Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2874/2021 01.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx”KB ASC-nin Cavabdeh qarşı “mənzilin boşaldılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx”KB ASC Cavabdeh qarşı “mənzilin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2944a-da yerləşən, ümumi sahəsi 83,78 kv/m olan 2 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılması, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” KB ASC ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixli, 203AKN/07 saylı kredit müqaviləsinin təmin üsulu kimi cavabdehə məxsus olmuş “X4” MMC-nin emissiya etdiyi xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS 001299 saylı mənzil sertifikatı bankın xeyrinə girov qoyulmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli. 2(050)-849/2014 saylı qətnaməsi ilə mənzil sertifikatına tutmanın yönəldilməsi və sertifikatın hərracda satılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, “xxxx” MMC ilə “xxxx ” KB ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə mənzilin alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2944a-da yerləşən, ümumi sahəsi 83,78 kv/m olan 2 otaqlı mənzil bank tərəfindən 52912,5 manata alınmışdır. Mənzil bankın balansına keçmiş və üzərində faktiki olaraq sahiblik və istifadə hüquqları yaranmışdır. Belə olan halda, Cavabdeh mənzili tərk etmək vəzifəsi yaranmışdır. Ona görə də cavabdeh mənzildən çıxarılmalı və mənzil boşaldılaraq Banka təhvil verilməlidir. Hazırki halda isə Cavabdeh “xxxx" KB ASC-nin mülkiyyətində olan mənzilə qanunsuz sahiblik edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizələrində göstərilənlərə uyğun izahat verərək, iddia tələblərinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verib bildirdi ki, iddia tələbi əsaslıdır. Yaxın vaxtlarda məhkəmə tələb icra ediləcəkdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş üzrə tədqiq edilmiş subutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-849/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “xxxx" KB ASC-nin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, tutmanın girov predmetinə yönəldifməsi tələbinə dair iddiası təmin edilərək, cavabdehdən cəmi 28479,37 manat borcun və 30 manat dövlət füsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın cavabdehə məxsus olmuş “X4” MMC-nin emissiya etdiyi xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS 001299 saylı mənzil sertifikatına yönəldilməsi, satışından əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcunun ödəniiməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli “Hərracın yekunları barədə” protokolun və surətindən görünür ki, Cavabdeh məxsus “X4” MMC-nin emissiya etdiyi xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS 001299 saylı mənzil sertifikatı satılması üçün açıq hərraca çıxarılmış və hərracın nəticələrinə əsasən “xxxx" KB ASC tərəfindən əldə edilmişdir. Qeyd etmək lazımdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak sertifikatı fiziki və hüquqi şəxslər arasında yerləşdirilən, mülkiyyətçilərinə buraxılış şərtlərində müəyyən olunan şərtlərə əməl etdikləri təqdirdə, emitentdən tikintisi (yenidən qurulması) bu qiymətli kağızların yerləşdirilməsindən alınan vəsait hesabına maliyyələşdirilən binaların (mənzillərin, qeyri-yaşayış sahələrinin) onların mülkiyyətinə verilməsi yolu ilə ödənilməsini tələb etmək hüququ verən qiymətli kağızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2 və 157.4-cü maddələrini tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının x xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxxx 2014-cü il tarixli Qərarında mülkiyyət hüququ və onun müdafiəsi haqqında formalaşdırdığı hüquqi mövqeyinə görə “Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır(Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə xx xxxx 2012-ci il tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvrericiliyin göstərilən müddəalarını nəzərə alaraq qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2944a-da yerləşən, ümumi sahəsi 83,78 kv/m olan 2 otaqlı mənzilə dair Cavabdeh məxsus olmuş “X4” MMC-nin emissiya etdiyi xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS 001299 saylı mənzil sertifikatı məhkəmə qətnaməsi əsasında keçirilmiş hərracın nəticələrinə əsasən iddiaçı “xxxx" KB ASC tərəfindən əldə edildiyinə, Cavabdeh həmin mənzildən istifadə etməsi və orada yaşamasının heç bir hüquqi əsasının qalmaması sübut olunduğuna iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.4-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı “xxxx”KB ASC-nin balansına alınmış Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2944a-da yerləşən, ümumi sahəsi 83,78 kv/m olan 2 otaqlı mənzildən çıxarılsın və həmin mənzil boşaldılsın. İddianın qaldırılması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “xxxx”KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2874/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2874/2021
01.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver