Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2838/2025 29.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhdazadə Mehri Polad qızının katibliyi, İddiaçı2, İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X2 qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik Hüquqi şəxsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “özəlləşdirmənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X2 qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik Hüquqi şəxsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “özəlləşdirmənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin (mənzilin) özəlləşdirilməsinə dair hüquqların daşınmaz əmlakın **********12-05101-093113 reyestr nömrəsində aparılmış ********** qeydiyyat nömrəsi və bunun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçılar İddiaçı2, İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə yazılı vəsatətlə müraciət edərək qeyd etmişdir ki, iddiaçılar iddia ərizəsində çıxarışın etibarsız hesab olunmasını tələb edirlər. İddiaçılar tərəfindən iddia ərizəsində göstərilən arqumentlər və təqdim olunan sübutlar göstərir ki, onların irəli sürdüyü tələb əsasən daşınmaz əmlakın dövlət qeydiyyatının düzgün aparılmaması ilə bağlıdır. Bu isə mahiyyəti üzrə inzibati orqanın fəaliyyəti və ya hərəkətsizliyi ilə bağlı tələb və mülahizələrdir. Mövcud məhkəmə təcrübəsinə və qanunvericiliyin tələblərinə uyğun olaraq çıxarışın ləğvi və ya etibarsızlığı ilə bağlı tələblərə yalnız o halda mülki məhkəmələrdə baxılır, həmin tələblər çıxarışın verilməsi üçün əsas olmuş mülki hüquqi əqdin mübahisələndirilməsi ilə bağlıdır. Hazırkı halda cavabdeh kimi göstərilmiş X1 yeganə fəaliyyəti sənədləri qeydiyyat orqanına təqdim etmək olmuşdur və o, çıxarışın verilməsində hüquqi və inzibati qərar qəbul edən orqan deyil. Belə olan halda onun bu mübahisədə cavabdeh qismində iştirakı hüquqi əsaslardan məhrumdur. Hazırkı iş üzrə cavabdehə qarşı yönəlmiş heç bir tələb mövcud deyildir. Çıxarışın verilməsi cavabdeh tərəfindən deyil, daşınmaz əmlakın dövlət reyestrini aparan səlahiyyətli dövlət orqanı tərəfindən həyata keçirilmişdir. Eyni zamanda iddiaçılar tərəfindən təqdim olunan iddia tələblərində onların həmin daşınmaz əmlak üzrə subyektiv hüquqlarının pozulması barədə hər hansı əsaslı hüquqi və ya faktiki məlumat göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 51.1-ci maddəsinə əsasən, mülki iş üzrə iddia qaldırmaq hüququ yalnız mübahisələndirilən hüquq və ya marağın birbaşa daşıyıcısı olan şəxsə məxsusdur. Əmlak cavabdehin xüsusi mülkiyyətidir və iddiaçıların həmin əmlak üzərində hər hansı əşya hüquqları mövcud deyildir. Göstərilənlərə əsasən, hazırkı iddia tələbi iddia qaldırılan məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi və ərizənin geri qaytarılması xahiş edilmişdir. Məhkəmənin iclası barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik Hüquqi şəxsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmənin hazırlıq iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktlarının qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. İnzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati orqanların nəinki inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı, həm də faktiki xarakterli digər fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2-ci maddəsinə müvafiq olaraq qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir, inzibati məhkəmə icraatı qaydasında həmçinin inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında iddialara baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında məhkəmə qərara almışdır ki:
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İddiaçılar cavabdeh qismində X3 göstərərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik Hüquqi şəxsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmasını xahiş etsələr də, iddia ərizəsinin məzmunundan və iddiaçıların izahatından müəyyən olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin özəlləşdirməsinin qanunsuz aparıldığına əsaslanaraq, həmin mənzilin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik Hüquqi şəxsi tərəfindən hüquqların daşınmaz əmlakın **********12-05101-093113 reyestr nömrəsində aparılmış ********** qeydiyyat nömrəsi və bunun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini tələb edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmişdir “İnzibati orqanların Təsnifatına” uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi inzibati orqanlara aid edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı hazırkı mübahisənin predmetini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia ərizəsində irəli sürülən iddia tələbi ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin (mənzilin) özəlləşdirilməsinə dair hüquqların daşınmaz əmlakın **********12- 05101-093113 reyestr nömrəsində aparılmış ********** qeydiyyat nömrəsi və bunun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, yəni inzibati orqanın qanunsuz hərəkətləri ilə bağlı olduğu üçün iş üzrə icraata xitam verilməli və iddiaçılara izah olunmalıdır ki, İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada iddia ərizəsini tərtib edərək, inzibati icraat qaydasında inzibati orqana qarşı müvafiq inzibati məhkəməyə müraciət edə bilər. MPM-nin 262.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.1-ci maddəsinə əsasən barədə məhkəmə qərardad çıxarır. MPM-nin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə r a r a a l d ı:
İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X2 qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik Hüquqi şəxsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “özəlləşdirmənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçılara eyni tələblə müvafiq inzibati məhkəməyə müracət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Sədrlik edən: İlahə Abbasova