Məhkəmə qərarları › İş №2(011)-295/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-295/2022

11.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-295/2022 11.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçı Ərizəçi2, cavabdeh X1, cavabdeh Maraqlı şəxs3 iştrakı ilə, İddiaçılar Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 cavabdehlər ünvan 1, 2 saylı Bakı Maraqlı şəxs2 Notariat Ofisinə, X4, X11 və Maraqlı şəxs3 qarşı “miras paydan imtinaya dair ərizələrin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 cavabdehlər ünvan 1, 2 saylı Bakı “Asan xidmət ” mərkəzinin Notariat Ofisinə qarşı “miras paydan imtinaya dair ərizələrin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.04.2021-ci il tarixli, 8İ- 4207 reyestr nömrəli **********207 saylı, 24.04.2021-ci il tarixli, 8İ-4199 reyestr nömrəli **********199 saylı və 24.04.2021-ci il tarixli, 8İ-4198 reyestr nömrəli **********198 saylı ərizələrin etibarsız hesab edilməsi, 26.12.2020-ci il tarixdə ölmüş X6 miras qalmış əmlakdan onlara çatası miras paydan X1 xeyrinə imtina edilməsinin qeyd edilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdırlar ki, X17 26.12.2020-ci il tarixdə vəfat etmişdir. Birinci dərəcəli vərəsələri olaraq həyat yoldaşı Ərizəçi1 və birgə nikahdan doğulmuş qızları X7 və Ərizəçi3 miras əmlakdan onlara düşən paydan qanun üzrə vərəsə X1 xeyrinə imtina etməyi qərarlaşdırmışdır. Sonra ünvan 1 rəsmi qaydada müraciət edərək mərhum X6 miras qalmış əmlaka dair paylarından X1 xeyrinə imtina etmişlər. Notariat ofisində dəfələrlə miras paydan Məhəmmədin xeyrinə imtina etdiklərini bildirsələr də, sonradan məlum olmuşdur ki, notariat orqanı tərəfindən səhvə yol verilərək mirası qəbul etməkdən kimin xeyrinə imtina etdikləri göstərilməmişdir. Bu hal isə inandırıcı deyil, əgər Məhəmmədin xeyrinə imtina etmirdilərsə, niyə mirası qəbul etməkdən imtina etməli idilər. 43 saylı Notariat Ofisinə rəsmi qaydada müraciət edərək, texniki səhvə yol verildiyini, imtina barədə ərizədə düzgün qeyd olunmadığını bildirmiş, həmin texniki səhvin düzəldilməsini xahiş etmişlər. Bakı şəhəri 43 saylı Notariat ofisi 16.07.2021-ci il tarixli 1868 saylı, 1869 saylı və 1870 saylı imtina məktubları göndərərək qeyd etmişdir ki, X12 adına “qanun üzrə vərəsəlik hüququ haqqında açılışın” 2 saylı Bakı Asan Xidmət” Mərkəzində açdıdığını nəzərə alaraq ora müraciət edilməlidir. Yenidən 2 saylı Bakı Maraqlı şəxs2 otariat Ofisinə rəsmi qaydada müraciət edərək texniki səhvin düzəldilməsini xahiş etmiş, 09.08.2021-ci il tarixli 1976 saylı, 26.08.2021-ci il tarixli 2113 saylı və 26.08.2021-ci il tarixli 2114 saylı imtina məktublarında qeyd edilmişdir ki, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Halbuki, ərizəni geri götürmür, ərizədə notariat orqanı tərəfindən yol verilmiş texniki səhvin aradan qaldırılaraq miras paydan X1 xeyrinə imtina edilməsinin göstərilməsini xahiş etmişlər. Mirasdan imtina barədə ərizənin məzmunundan xəbərsiz (məlumatsız) olmuşlar. Bu səbəbdən də mirasdan imtina barədə ərizə etibarsız hesab edilməlidir. Daha sonra iddiaçılar iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək X1, X8 və Maraqlı şəxs3 mülki işə cavabdeh qismində cəlb olunmalarını, Ərizəçi1 Bakı şəhəri 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair 24.04.2021-ci il tarixli, 8İ-4207 reyest nömrəli, **********207 saylı, Ərizəçi2 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair 24.04.2021-ci il tarixli, 8İ-4166 reyest nömrəli, **********199 saylı və Ərizəçi3 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair 24.04.2021-ci il tarixli, 8İ-4198 reyest nömrəli, **********198 saylı ərizələrin etibarsız hesab edilməsi, Bakı "ASAN xidmət" mərkəzi notariat ofisi tərəfindən X1 adına verilmiş, 22.11.2021-ci il tarixli, reyestrdə 2V-1011 nömrə ilə qeyd edilmiş, X8 və Maraqlı şəxs3 adına verilmiş 26.07.2021-ci il tarixli, reyestrdə 2V-608 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Ərizəni onunla əsaslandırmışdırlar ki, hazırda məlum olmuşdur ki, Bakı şəhəri 43 saylı notariat ofisi müraciətlərinə cavab məktubundan müəyyən olunmuşdur ki, X8 və Maraqlı şəxs3 adlarına 2 saylı Bakı "ASAN Xidmət mərkəzində notariat ofisində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi2 iddia ərizəsini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X9 izahatında göstərmişdir ki, atası X17 26.12.2020-ci il tarixdə vəfat etmişdir. Anası Ərizəçi1 Heybulla qızı, bacıları X7 və Ərizəçi2 onlara düşən miras əmlakından onun xeyrinə imtina etməyi qərarlaşdırmış, ünvan 1 rəsmi qaydada müraciət edərək, miras əmlaka dair paylarından onun xeyrinə imtina etmişdirlər. Dəfələrlə notariat ofisində paylarından onun xeyrinə imtina etdiklərini bildirmişlər. Başqa vərəsələrin olubolmaması barədə onlara heç bir sual verilməmişdir. Lakin sonradan məlum olmuşdur ki, miras qalan əmlakdan düşən paydan onun xeyrinə imtina etdikləri halda, notariat orqanı tərəfindən səhvə yol verilmiş, kimin xeyrinə paydan imtina etdiklərini ərizədə göstərilməmişdir. X8 və Maraqlı şəxs3 daha əvvəl 2 saylı Bakı “ASAN Xidmət” ıərkəzində notariat ofisinə vərəsəlik işinin açılması barədə müraciət etmələrindən məlumatı olmamışdır. Mirasla bağlı razılaşmağa çalışmışlarq, çünki atasının 25.000-27.000 manat borcu värdır. Ona görə də, xahiş etmişdir ki, paylarından imtina etsinlər, o da, miras əmlakı sataraq, atasının borcunu bağlasın. Üstəlik atası onların hər birinə Zaqatala rayonunda iki mərtəbəli ev tikdirib. Lakin razılaşa bilməmişlər, əksinə onlar miras qalan əmlakdan öz paylarını tələb etdilər. Anasının və bacılarının, X16 və Maraqlı şəxs3 ilə münasibətləri olmayıb. Sadəcə atası öləndən sonra, onun ruhu xətrinə qısa müddətlik münasibətləri yaxşılaşmışdıri Göstərilənlərə əsasən, iddia tələblərini qəbul ettiyini bidirdi və təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs3 izahatında göstərdi ki, mübahisə ilə bağlı aralarında danışıqlar olsa da, heç bir nəticə verməmişdir. Mərhum atası X6 miras qalmış əmlakın 6 nəfər birinci dərəcəli vərəsə arasında bölünməli olmasını bildiyin göstərdi və iddianın təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. 10.12.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin nümayəndəsi X14 izahatında göstərmişdir ki, iddiaçıar ünvan 1 X6 qalan miras əmlakına dair paylarından imtina edilməsi barədə ərizə ilə müraciət etmişlər. Lakin digər vərəsələr, X16 və Maraqlı şəxs3 barəsində notariusa heç bir məlumat verilməmişdir. Texniki səhv olaraq, 43 saylı notariat ofisində iddiaçıların müraciəti əsasında vərəsəlik işi açılmış, sonradan müəyyən edilmişdir ki, X16 və Maraqlı şəxs3 daha əvvəl 2 saylı Bakı Maraqlı şəxs2ndə notariat ofisinə vərəsəlik işinin açılması barədə müraciət etmişlər. Bu səbəbdən, 43 saylı notariat ofisində açılmış notariat işi aidiyyəti üzrə 2 saylı Bakı Maraqlı şəxs2ndə notariat ofisinə göndərilmişdir. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın eəbulundan imtina edə bilər. Qeyd olunan üç aylıq müddət ötürüldüyündən, imtina ərizəsində konkret şəxsin adının göstərilməsi mümkün deyil. İmtina barədə ərizədə verilərkən, imtina olunmuş payın ərizə verməyən şəxsə keçməsi başa düşülür. Göstərilənlərə əsasən, mülki işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq digər iddiaçılar Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.4-cü maddəsinə əsasən işə gəlməyən iddiaçıların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdehlər X16, Bakı şəhəri 43 saylı Notariat ofisinin və 2 saylı Bakı “Asan Xidmət mərkəzi” Notariat ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Bakı şəhəri 43 saylı Notariat ofisi və 2 saylı Bakı “Asan Xidmət mərkəzi” Notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24.04.2021-ci il tarixli, 8İ-4207 reyest nömrəli, **********207 saylı, 24.04.2021-ci il tarixli, 8İ-4166 reyest nömrəli, **********199 saylı və 24.04.2021-ci il tarixli, 8İ-4198 reyest nömrəli, **********198 saylı ərizələrin surətindən görünür ki, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 26.12.2020-ci ildə vəfat etmiş X6 onlara çatası miras paydan imtina etdiklərini, heç bir pay istəmədiklərini və adlarının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiklərini göstərmişdirlər. Ərizələr Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmişdir. Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tərəfindən ünvan 1 ünvanlanmış ərizələrin məzmunundan görünür ki, iddiaçılar 26.12.2020-ci ildə ölmüş X6 irs qalmış əmlakdan onlara çatası miras paydan imtina etmələri barədə ərizələrdə miras paydan kimin xeyrinə imtina etmələrinin öz əksini tapmadığını, əslində paydan X2 xeyrinə imtina etmək istədiklərini göstərərək, ərizələrdə “X10 mənə irs qalmış əmlakdan mənə çatası miras paydan qardaşım X1 xeyrinə imtina edirəm” sözlərini düzəliş etməyi xahiş etmişdirlər. ünvan 2 ünvanladığı 16.07.2021-ci il tarixli 1868 saylı, 1869 saylı və 1870 saylı məktublardan görünür ki, iddiaçıların müvafiq müraciətlərinə cavab olaraq vərəsənin mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəsini geri götürə bilmədiyi əsas gətirilmiş, miras qoyan X12 adına “qanun üzrə vərəsəlik hüququ haqqında açılışın" Bakı 2 saylı Bakı Maraqlı şəxs2ndə açıldığını nəzərə alaraq, ora müraciət etməli, əks halda məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tərəfindən 2 saylı Bakı “Asan Xidmət mərkəzi” Notariat ofisinə ünvanlanmış ərizələrin məzmunundan görünür ki, iddiaçılar 26.12.2020-ci ildə ölmüş X6 irs qalmış əmlakdan onlara çatası miras paydan imtina etmələri barədə ərizələrdə miras paydan kimin xeyrinə imtina etmələrinin öz əksini tapmadığını, əslində paydan X2 xeyrinə imtina etmək istədiklərini göstərərək, ərizələrdə “X10 mənə irs qalmış əmlakdan mənə çatası miras paydan qardaşım X1 xeyrinə imtina edirəm” sözlərini düzəliş etməyi xahiş etmişdirlər. 2 saylı Bakı “Asan Xidmət mərkəzi” Notariat ofisinin iddiaçılara ünvanladığı 09.08.2021-ci il tarixli 1976 saylı, 26.08.2021-ci il tarixli 2113 saylı və 26.08.2021-ci il tarixli 2114 saylı məktublardan görünür ki, iddiaçıların müvafiq müraciətlərinə cavab olaraq vərəsənin mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəsini geri götürə bilmədiyi əsas gətirilmiş, əks halda məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. 08.04.2021-ci il tarixli ərizənin surətindən görünür ki, Maraqlı şəxs3 2 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinə müraciət edərək, 26.12.2020-ci il tarixdə vəfat etmiş atası- X6 Bakı şəhəri, Xətai rayonu,İlqar Həbibov küçəsi, ev 62/4, q0 saylı mənzilin miras qaldığını, özündən başqa vərəsəsi X8 olduğunu göstərmiş, göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Mirasın qəbulu barədə 24.04.2021-ci il tarixli ərizənin surətindən görünür ki, X9 ünvan 1 müraciət edərək, 26.12.2020-ci il tarixdə vəfat etmiş atası- X6 irs qalmış Bakı şəhəri, Xətai rayonu,İlqar Həbibov küçəsi, ev 62/4, q0 saylı mənzili qəbul etdiyini, özündən başqa vərəsələri Ərizəçi1, Ərizəçi3 və X3 olduğunu göstərmiş, göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İddiaçıların paydan imtina barədə ərizələri əlavə edilmişdir. 27.05.2021-ci il tarixli ərizənin surətindən görünür ki, X16 2 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinə müraciət edərək, 26.12.2020-ci il tarixdə vəfat etmiş atası- X6 Bakı şəhəri, Xətai rayonu,İlqar Həbibov küçəsi, ev 62/4, q0 saylı mənzilin miras qaldığını, özündən başqa vərəsəsi Maraqlı şəxs3 olduğunu göstərmiş, göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən 2 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinə ünvanlanmış 28.04.2021-ci il tarixli məktubun surətindən görünür ki, 26.12.2020ci il tarixdə ölmüş X12 adına texniki səhv şəbindən 24.04.2021-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisində təkrar vərəsəlik işi aldığı bildirilmiş və həmin vərəsəlik işi ilə bağlı qəbul edilmiş sənədlər 2 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinə göndərilmişdir. 26.07.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 26.12.2020-ci il tarixdə vəfat etmiş X12 vərəsələri qızı Maraqlı şəxs3 və oğlu X13r və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 27.04.2021 tarixdə X4 verilmiş **********17-05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, ev 62/4, ümumi sahəsi 66.31 kv/m olan 10 saylı mənzildən ibarətdir. Qeyd: Miras əmlakın 1/3 hissəsinə dair gələcəkdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş və reyestrdə 2V -608 nömrə ilə qeyd edilmişdir. 26.11.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 26.12.2020-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi oğlu X5r və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 27.04.2021 tarixdə X4 verilmiş **********17-05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, ev 62/4, ümumi sahəsi 66.31 kv/m olan 10 saylı mənzildən ibarətdir. Qeyd: Miras əmlakın 2/3 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş və reyestrdə 2V -1011 nömrə ilə qeyd edilmişdir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, 26.12.2020-ci il tarixdə ölmüş X6 Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, ev 62/4, ümumi sahəsi 66.31 kv/m olan 10 saylı mənzil miras qalmışdır. Miras qoyanın birinci dərəcəli vərəsələri arvadı Ərizəçi1, qızları- Ərizəçi3, X7 və Maraqlı şəxs3, oğulları– X9 və X13r. Ərizəçi1, Ərizəçi3 və X7 ərizə ilə notariat orqanına müraciət edərək, miras əmlakdan onlara düşən paydan X1 xeyrinə imtina etmişdirlər. Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu X15 həmin ərizələri təsdiq edərkən, ərizəçilərin miras paydan X1 xeyrinə imtina etmələrini bildirmələrinə baxmayaraq, Mülki Məcəllənin 1256-cı maddəsinə əsaslanmaqla ərizələrdə vərəsələrin miras paydan kimin xeyrinə imtina olunmasını göstərməmişdir. Nəticə də, imtina ərizələri nəzərə alınmadan miras qalmış Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, ev 62/4, ümumi sahəsi 66.31 kv/m olan 10 saylı mənzildən Maraqlı şəxs3, X9 və X16 hər biri 1/3 hissədə pay almışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Həmin Məcəllənin 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 83-cü bəndinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin1261-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1268.1-ci maddəsinin tələbinə görə vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə görə notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Eyni tələb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 6-cı bəndində də təsbit olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.06.2018-ci il tarixli 261 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”na yeni məzmunda 16-1-ci hissə əlavə edilmişdir. Həmin əlavəyə görə, müqavilənin bağlanılmasına üçüncü şəxsin ərizə əsasında verdiyi icazə (qabaqcadan verilmiş razılıq) müqavilə rəsmiləşdirilənədək, birinci ərizəni inkar edən yeni məzmunlu ərizə verməklə həmin şəxs tərəfindən səbəbləri göstərilməklə ləğv edilə bilər. Ərizədən imtina etmiş şəxs bu barədə maraqlı şəxslərə məlumat verməlidir. Ərizənin məzmununa münasibətdə verilmiş ikinci ərizədə əvvəlki ərizənin təsdiq edildiyi tarix, reyestr nömrəsi və notariat ofisinin adı göstərilməli, onu verən şəxs tərəfindən imzalandıqdan sonra bu sənəddə imzanın həqiqiliyi notariat qaydasında təsdiq olunmalı və “Elektron notariat” informasiya sistemində yerləşdirilməlidir. Bu qayda notariat qaydasında təsdiq olunmuş digər ərizələrdən imtina edilməsi zamanı da tətbiq olunur. Təlimatın 35-ci bəndinə görə isə, notarius, əgər notariat hərəkətlərinin aparılması qanuna ziddirsə, hərəkət başqa notariat orqanı tərəfindən aparılmalıdırsa, notariat hərəkətinin aparılması üçün fəaliyyət qabiliyyəti olmayan şəxs, yaxud lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etmişsə, hüquqi şəxsin adından bağlanan əqd onun nizamnaməsində və ya əsasnaməsində göstərilən məqsədlərə ziddirsə, qanunun tələblərinə uyğun olmayan əqd bağlanmışsa, sənədlər qanunvericiliyin tələblərinə uyğun gəlmirsə və ya sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar varsa, əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun gəlmirsə, notariat hərəkətlərini aparmaqdan imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin sadalanan normalarını və onların şərh edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, 26.12.2020-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, ev 62/4, ümumi sahəsi 66.31 kv/m olan 10 saylı mənzildən özlərinə çatacaq paydan X1 xeyrinə imtina edilməsi ilə bağlı birinci növbə vərəsələr miras qoyanın arvadı Ərizəçi1, qızları- Ərizəçi3 və X3 ərizələri təsdiq edilərkən, Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu X15 tərəfindən, Mülki Məcəllənin 1256-cı maddəsinə əsaslanmaqla ərizələrdə vərəsələrin miras paydan kimin xeyrinə imtina olunmasının göstərilməməsi, nəticə də, iddiaçıların iradə ifadəsinin zədələnməsi, sərbəst iradə ifadəsinə əsaslanmayan və hazırda mübahisələndirilən ərizələrin etibarsızlığı məhkəmə iclasında işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə tam olaraq sübuta yetirilmişdir. Ona görə də, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, qeyd olunan ərizələr etibarsız hesab edilməklə, onların yaratdığı hüquqi nəticələr ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçılar: Ərizəçi1 Bakı şəhəri 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair 24.04.2021-ci il tarixli, 8İ-4207 reyest nömrəli, **********207 saylı; Ərizəçi2 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair 24.04.2021-ci il tarixli, 8İ-4166 reyest nömrəli, **********199 saylı; Ərizəçi3 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair 24.04.2021-ci il tarixli, 8İ-4198 reyest nömrəli, **********198 saylı ərizələri etibarsız hesab edilsin. Bakı "ASAN xidmət" mərkəzi notariat ofisi tərəfindən 22.11.2021-ci il tarixdə X1 adına verilmiş və reyestrdə 2V-1011 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 26.07.2021-ci il tarixdə X8 və Maraqlı şəxs3 adlarına verilmiş və reyestrdə 2V- 608 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar