Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2875/2020 08.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 21, 84 saylı mənzilini xx xxxxxxx 2014-cü il tarixli müqavilə əsasında X1 almışdır. O, hal-hazırda mənzilin mülkiyyətçisidir. Ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2014-cü il tarixdə çıxarış verilmişdir. İddiaçının qardaşı olan Cavabdeh həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. İddiaçı onun əvəzinə kommunal xidmətləri ödəməli olur. Bu da iddiaçının mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan sənədlərlə təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 21, 84 saylı mənzil iş üzrə iddiaçı olan İddiaçı mülkiyyət hüququ üzrə məxsusdur. İş üzrə Cavabdeh mənzilin sahibinin qardaşı olmaqla sözügedən mənzildən köçmüş, lakin formal olaraq həmin mənzildə qeydiyyatda qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 10 saylı Cəzaçəkmə Müəssisəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, hazırkı mülki iş üzrə iddia ərizəsinin surəti cəzaçəkmə müəssisəsində cəzasını çəkən cavabdehə xx xxxx 2020-ci il tarixdə təqdim edilmiş və cavabdeh iddiaya yazılı münasibətini bildirmişdir. Qeyd edilən ərizə məktuba qoşma olaraq əlavə edilmiş və məhkəməyə göndərilmişdir. Ərizənin mətnindən görünür ki, cavabdeh iddia tələbini etiraf edir və mənzildən çıxarılmasına etiraz etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən mənzil bağışlama müqaviləsinə əsasən iddiaçıya onun anası tərəfindən hədiyyə edilmişdir. İddiaçı əmlak üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmış və xx xxxxxx 2014-cü ildə Çıxarış əldə etmişdir. İş materiallarından göründüyü kimi cavabdeh iddiaçının qardaşıdır. Mənzilin keçmiş mülkiyyətçisi isə hər iki tərəfin anasıdır. Mənzilin mülkiyyətçisinin dəyişməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4cü maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Hazırkı iş üzrə cavabdeh iddia tələbini etiraf etməklə mənzilə dair hər hansı iddiasının olmadığını qəbul etmişdir. Odur ki, məhkəmə iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 21 saylı evin 84 saylı mənzilindən istifadə hüquqları itirilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2875/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2875/2020
08.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver