Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2845/2022 16.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi 1 saylı Texnoloji Nəqliyyat Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin gəlir vergisi kimi tutulan 863.34 manat məbləğin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Socar Nəqliyyat İdarəsi 1 saylı Texnoloji Nəqliyyat Departamentinin 01 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq yaşa görə əmək pensiyasına çıxma ilə əlaqədar iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. “ARDNŞ-də işçilərin əməyin ödənilməsinin təkmilləşdirilməsi” haqqında Azərbaycan Neft və Qaz Sənayesi işçiləri Həmkarlar İttifaqı Respublikası Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19ə saylı birgə əmr-qərarında göstərilmişdir ki, bu əmr-qərar verildiyi tarixdən, habelə 22 may 2009-cu il tarixdən etibarən və 7-ci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. İddiaçıya müəssisə tərəfindən ödənilən orta aylıq əmək haqqının 5 misli miqdarında birdəfəlik maliyyə vəsaiti işdənçıxma müavinətidir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən ona əmək haqqının beş misli miqdarında müavinət ödənilmişdir. Qanunvericiliyin tələbinə əsasən iddiaçıya ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq çıxılması qanunsuz və əsassızdır. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, izahatında iddiaçıdan 863,30 manat gəlir vergisi tutulduğunu bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən halları ondan ibarətdir ki, İddiaçı 03 oktyabr 2006-cı il tarixdə "xxxx" QSC-nin “Azəriqaznəql” İB Mərkəzləşdirilmiş təchizat bazasına 11-ci dərəcəli mühəndis vəzifəsinə qəbul edilmişdir. İddiaçı 01 avqust 2007-ci il tarixdə Təchizat və müqavilələrin icrası şöbəsinə 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmişdir. O, 28 oktyabr 2009-cu il tarixdə əmək müqaviləsinə əsasən bir il müddətinə üç aylıq sınaq müddəti ilə maddi texniki təchizat şöbəsinə 12-ci dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir. 01 avqust 2014-cü il tarixdə iddiaçı texniki istehsalat şöbəsinə rəis müavini vəzifəsinə təyin edilmişdir. 01 dekabr 2014-cü il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (yaşa görə təqaüdə çıxması) onunla bağlanmış əmək müqaviləsinə orta əmək haqqının beş misli məbləğində müavinət ödənilməklə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 175.4-cü maddəsinə görə, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı 01 dekabr 2014-cü il tarixədək ARDNŞ Nəqliyyat İdarəsi 1 saylı Texnoloji Nəqliyyat Departamentində texniki istehsalat şöbəsində rəis müavini vəzifəsində çalışmış, 01 dekabr 2014-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (yaşa görə əmək pensiyasına çıxma) xitam verilmişdir. Müqaviləyə xitam verilərkən iddiaçıya orta əmək haqqının beş misli məbləğində müavinət ödənilmişdir. İddiaçıya ödənilmiş müavinətdən 863,34 manat məbləğində gəlir vergisi tutulmuşdur. Məhkəmə qanunvericiliyin normalarına əsaslanaraq belə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya ödənilmiş birdəfəlik müavinətdən gəlir vergisi tutularkən qanunvericiliyin tələbləri pozulmuşdur. Ona görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə hqlıdır. Yuxarıda sadalananlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 863,34 manat pul vəsaiti alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9-cu maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə - əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentindən 863,34 (səkkiz yüz altmış üç manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2845/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2845/2022
16.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver