Məhkəmə qərarları › İş №2(011)-2819/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2819/2025

19.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2819/2025 19.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 2942-ci məhəllə, 24 saylı evin 74 saylı mənzilindən Cavabdeh ailə üzvləri və əşyaları ilə birlikdə məcburi çıxarılmaqla mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 2942-ci məhəllə, 24 saylı evin 74 saylı mənzili ona xx.xx.1993-cü ildə Bakı Baş Tikinti İdarəsinin 11 nömrəli İctimai Mədəni Tikinti İdarəsinin işçisi kimi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmışdır. Mənzildə bir müddət yaşadıqdan sonra kommunal şəraiti hazır olmadığından başqa ünvanda yaşamalı olmuş, 1999-cu ildə həmin mənzildə Cəbrayıl rayonu, Kərxulu kəndindən olan bir ailə məcburi köçkün kimi məskunlaşmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 2942-ci məhəllə, 24 saylı evin 74 saylı mənzilində qeydiyyatda heç kim yoxdur. xx.xx.1993-cü il tarixli, 011272 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri, Əhmədli qəsəbəsi, Neapol küçəsi, 24 saylı evin 74 saylı iki otaqlı mənzili İddiaçı (ailə üzvü kimi arvadı X2 qeyd edilməklə) Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmışdır. Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 29 saylı Sərəncamından görünür ki, 11 nömrəli İctimai Mədəni Tikinti trestinin aparatında işləyən İddiaçı və 1 nəfər ailə üzvünə-həyat yoldaşı X1 Bakı şəhəri, Neapol küçəsində yerləşən 24 nömrəli evin, sahəsi 36,04 kv.metr olan 2 otaqlı 74 nömrəli mənzili verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanunu:

5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir... Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, iş materialları ilə təsdiq olunur ki, mübahisəli mənzil İddiaçı qanuni sahibliyindədir. Odur ki, MM-nin 157.8-ci maddəsinə əsasən iddiaçı mülkiyyətçi olmasa da, qanuni əsasla əmlaka sahiblik edən şəxs kimi mülkiyyətçinin hüquqlarına malikdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehə onun məcburi köçkün statusunu nəzərə alaraq uzun müddət mənzilində yaşamasına icazə versə də, hazırda özünün maddi imkanı yaxşı deyil və mənzilə ehtiyacı var. Cavabdehdən mənzildən çıxmalarını tələb etməsinə baxmayaraq, cavabdehin heç bir qanuni əsas olmadan mənzildə yaşamağa davam etməsi onun əmlak hüququnun pozulmasına səbəb olmuşdur. Məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da göründüyü kimi məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir və müstəqil olaraq müvəqqəti məskunlaşmaya o halda yol verilir ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Haızrki halda da cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun əmlak hüquqlarını kobud şəkildə pozur. Odur ki, iddia tələbi cavabdeh tərəfindən mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, iddia tələbi Cavabdeh ailə üzvlərinin mənzildən çıxarılması hissəsində təmin edilə bilməz. Belə ki, həmin tələb qeyri-müəyyən şəxlərə qarşı yönəlmişdir. Halbuki, MPM-nin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Mülki işlər üzrə iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Məhkəmə qəbul etdiyi məhkəmə aktı ilə iş üzrə tərəf olmayan şəxslərin üzərinə hər hansı vəzifə qoya, iddiaçı tərəfindən cavabdeh qismində cəlb edilməmiş və dairəsi qeyri-müəyyən olan şəxslərə yönəlmiş iddia tələbini təmin edə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 2942-ci məhəllə, 24 saylı evin 74 saylı mənzili Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar