alınmadığı təqdirdə işin sifarişçi icra şöbəsinə geri qaytarılacağı bildirilmişdir. İş materiallarında olan Pakistan Milli Bankının Bakı filialının Yasamal rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 14 avqust 2020-ci il tarixli məktubdan görünür ki, bank icra şöbəsinə hərracın keçirilməsi üçün hərrac təşkilatına sirafiş göndərilməsini xahiş etmişdir. Yasamal rayon İcra və Probasiya şöbəsinin 2020-ci il tarixli "xxxx" MMC-yə, Pakistan Milli Bankının Bakı filialına, İddiaçı, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə ünvanladığı məktubdan görünür ki, qiymətləndiricinin dəvət olunması üçün 17 sentyabr 2020-ci il tarixli qərar tərəflərə göndərilmişdir. İş materiallarında olan Pakistan Milli Bankının Bakı filialının Yasamal rayon İcra şöbəsinə ünvanladığı ərizədən görünür ki, ünvan 4n 30 saylı mənzildən ipoteka qoyanın ailə üzvləri və digər şəxslərin məcburi qaydada çıxarılmasının təmin edilməsi xahiş edilmişdir. Sənədə qoşma olaraq Yasamal Rayon Məhkəməsinin 20 iyul 2010-cu il tarixli icra sənədi və 01 mart 2012-ci il tarixli çıxarışın surəti əlavə edilmişdir. İş materiallarında olan Pakistan Milli Bankının Bakı filialının Yasamal rayon İcra şöbəsinə ünvanladığı 25 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, bank icra işinin nə yerdə olduğu və mənzilin nə vaxt boşaldılacağı barədə məlumatın verilməsini xahiş etmişdir. Həmin məktubun məzmunundan görünür ki, bank 21 sentyabr 2022, 12 yanvar, 21 fevral, 09 iyun, 15 avqust, 25 sentyabr 2023-cü il tarixli məktublarla icra şöbəsinə müraciət etmiş, lakin müraciətləri cavabsız qalmışdır. Məhkəmə tərəfindən "xxxx" MMC-yə sorğu verilərək ünvan 4n 30 saylı mənzili ilə bağlı keçirilmiş hərraca dair materiallar tələb edilsə də, yekun məhkəmə iclasınadək hərrac materiallarını əldə etmək mümkün olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.6-cı maddəsinə əsasən əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.6-cı maddəsinə görə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə görə, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDR Xidməti tərəfindən Pakistan Milli Bankının Bakı filialının adına verilmiş MA seriyalı, ******* nömrəli 01 mart 2012-ci il tarixli çıxarışın ləğv edilməsi hissəsinə qiymət verərək hesab edir ki, nə qədər ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3891/2013 saylı, 19 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə hazırkı çıxarışın verilməsinə əsas olan hərracın yekunları barədə protokol və Pakistan Milli Bankının Bakı filialı ilə Yasamal rayon icra şöbəsi arasında bağlanmış 25 yanvar 2012-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir, hazırkı çıxarış da həmin qətnamənin icrasından irəli gələn hal kimi ləğv edilməlidir. Belə ki, əqd etibarsız hesab edildikdə, əgər başqa qaydalar nəzərdə tutulmayıbsa, tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır. Məhkəmə iddia tələbinin ünvan 4n 30 saylı mənzilinin 63.750 manata Pakistan Milli Bankının Bakı filialına satılmasına dair 18 iyul 2014-cü il tarixli Y-377 saylı hərracın yekunları barədə protokolun və Pakistan Milli Bankının Bakı filialı ilə "xxxx" MMC arasında bağlanmış 18 iyul 2014-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə qiymət verərək hesab edir ki, təhlil edilmiş iş materiallarından hərracın keçirilmə qaydasına dair pozuntuların olması aşkardır. Belə ki, iş materiallarından görünsə də ki, icra şöbəsi tərəfindən 2014-cü il tarixdə təkrar hərracın keçirilməsi sifariş edilmişdir, bu barədə qanunla nəzərdə tutulmuş qaydada mülkiyyətçinin xəbərdar edilməsi iş materiallarından görünmür. Eyni zamanda, hərracın keçirilməsi ilə bağlı KİV-də rəsmi elan verilməsi də işin hər hansı halı ilə sübuta yetirilmir. Həmçinin, məhkəmə iş materiallarında mövcud olan 18 iyul 2014-cü il tarixli Y-377 saylı hərracın yekunları barədə protokola münasibətdə qeyd edir ki, protokol qanunvericiliyə uyğun olaraq təsdiq edilməyib. Belə ki, protokol sifarişçi olan icra qurumunun icra məmuru tərəfindən imzalanmamış və icra qurumunun möhürü ilə təsdiq edilməmişdir. Daha sonra təhlil edilmiş iş materialları ilə müəyyən edilir ki, əgə 2014-cü il tarixdə hərracın keçirilməsi baş tutsaydı, tələbkar olan bank tərəfindən 2020-ci ildə yenidın hərracın keçirilməsi ilə bağlı icra şöbəsinə müraciət edilməzdi. Bankın icra şöbəsinə ünvanladığı bütün müraciətlərdən görünür ki, bank müraciətin əsası olaraq 01 mart 2012ci il tarixli çıxarışın mövcudluğuna istinad etmişdir. Məhkəmə qeyd edir ki, 2014-cü il tarixdə keçirilmiş hərracın hüquqi nəticəsi olaraq bank əmlakın mülkiyyətinə keçməsi ilə bağlı yeni çıxarış almalı idi. Lakin belə bir halın mövcud olması araşdırma zamanı müəyyən edilməmişdir. Beləliklə, nə qədər ki, 18 iyul 2014-cü il tarixdə keçirilmiş hərrac qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilməmişdir, onun nəticələrini özündə əks etdirən protokol və alqı-satqı müqaviləsi qanuni hesab edilə bilməz. Yekun olaraq məhkəmə qeyd edir ki, 18 iyul 2014-cü il tarixli Y-377 saylı hərracın yekunları barədə protokol və Pakistan Milli Bankının Bakı filialı ilə "xxxx" MMC arasında bağlanmış 18 iyul 2014-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız olduğundan iddia tələbi bu hissədə də təmin edilməlidir. Beləliklə yuxarıda istinad edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, ünvan 4n 30 saylı mənzilinin 63.750 manata Pakistan Milli Bankının Bakı filialına satılmasına dair 18 iyul 2014-cü il tarixli Y-377 saylı hərracın yekunları barədə protokol etibarsız hesab edilməli, Pakistan Milli Bankının Bakı filialı ilə "xxxx" MMC arasında bağlanmış 18 iyul 2014-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən Pakistan Milli Bankının Bakı filialının adına verilmiş MA seriyalı, ******* nömrəli 01 mart 2012-ci il tarixli çıxarış ləğv edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. ünvan 4n 30 saylı mənzilinin 63.750 manata Pakistan Milli Bankının Bakı filialına satılmasına dair 18 iyul 2014-cü il tarixli Y-377 saylı hərracın yekunları barədə protokol etibarsız hesab edilsin. Pakistan Milli Bankının Bakı filialı ilə "xxxx" MMC arasında bağlanmış 18 iyul 2014-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən Pakistan Milli Bankının Bakı filialının adına verilmiş MA seriyalı, ******* nömrəli (********** qeydiyyat nömrəli) 01 mart 2012-ci il tarixli çıxarış ləğv edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar