Məhkəmə qərarları › İş №2(011)-2934/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2934/2023

13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2934/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 6 saylı Bakı Asan Xidmət Mərkəzində 25 dekabr 2022-ci il tarixdə qeydə alınmış 2715 saylı nikahın etibarsız sayılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə 2022-ci ilin yay aylarında qohumlar vasitəsilə tanış olmuşdurlar, onların İmişli rayonunda nişan mərasimi olmuş, daha sonra cavabdehlə 25 dekabr 2022-ci il tarixində 6 saylı Bakı Asan Xidmət Mərkəzində 2715 saylı rəsmi nikahları qeydə alınmışdır, hazırda onunla xasiyyətləri düz gəlmir, nişanlı olduqları dövrdə ailə qurmaq niyyətləri olub, lakin daha sonra görmüşdürlər ki, onlar ailə qura bilməzlər, 2022-ci ilin dekabr ayında rəsmi nikaha daxil olmuşdurlar, lakin nikahdan sonra münasibətin alınmadığını görmüşdürlər, gəlin köçüb və cavabdehlə birlikdə yaşamamışdır, aralarında olan nikah formal olmuşdur, hazırda nikahın etibarsız hesab olunmasını istəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddiaçının izahatına uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçı ilə Cavabdeh arasında 25 dekabr 2022-ci il tarixində 6 saylı Bakı Asan Xidmət Mərkəzində 2715 saylı rəsmi nikah qeydə alınmışdır, iddia tələbi ilə məhkəməyə müraciət etmələrinə səbəb cavabdehdir, nikahdan sonra məlum olmuşdur ki, cavabdeh xəstədir və onun ailə qurması qızının da belə xəstəliyə tutulmasına səbəb olar bilər. Sonda iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə 25 dekabr 2022-ci il tarixində 6 saylı Bakı Asan Xidmət Mərkəzində 2715 saylı rəsmi nikahları qeydə alınmışdır, onunla münasibətləri ilk vaxtlardan yaxşı olmuşdur, aralarının dəyməsinə səbəb isə iddiaçının atası olmuşdur, belə ki, özündə xəstəlik tapılmışdır, “Qiçs” xəstəliyindən əziyyət çəkir, “Asan xidmət” mərkəzində bu hal aşkar olunmuşdur, onu xəstəxanaya aparmış, kitabça açılmışdır, iddiaçının da bundan məlumatı olmuş, orada bu halla razılaşmışdır, daha sonra o, atasına da bu barədə məlumat vermiş, atası da razılaşmış, nikah üçün qeydiyyat şöbəsinə getmişdirlər, lakin daha sonra onlar rayona getmiş və razılaşmadıqlarını bildirmişlər, qızın bu məsələyə razılığı olmuşdur, onun razılıq ərizəsi belə vardır, bu kitaba da düşmüşdür, iddiaçı ilə rəsmi nikahda olsalar da, toy mərasimi olmamışdır, ümumiyyətlə birlikdə yaşamamışdırlar, hazırda boşanmaq istəmir, iddia tələbi ilə razı deyildir. Sonda Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının, onün nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 25 dekabr 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 545689 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2022-ci il tarixində nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2715 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Qarayev”, arvada “Qarayeva” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Sabirabad 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. 50 manat Mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş **********5122022 №-li nikah haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah bağlanmış, onlara AZ-İİ seriyalı 545689 saylı xx.xx.2022-ci il tarixli şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş “Nikaha daxil olmaq haqqında” ərizənin əsli ilə düz surətindən görünür ki, kişi Cavabdeh və qadın İddiaçı xx.xx.2022-ci il tarixdə nikaha daxil olmaq haqqında ərizədə qeyd olunan məlumatları bildirmişdir, onlar qeydiyyyat orqanında nikahın, həmçinin nikah müqaviləsinin bağlanması qaydası və şərtləri, o cümlədən nikahın bağlanmasına mane olan hallarla tanış edilmiş, onlara ər-arvadın hüquq və vəzifələri izah olunmuşdur. Bir-birlərinin tibbi müayinəsinin nəticəsi və ailə vəziyyəti haqqında məlumatları vardır və nikahlarının bağlanmasına mane olan hallar yoxdur. Nikahın qeydiyyatı xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş “nikaha daxil olmaq istəyən şəxsin tibbi müayinədən keçdiyi barədə” A220167595 №-li Arayışın əsli ilə düz surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.1-ci maddəsinə əsasən tibbi müayinədən keçmiş və ona müvafiq məsləhətlər verilmişdir. İş materiallarına əlavə edilmiş “nikaha daxil olmaq istəyən şəxsin tibbi müayinədən keçdiyi barədə” A220167587 №-li Arayışın əsli ilə düz surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.1-ci maddəsinə əsasən tibbi müayinədən keçmiş və ona müvafiq məsləhətlər verilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2022-ci il tarixdə nikaha daxil olmaq üçün ərizə ilə qeydiyyat şöbəsinə müraciət etmişdirlər, onlar qanunvericiliklə müəyyən olunmuş mərhələlərdən (tibbi müayinə və s.) keçməklə xx.xx.2022-ci il tarixində 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2715 № ilə qeyd aparılmışdır, nikah bağlanarkən tərəflərin hər ikisi Azərbaycan Respublikasında müəyyən olunmuş nikah yaşına, yəni 18 yaşa çatmışdırlar, iddiaçı qeyd olunan nikah barədə məlumatlı olmuş, öz könüllü iradə ifadəsi ilə bu nikahın bağlanmasına razı olmuşdur, hazırda iddiaçı cavabdehlə ailə qurmaq məqsədinin olmaması əsası ilə nikahın etibarsız hesab olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, cavabdeh iddia tələbini qəbul etmir. Bununla belə, nikahın etibarsızlığına əsas verən qanunvericiliklə nəzərdə tutulmuş hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddiaçının “nikah bağlanarkən ailə qurmaq niyyətinin olmaması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla bu, sübutetmə yükü ilə bağlıdır, lakin iddiaçı, bu halların, yəni ailə qurmaq niyyətinin olmaması, ər-arvad kimi yaşamamaları və birgə təsərrüfat idarə etməmələri barədə sübutları məhkəməyə təqdim etməmişdir. İkincisi, nikah, hüquqi əhəmiyyəti olan fakt olaraq qeydə alındığı andan hüquqi nəticələrə səbəb olduğundan, onun etibarsızlığı halları da mötəbər sübutlardan asılı olmaqla, nikah münasibətlərindən ehtimal olunan hüquqi nəticələrin istisnasının şübhə doğurmayan hallarına mütənasib olaraq qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının dəlilləri formal mülahizələrdən ibarətdir və bunlar, tərəflər arasında bağlanmış və qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış nikahın özü-özlüyündə etibarsız hesab edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Bununla belə məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (rayon (şəhər) qeydiyyat şöbələri) xitam verilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Həmin Konstitusiyanın 34-cü maddəsinin İİ hissəsinə əsasən, nikah könüllü razılıq əsasında bağlanır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Həmin Konstitusiyanın 34-cü maddəsinin İİİ hissəsinə əsasən, nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən, üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Həmin Məcəllənin 12.0-cı maddəsinə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar)(m.12.0.1.); övladlığa götürənlər və övladlığa götürülənlər(m.12.0.2); ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər (m.12.0.3); tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər (m.12.0.3-1); ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər(m.12.0.4). Həmin Məcəllənin 13.7-ci maddəsinə əsasən, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Həmin Məcəllənin 25.1-cı maddəsinə əsasən, bu Məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “L.Axundovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 fevral 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməli, İddiaçı Cavabdeh qarşı “aralarında 6 saylı Bakı Asan Xidmət Mərkəzində 25 dekabr 2022-ci il tarixdə qeydə alınmış 2715 saylı nikahın etibarsız sayılması barədə” iddia tələbi rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan və hazırki iddia tələbi isə rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360- cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aralarında 6 saylı Bakı Asan Xidmət Mərkəzində 25 dekabr 2022-ci il tarixdə qeydə alınmış 2715 saylı nikahın etibarsız sayılması barədə” iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar