Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2832/2021 07.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 890 manat əsas, 200 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh nəqliyyat vasitəsi icarəyə verilmişdir. İcarə müqaviləsinin təminatı kimi İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanaraq, “Hyundai Elantra” markalı, **-VT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol vərəqəsinə əsasən, 27 mart 2020-ci il tarixdən 15 aprel 2020ci il tarixədək icarəyə verilmişdir, cavabdehin 40 manat cərimə, 600 manat icarə haqqı, 250 manat franşiza, ümumilikdə 890 manat borcu yaranmışdır. Lakin cavabdeh tərəfindən icarə müqaviləsinin müddəaları pozularaq müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilmir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40 manat cərimə, 600 manat icarə haqqı, 250 manat franşiza və 1.000 manat (icarə müqaviləsi 3.3) olmaqla, ümumilikdə 1.890 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40 manat cərimə, 600 manat icarə haqqı, 250 manat franşiza olmaqla, ümumilikdə 890 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesinin başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, 28 mart 2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan “Hyundai Elantra” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomaşını cavabdehin müvəqqəti istifadəsinə verməyi, cavabdeh isə icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə 15 aprel 2020-ci il tarixədək bağlanmışdır. Cavabdeh müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmiş, borcunu ödəməmişdir. Ona iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh 28 mart 2020-ci il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus nəqliyyat vasitəsini bir saatlıq icarə haqqı 40 manat olmaqla icarəyə götürərək razılaşdırılmış icarə haqqını ödəmək barədə öhdəlik götürmüş, lakin öhdəliyini lazımi qaydada icra etmədiyinə görə onun icarə haqqına görə borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan xidmət almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin xidmətin dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında xidmət almasına dair hüququndan istifadə etmiş, lakin həmin xidmətin dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğ 600 manat icarə haqqının qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cavabdehdən 250 manat franşiza məbləğinin tutulması hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, iş materiallarında olan "xxxx" Sığorta Şirkətinin 15 iyul 2020-ci il tarixli məktubundan görünür ki, "xxxx" Sığorta Şirkətində sığortalanmış “Hyundai Elantra” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil 27 mart 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər 300 manat, azadolma məbləği isə 250 manat təşkil etmişdir. Odur ki, iddiaçı ona məxsus avtomobilə dəymiş zərərin əvəzində 250 manat franşiza məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cavabdehdən 40 manat cərimənin tutulması hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 mart 2020-ci il tarixli cərimə protokolundan göründüyü kimi, Cavabdeh tərəfindən Ziya Bünyadov prospektində avtomobil ilə hərəkət edən zaman İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozulmuş və cavabdeh protokola əsasən 40 manat məbləğində cərimələnmişdir. Cərimə məbləği iddiaçı tərəfindən ödənilmişdir. Odur ki, iddiaçı həmin pul məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 40 manat cərimə, 600 manat icarə haqqı, 250 manat franşiza olmaqla, ümumilikdə 890 manat pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir, odur ki, cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 40 (qırx) manat cərimə, 600 (altı yüz) manat icarə haqqı, 250 (iki yüz əlli) manat franşiza olmaqla, ümumilikdə 890 (səkkiz yüz doxsan) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2832/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2832/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver