Məhkəmə qərarları › İş №2(011)-2843/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2843/2022

01.08.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2843/2022 01.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi İddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqı və məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh hüquqi şəxsdən 90 gün üçün ödənişli məzuniyyətin əvəzində məbləğin hesablanaraq iddiaçının xeyrinə tutulması, əlavə işlədiyi 816 saat üçün məbləğin hesablanıb iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırlmışdır ki, iddiaçı 2017-ci ildə Azərbaycan Texniki Universtitetin nəzdində olan Bakı Texniki Kollecin qiyabi şöbəsinin Nəqliyyat Vasitələrinin texniki istismarı fakültəsinə daxil olmuşdur. 2018-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmış və 2019-cu ilin oktyabr ayında isə həqiqi hərbi xidmət sıralarından təxris olunmuşdur. xx.xx.2019-cu ildə Cavabdeh-də əmək müqaviləsi üzrə işə başlamışdır. Təhsil aldığı Bakı Texniki Kollecindən işlədiyi Cavabdeh –yə hər dəfə arayış təqdim etdiyinə baxmayaraq, həmin arayışlara məhəl qoyulmamış və iddiaçıya ödənişli təhsil məzuniyyəti verilməmişdir. Bu səbəbdən iddiaçı məcbur olaraq təhsildən kənar qalmamaq üçün öz hesabına 3 dəfə məzuniyyət götürmüşdür. Ödənişli təhsil məzuniyyət verməmək üçün bəzi hallarda iddiaçıya düşən məzuniyyət həmin təhsil dövrünə salmışdır. Bundan başqa bildirir ki, gündüz növbəsində 10 saat, gecə növbəsində 14 saat işlədiyinə baxmayaraq, iş saatı bütün növbələr üçün 9 saat hesablanmış və iddiaçı işlədiyi müddətə görə əmək haqqı tam verilməmişdir. İddiaçı təqribən, 36 ay işləyib. Hər ay orta hesabla 17- 20 nöbvə işdə olmuşdur. Növbələrin sayı ümumilikdə 612 edir. Hər növbə iddiaçı orta hesabla 3 saat əlavə işləyib və bu saatlar üçün iddiaçı ödəniş edilməmişdir. Ümumilikdə iddiaçıya 1836 saat üçün əmək haqqı hesablanmalı və ödənilməlidir. Görünür ki, Cavabdeh MMC-nin səlahiyyətli əməkdaşları Azərbaycan Respublikası qanunvericiliyini kobud surətdə pozmuşdur. Belə ki, işəgötürənə ödənişli təhsil məzuniyyətinin verilməsi ilə bağlı təhsil müəssisəsindən təqdim olunmuş arayışa məhəl qoyulmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatları və mülki iş üzrə təqdim edilmiş sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia aşağıda göstərilənlərə görə əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iş materiallarında olan işçi - İddiaçı ilə işəgötürən - "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində bağlanılmış Əmək Müqaviləsinin surətindən görünür ki, işəgötürən işçini Cavabdeh MMC-nin YDM-də kassir-operator vəzifəsinə qəbul edir, işçi isə tutduğu vəzifə üzrə bu Müqavilədə müəyyən edilmiş əmək funksiyasını və əmək vəzifələrini yerinə yetirməyi öhdəsinə götürür. Tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar: - İşçi bu Müqavilənin 3-cü maddəsində göstərilən əmək funksiyasını işəgötürənin istehsalat zərurətindən asılı olaraq müəyyənləşdirəcəyi iş sahəsində yerinə yetirməlidir; - əmək müqaviləsi 1 il müddətinə bağlanılır; - işçi xx.xx.2019-cu il tarixdən işə başlayır; - həftə (ay) ərzində iş günlərinin (növbələrin) sayı, gündəlik (növbəlik) iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddətinə dair daxili qaydalar işəgötürən tərəfindən əmək qanunvericiliyinə müvafiq olaraq müəyyən edilir; - iş rejimi növbəlidir; - istirahət günləri növbəyə görə müəyyən edilir; - işçi bir dəfə əmək məzuniyyəti götürmək hüququna malikdir; məzuniyyətin müddəti Əmək Məcəlləsinə əsasən müəyyən edilir; məzuniyyətin dəqiq vaxtı işçi ilə işəgötürən arasında razılaşdırılmalıdır, işçi məzuniyyətdən iki həftə əvvəl işəgötürənə müvafiq bildiriş təqdim etməlidir; - ödənişsiz məzuniyyətdən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda işəgötürənin razılığı ilə istifadə edilir; - əmək haqqı, işlədiyi iş sahəsinin (məntəqəsinin) kateqoriyasında asılı olaraq müəyyən edilir; - işçinin hər ay ştat cədvəlinə uyğun əmək haqqı ödənilir; - əmək haqqından Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq gəlir vergisi və digər məcburi ödənişlər işəgötürən tərəfindən tutulur; - əmək haqqı bir dəfəlik ödəmə ilə, növbəti ayın birinci yarısında manatla ödənilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli X1 edilməsi ilə bağlı X2 surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də kassir-operatoru vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək bağlanılmış, işçinin aylıq əmək haqqı 390 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan X1 edilməsi ilə bağlı X2 surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də kassir-operatoru vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixindən bağlanılmış, işçinin aylıq əmək haqqı 479 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 5-4-2020 nömrəli əmrin surətindən görünür ki, şirkətin YDM-lərinin işçilərinin 1 iş günü üçün istirahət vaxtı kassir-operator üçün 3 saat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 2019-cu ilin noyabr ayının ştat cədvəlindən çıxarışdan görünür ki, Sumqayıt -1 YDM 05-də kassr-operator üçün əmək haqqı 390 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 2021-ci ilin noyabr ayının ştat cədvəlinndən çıxarışdan görünür ki, Hökməli YDM 100-də kassir-operator üçün əmək haqqı 479 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 2019-cu il üzrə iş vaxtının uçot tabeli və əmək haqqı cədvəlinin surətlərindən görünür ki, İddiaçı həmin ilin noyabr ayı üzrə əsas və əlavə işlədiyi 45 saat görə 133,58 manat, dekabr ayı üzrə əsas və əlavə 171 iş saatına görə 526,01 manat məbləğində əmək haqqı hesablanmışdır. İş materiallarında olan 2020-ci il üzrə iş vaxtının uçot tabeli və əmək haqqı cədvəlinin surətindən görünür ki, İddiaçı həmin ilin yanvar ayı üzrə əsas və əlavə 189 iş saatına görə 622,05 manat, fevral ayı üzrə əsas və əlavə 162 iş saatına görə 473,85 manat, mart ayı üzrə əsas və əlavə 171 iş saatına görə 575,74 manat, aprel ayı üzrə əsas və əlavə 144 iş saatına görə 425,10 manat, may ayı üzrə əsas və əlavə 180 iş saatına görə 600,11 manat, iyun ayı üzrə əsas və əlavə 90 iş saatına görə 604,72 manat, iyul ayı üzrə əlavə və əsas 126 iş saatına görə 376,35 manat, avqust ayı üzrə əlavə və əsas 180 iş saatına görə 540,15 manat, sentyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 581,12 manat, oktyabr ayı üzrə əsas və əlavə 180 iş saatına görə 546,75 manat, noyabr ayı üzrə əsas və əlavə 144 iş saatına görə 449,10 manat, dekabr ayı üzrə əsas və əlavə 160 iş saatına görə 608,90 manat məbləğində əmək haqqı hesablanılmışdır. İş materiallarında olan 2021-ci il üzrə iş vaxtının uçot tabeli və əmək haqqı cədvəlinin surətindən görünür ki, İddiaçı həmin ilin yanvar ayı üzrə əsas və əlavə 63 iş saatına görə 432,11 manat, fevral ayı üzrə əsas və əlavə 135 iş saatına görə 394,88 manat, mart ayı üzrə əsas və əlavə 180 iş saatına görə 633,74 manat, aprel ayı üzrə əsas və əlavə 162 iş saatına görə 542,54 manat, may ayı üzrə əsas və əlavə 180 iş saatına görə 635,95 manat, iyun ayı üzrə əsas və əlavə 99 iş saatına görə 325,60 manat, iyul ayı üzrə əlavə və əsas 162 iş saatına görə 535,27 manat, avqust ayı üzrə əlavə və əsas 207 iş saatına görə 810,34 manat, sentyabr ayı üzrə əsas və əlavə 162 iş saatına görə 568,08 manat məbləğində əmək haqqı hesablanılmışdır. 2020-ci il üzrə, 2021-ci ilin yanvar-sentyabr üzrə iş vaxtının uçot tabelindən görünür ki, işçi İddiaçı həmin dövr üzrə gündəlik iş saatları 9 saat olmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin 2021-ci ilin sentyabr ayının ştat cədvəlindən çıxarışdan görünür ki, Hökməli YDM 100-də kassr-operator üçün əmək haqqı 425 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 2019-cu ilin noyabr-dekabr, 2020-ci il üzrə, 2021-ci ilin yanvarsentyabr üzrə İş materiallarında olan Bakı Texniki Kollec tərəfindən verilmiş 08-35 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Texniki Universitetin nəzdində Bakı Texniki Kollecinin qiyabi şöbəsinin Nəqliyyat vasitələrinin texniki istismarı ixtisası üzrə 3-cü kurs 569-cu qrupunda təhsil alır. İş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatının MŞB/6-279 saylı xx.xx.2022-ci il tarixli X3 İştirak edilməməsi barədə arayışdan görünür ki, X3 iştirak etməyən Cavabdeh MMC-nin İddiaçı tərəfindən təsvir etdiyi kimi, əmək mübahisəsi olan ödənişli təhsil məzuniyyətinin ödənilməməsi mübahisəsi üzrə xx.xx.2022-ci il tarixdə 11:00- 11:15 saatlarında keçirilməsi nəzərdə tutulan X3 iştirak etmədiyini təsdiq etmək üçün verilir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 669/K saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı 05 saylı “Sumqayıt-1” YDM-nin kassir-operatoru xx.xx.2019xx.xx.2020-ci illərin iş dövrü üçün xx.xx.2020-ci il tarixdən 14 təqvim günü müddətinə növbəti əmək məzuniyyətinə buraxılmışdır. Zərərli əmək şəraitinə görə 6 gün əlavə edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 669/K saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı 86 saylı “Sumqayıt-1” YDM-nin kassir-operatoru xx.xx.2021ci il tarixdən xx.xx.2019-xx.xx.2020-ci illərin iş dövrü üçün 7 təqvim günü müddətinə, xx.xx.2020-xx.xx.2021-ci illərin iş dövrü üçün 4 təqvim günü müddətinə növbəti əmək məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 737/k saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı 86 saylı “Sumqayıt-3” YDm-nin kassir-operatoru öz xahişi ilə xx.xx.2021-ci il tarixindən 20 təqvim günü müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı ərizəsinin surətindən görünür ki, o, xx.xx.2021-ci il tarixindən 20 gün müddətinə öz hesabına məzuniyyətə buraxılması xahişi ilə müraciət etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 1562/k saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı 100 saylı “Hökməli” YDM-nin kassir operatoru Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı xx.xx.2021-ci il tarixli müraciətinə cavab olan xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, Cavabdeh MMC-də təhsil məzuniyyətinin verilməməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlandığı müraciətə X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırmaya "xxxx" MMC tərəfindən təqdim olunmuş sənədlərdən ərizəçinin xx.xx.2019-cu il tarixindən hal-hazırkı dövrədək əmək müqaviləsi üzrə kassir-operator vəzifəsində çalışdığı məlum olmuşdur. Eyni zamanda, cəmiyyət tərəfindən təqdim olunmuş məktubdan ərizəçiyə təhsil məzuniyyətinin verilməsi ilə bağlı heç bir sənəd təqdim etmədiyi məlum olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş sənədlərdən xx.xx.2019-cu il tarixindən halhazırkı dövrədək əmək müqaviləsi üzrə kassir-operator vəzifəsində çalışdığı məlum olmuşdur. Eyni zamanda, X5 Xidmətinin Bakı şəhəri İdarəsində verdiyi izahatında artıq iş saatları ilə bağlı sübutunun olduğunu qeyd etsə də bununla bağlı heç bir təsdiqedici sənəd təqdim edilməmişdir. Araşdırmaya cəmiyyət tərəfindən təqdim olunmuş əmək haqqı cədvəllərinə əsasən iş vaxtından əlavə işə cəlb edildiyinə görə əmək haqqına əlavələrin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanaraq ödənildiyi məlum olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş iş vaxtının cədvəli və iş qrafikinin surətləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsindən yazılı sübutlara dair müəyyən edilmiş tələblərə uyğun olmadığına görə, məhkəmə həmin sənədlər mötəbər sübut olaraq qəbul etmir. İş materiallarına əlavə edilmiş diskdə olan səs yazılarından İddiaçı tərəfindən ödənişli təhsil məzuniyyətinə buraxılması haqqında ərizənin Cavabdeh MMC-yə təqdim edildiyi təsdiq edilmir. Belə ki, həmin səs yazılarında iddiaçı bu hala istinad etsə də, həmsöhbətləri tərəfindən bu halı təsdiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərlmişdir ki, o, iddiaçının iş yoldaşı olub. Onlar "xxxx" LTD MMC-nin Sumqayıt-1 filialında təxminən 1 il müddət bir yerdə işləyiblər. O, "xxxx" LTD MMC-dən tez çıxıb. Belə ki, ona zorla ərizə yazdırıb işdən çıxardıblar. Onların işlədikləri iş saatı gündüz 10 saat yəni, saat 09:00-dan 19:00-a kimi, gecə isə 14 saat olub. Onlara istirahət vaxtı kimi 20 dəqiqə nahar, 10 dəqiqə çay fasiləsi verirdilər. İddiaçı işə nə vaxt qəbul edildiyi dəqiq yadında deyil. O, İddiaçı eşitmişdir ki, təhsil alır, imtahanları verir, təhsil məzuniyyətin verilməsi üçün müraciət edib, lakin onu təhsil məzuniyyətinə buraxmayıblar. Məhkəmə iddiaya cavabdeh hüquqi şəxsdən 90 gün üçün ödənişli məzuniyyətin əvəzində məbləğin hesablanaraq iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən işləməklə yanaşı təhsil alan işçilərə aşağıdakı ödənişli təhsil məzuniyyətləri verilir: a) müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün; b) dövlət imtahanlarını vermək üçün; c) diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün. Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə bu Məcəllənin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əmək haqqı ödənilir. Həmin Məcəllənin 138-ci maddəsinə əsasən bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 195-ci maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə içiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Yuxarıda istinad edilən qanunvericilik normalarını və iş üzrə təqdim edilmiş sübutları təhlil edərək, məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbinin təmin edilməsi üçün ilk öncə iddiaçı tərəfindən ödənişli təhsil məzuniyyətinə çıxması ilə əlaqədar işəgötürənə ərizənin təqdim edildiyi, buna baxmayaraq işəgötürən tərəfindən ödənişli təhsil məzuniyyətinin verilməsindən imtina edildiyi müəyyən edilməlidir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi bu hallar sübuta yetirilməmişdir. Belə ki, iddiaçı bu halla bağlı məhkəməyə təqdim etdiyi səs yazılarında onun təhsil məzuniyyətinin verilməsi ilə bağlı ərizənin təqdim etdiyi təsdiq olunmur, digər tərəfdən iddiaçının vəsatəti əsasında dindirilmiş şahid bu halla bağlı bildirdiklərini, iddiaçının özündən öyrəndiyini qeyd etmişdir. Digər tərəfdən cavabdeh tərəfindən təqdim edilmiş ərizənin surətindən də görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixində ödənişsiz məzuniyyət buraxılması ilə bağlı işəgötürənə müraciət etmişdir. Məhkəmə iddianın əlavə işlədiyi 816 saat üçün məbləğin hesablanıb iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsassız olduğuna görə təmin edilməməldir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: - əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; - əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh MMC-də işlədiyi 2019, 2020 və 2021-ci illərdə gündəlik iş saatlarının miqdarı 9 saat olmuş, işlədiyi 8 əsas və 1 əlavə iş saatında görə ona əmək haqqı hesablanaraq ödənilmişdir. İddiaçı gündüz növbəsində 10 saat, gecə növbəsində 14 saat işlədiyi iddia etsə də, istinad etdiyi bu halı təsdiq edəcək kifayət qədər mötəbər sübut məhkəməyə təqdim edməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qiymət verərək qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə qanunvericilikdə müəyyən edilmiş iddia müddətini ötürmədən müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının hüquqlarının pozulduğunu aşkar etdiyi gün, onun xx.xx.2021-ci il tarixində məzuniyyət hüquqlarının pozulması ilə, xx.xx.2021-ci il tarixində isə iş vaxtından artıq işə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət etdiyi gündür. Məhkəmə qeyd edir ki, iddia pul tələbi və ziyanın vurulması ilə bağlı olduğuna görə, hazırkı iddia ərizəsinə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq edilməlidir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə, həmin bir illik iddia müddətini ötürmədən xx.xx.2022-ci il tarixində müraciət etmişdir. Odur ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsi əsassız hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh hüquqi şəxsdən 90 gün üçün ödənişli məzuniyyətin əvəzində məbləğin hesablanaraq iddiaçının xeyrinə tutulması, əlavə işlədiyi 816 saat üçün məbləğin hesablanıb iddiaçıya ödənilməsi tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh hüquqi şəxsdən 90 gün üçün ödənişli məzuniyyətin əvəzində məbləğin hesablanaraq iddiaçının xeyrinə tutulması, əlavə işlədiyi 816 saat üçün məbləğin hesablanıb iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar