Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2912/2022 06.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(011)-2912/2022 saylı qərardadından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(011)-2912/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə) “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” barədə ilkin iddiasına, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “cavabdehdən aldıqları torpaq sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi üçün paket sənədlərə aid qəbzlərin və ödəniş tapşırıqlarının onlara təqdim edilməsi” barədə qarşılıqlı iddiasına dair mülki işin baxılması üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(011)-2912/2022 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda tərəflər arasında mübahisə hər hansı sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, tərəflərin qarşılıqlı olaraq öz öhdəliklərini icra etməməsi ilə bağlı iddiaları, o cümlədən ilkin iddia üzrə iddiaçı tərəfindən torpaq sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi üçün paket sənədlərə aid qəbzlərin və ödəniş tapşırıqlarının təqdim edilməsi ilə bağlıdır. Bu mahiyyətcə birmənalı şəkildə sahibkarlıq sahəsindən irəli gələn mübahisə deyil. Məhkəmə şikayətin dəlillərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mübahisələndirilən qərardadın qəbulunda hansı qanun pozuntularına yol verilməsi əsaslandırılmamış, yalnız tərəflərin arasındakı mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığına istinad edilmiş və məhz bu əsasla işin ümumi məhkəmənin yurisdiksiyasına aid olmasına istinad edilmişdir. Məhkəmə mübahisələndirilən qərardadla tərəflər arasında olan münasibətlərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmasını müəyyən etmiş və işin aidiyyətinin Kommersiya Məhkəməsi olmasını qənaətinə gəlmişdir. Odur ki, şikayət əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 32.5-ci maddəsinə görə, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə dair birinci instansiya məhkəmələrinin qərardadlarının 2020-ci ilin 1 yanvar tarixindən əvvəlki dövrdə qəbul edilməsindən asılı olmayaraq, onlardan verilmiş şikayətlərə MPM–in 3.1-ci maddəsinin tələblərindən irəli gələrək apelyasiya instansiyası məhkəmələrinin hazırda baxma səlahiyyəti olmadığından şikayətlər aidiyyəti üzrə baxılması üçün Ali Məhkəməyə göndərilməlidir. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(011)-2912/2022 saylı qərardadından verilmiş şikayət rədd edilməli, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(011)-2912/2022 saylı qərardadından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət rədd edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(011)-2912/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2912/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2912/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver